ManşetSiyasət

“Hökumət maraqlı olmadıqca, müsbətə doğru dəyişiklik çətin baş versin” (MÜSAHİBƏ)

Oktyabrın 11-də AŞPA-nın Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusu müzakirə edilib.(Threats to life and safety of journalists and human rights defenders in Azerbaijan).Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyalı deputat Hanna Bardelli məruzəçi təyin edib.

Avropa Şurasının Monitorinq komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi seçib. Bu Norveçin Əmək Partiyasından (Labour party) Liz Kristoferson-dı.Monitorinq Komitəsi ona 5 illik mandat verib. Xanım Liz Kristoferson Azərbaycanda demokratiya, insan haqları, korrupsiya, seçki sahəsində baş verəcək bütün nöqsanları monitorinq altında saxlayacaq.Bundan əvvəl isə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak olub.

Bu vaxta qədər Azərbaycanla bağlı bir çox AŞPA-nın təyin etdiyi məruzəçilər və həmməruzəçilər olub. Andreas Qross, Andreas Herkel, Pedro Aqramunt, Stefan Şennak, Kristof Ştrasser və digərləri. Bu məruzəçilərin hansının işini effektiv hesab etmək olar?

Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev ASTNA-nın suallarını cavablayıb:

* * *

– Xalid bəy, AŞPA-da Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı yeni məruzəçi təyin olundu. Sizcə indi məhz bu sahədə buna ehtiyac var idimi?

-Azərbaycan monitorinq altında olan ölkələrdən biridir. Avropa Şurasına üzv ölkələrin bu qurumun standartlarına əməl etmək öhdəliyi var, belə missiyaların işi problemli ölkələri araşdırmaq, durumu izah edən əhatəli sənədlər hazırlamaqdır. Təəssüflər olsun ki, Azərbaycanda bu sferada kifayət qədər iri problemlər mövcuddur. Artıq 8 ildir ki, QHT-lərin, vətəndaş cəmiyyəti qurumlarının fəaliyyət mühitini ciddi ölçüdə təsirləndirən, onların fəaliyyətini iflic edən qanunvericilik dəyişiklikləri qəbul edilib, qüvvədədir. Həmin dəyişikliklər Azərbaycanı AŞ standartlarından xeyli uzağa daşıyıb. Jurnalistlərin, medianın fəaliyyət mühitinin əlverişsiz olması da heç kimə sirr deyil. İllərdir ki, bu sahədə problemlər var, onlar çözülmür, əksinə, durum daha da pisləşməkdədir. Jurnalistlərin, medianın xeyrinə olan qanunlar işləmir. Bu azmış kimi, bütün Avropa məkanında ən pislərindən sayılan yeni “Media haqqında” qanun qəbul edilib. Həm media sahəsində, həm vətəndaş cəmiyyəti qurumları sahəsindəki düzənləmələrin AŞ ölçülərinə uyğun olmaması Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarında dəfələrlə vurğulanıb. Bütün qeyd edilənlər AŞ qarşısındakı öhdəliklərimizə əməl edilməsində çox ciddi problemlərin olmasından xəbər verir. Belə durum çoxdan idi ki, monitorinqi zəruri edirdi. Məruzəçinin təyin edilməsi gecikmiş addımdır. Bu addım daha öncə atılsa, bəlkə də neqativ tendensiyaları əngəlləmək və ya xeyli cilovlamaq, yubatmaq, önləmək olardı.

– Bundan əvvəl bu sahədə məruzəçi olmayıb. Hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı ən repressiv dövrdə belə bu sahə üzrə məruzəçi olmayıb. Bəs niyə məhz indi?

– Ümid edək ki, bu missiyanın fəaliyyəti ortadakı problemlərin xeyli dərəcədə aradan qaldırılmasına səbəb olacaq. Təyinatın niyə indi gerçəkləşməsinə gəlincə, bunun səbəbləri müxtəlif ola bilər. Bəlkə bizim təsir imkanlarımız zəifləyib. Hökumət istər media ilə, istərsə də digər problemli sahələrlə bağlı tez-tez müxtəlif qanunlar, sənədlər qəbul edir və Avropa qurumlarında bunların problemlərin həllinə yönəldiyini geniş təşviq edir. Məsələn, Azərbaycanda hüquq müdafiəçilərinin, jurnalistlərin siyasi motivlərlə həbsi Avropa Məhkəməsinin qərarlarında öz təsdiqini tapıb. Belə qurbanların sayı 15-dən çoxdur. AİHM-in həmin qərarlarının icrası kontekstində Azərbaycan Ali Məhkəməsinin Plenumu 2 il əvvəl çox yaxşı qərar qəbul etmişdi. Bu, yeni və mütərəqqi təcrübə idi. Ancaq hökumət onu seçmə üsulla tətbiq edir. Sərt tənqidçilərinə münasibətdə həmin təcrübə işləmir. Belə nümunələrdən görünən odur ki, müxtəlif addımlar atılır, amma həmin addımlar ölçülü-biçili, durumu dəyişməyə yox, günü keçirməyə yönəlik addımlardır. Reallıq odur ki, durum yaxşılaşmaq əvəzinə daha da pisləşir. Ola bilsin, artıq belə görüntü xarakterli addımların əsl üzü hər kəsə bəlli olur, yaxud, durumu görməzdən gəlmək artıq mümkün olmur.

– Avropa Şurasının Monitorinq komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi də seçib. Bu Norveçin Əmək Partiyasından Liz Kristoferson-dı. Ümumiyyətlə, bu vaxta qədər Azərbaycan üzrə hansı sahələrdə məruzəçilər olub? Və onların işini effektiv hesab etmək olarmı? Və ya onlardan hansının gördüyü işi effektiv hesab etmək olar?

– İndiyədək təyin edilmiş məruzəçilər demokratik təsisatların durumu, siyasi məhbus məsələsi və digər müxtəlif sahələr üzrə monitorinq aparıblar. Avropa Şurasının ölkələrdəki durumu incələməsi üçün əldə olan aləti budur. Ancaq bu alətin Azərbaycanda effektiv nəticələrə gətirdiyini söyləmək olmur. Baxmayaraq ki, çoxsaylı məruzəçilər olub, ciddi sənədlər hazırlanıb, qəbul edilib, ancaq konkret götürülmüş hansısa sahədə ciddi, oturuşmuş tərəqqinin əldə olunmasından danışmaq mümkün deyil.

-Dediyiniz kimi məruzəçilərin və ya həmməruzəçilərin təyin olduqları sahələr üzrə bu vaxta qədər müsbətə doğru heç nə dəyişməyib. Belə olduğu halda məruzəçilərə və ya həmməruzəçilərə ehtiyac varmı?

-Tərəqqi, yaxşılaşma yalnız məruzəçilərdən asılı məsələ deyil. Elə məruzəçi olub ki, hökumət yerdəki durumu incələmələri üçün onların Azərbaycana səfər etmələrinə belə imkan verməyib. Azərbaycana səfər edən, ətraflı araşdırmalar aparan, əhatəli sənədlər hazırlayanlar, problemləri aydın ortaya qoyanlar da çox olub. Ancaq həmin sənədlərdə müəyyən edilən problemlər həllini tapmayıb. Bu, daha geniş spektrin, vətəndaş cəmiyyətinin, siyasi partiyaların, başlıcası, hökumətin fəal iştirakı ilə mümkün ola bilər. Hökumət maraqlı olmadıqca, müsbətə doğru dəyişiklik çətin baş versin. AŞ-ın məcbur etmə mexanizmləri də var. Ancaq qlobal şərtlər baxımından, onların işə düşməsi asan görünmür.

– Məruzəçiyə ehtiyac olmaması üçün AŞPA və ya hökumət tərəfindən hansı addımlar atılmalıdır?

– Məruzəçi o zaman təyin olunur ki, konkret sahələrdə ciddi problemlər mövcud olur, onların aradan qaldırılmasına yönəlik addımlar yubandıqca yubanır. Məruzəçilərə ehtiyac olmamasının şərti odur ki, problemlər həll edilsin, olmasın. Ancaq Azərbaycan hökuməti monitorinq edilən sahələrdəki problemləri davamlı olaraq, inkar edir, həm media, həm demokratik təsisatların durumu ilə bağlı hər şeyin qaydasında olduğunu ifadə edir. Konkretləşdirsək, məruzəçi təyin edilmiş sahələrdə irəliləməyin yolu çox mürəkkəb deyil. Vətəndaş cəmiyyəti qurumlarının, hüquq müdafiəçilərinin fəaliyyət mühiti yaxşılaşdırılmalıdır. Bunun üçün ən azı qanunvericilik sistemi 10 il əvvəlki duruma qaytarılmalıdır. Media, jurnalistlərlə bağlı məsələyə gəldikdə, Avropa Məhkəməsinin bu sahə ilə əlaqəli qərarları sistemli şəkildə icra edilməli, medianı tənzimləyən qanunlar dəyişdirilməlidir.

Bənzər yazılar

Back to top button