Siyasət

30 illik fəaliyyəti səmərəsiz olan həmsədrlərin yersiz canfəşanlığı – ŞƏRH

ATƏT-in Minsk qrupunun həmsədrləri beş aydan sonra üzə çıxıb. Bu quruma daxil olan bəzi ölkələr, o cümlədən həmsədrlər Azərbaycanla bağlı yeni oyuna başlayıb.

Ötən müddət ərzində bu qurumun təmsilçiləri iki dəfə bölgəyə səfər ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki, 2021-ci il martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Hər iki görüş Azərbaycan üçün heç bir əhəmiyyət daşımayıb. Onda dövlət başçısı həmsədrlərin diqqətinə bunları da çatdırmışdı: “Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi. …Sizi dinləyirəm, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm”. Prezident İlham Əliyev Ann Lindenə demişdi: “Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey – şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq”. Dövlət başçısı bununla ATƏT rəsmisinə münaqişənin bitdiyini, yeni şəraitin yarandığını bildirib. Ann Linden isə cavabında demişdi: “Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik. Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir. Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür”.

ATƏT rəsmisi bu çıxışdan sonra Qarabağdakı separatçı rejimin qalıqlarından olan qondarma “xarici işlər naziri” David Babayanla Yerevanda görüşüb. Görüşdə Anjey Kaspşik, həmçinin qondarma rejimin Ermənistandakı “daimi nümayəndəsi” Sergey Qazaryan da iştirak edib. Ann Linden bununla da yeni oyuna strat verib. Bu oyunun davamı olaraq aprelin 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) birgə bəyanat yayıblar. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan ordusunun bölgədən çıxması, sülhməramlılara ehtiyac qalmaması üçün görüləcək işlər və başqa bu kimi məsələlərə toxunmadan dolayısı yolla köhnə bayatını oxuyublar. Sənəddə həmsədrlər davamlı sülhə nail olunması, etimad mühitinin yaradılması, hərbi əsirlər və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması, münaqişə bölgələrinin təsirli şəkildə təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi, beynəlxalq humanitar təşkilatların nümayəndələri də daxil olmaqla Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin qaldırılması, dini və mədəni irsin qorunması, münaqişəyə cəlb olunan icmalar arasında birbaşa təmaslar və iş birliyinin qurulması, eləcə də insanlar arasında etimad yaratmaq üçün başqa tədbirlər görülməsindən bəhs edblər. Bildirilib ki, qarşılıqlı etimad mühitini yaratmaq məqsədilə ərazilərin təsirli minalardan təmizlənməsi üçün lazımi məlumatların mübadiləsi vacibdir.

Sanki həmsədrlər bölgə ilə bağlı ilk dəfə bəyanat verirlərmiş kimi çıxış ediblər. ABŞ, Fransa, Rusiya və başqa ölkələrin xeyriyyə təşkilatları Qarabağda separatçılara yardım edib səngər qazanda, bunkerlər tikəndə, ərazilər minalananda, məscidlər dağıdılanda, azərbaycanlılara məxsus yaşayış evlərinin daşı daş üstündə qalmayanda, yer adları erməniləşdiriləndə, Şuşada separatçı rejim nümayəndələri “andiçmə” mərasimi keçirəndə, Ermənistan rəsmiləri Şuşaya və Azərbaycanın işğal altında olan bölgələrinə səfərlər edəndə ATƏT-in həmsədrləri hara baxırdı? Yaxud Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyəndə həmsədr ölkələr niyə ona beynəlxalq hüququ xatırlatmırdılar. Necə olubsa, ATƏT-in həmsədrlərinin yadına Qarabağdakı mədəni abidələr düşüb. Halbuki vaxtilə ATƏT-in Faktaraşdırıcı Missiyası işğal olunmuş ərazilərə səfər edərək burada mədəni abidələrin dağıdıldığını təsdiqləmişdi. Onda qurum və həmsədr ölkələr bununla bağlı heç bir tədbir görmədilər.

Azərbaycan Ordusu torpaqlarını işğaldan azad edəndən sonra ATƏT-in həmsədrlərinin fəaliyyətsizliyi, ermənilərin özbaşınalıqlarına göz yummaları, Qarabağda xeyriyyəçilik adı altında fəaliyyət göstərən sponsorların əməlləri göründü. Məlum oldu ki, ATƏT kimi təşkilatların yumşaq ifadə etsək, laqeydliyi, ermənilərə üzügörənliyi nəticəsində xeyriyyəçilər Qarabağda mina “əkilməsinə” “humanitar yardım” edirmiş. ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqlandın “The International Conflict Resolution Center”ə verdiyi son açıqlaması qurumun iç üzünü açmağa kifayət edir: “Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı, içərisi dolu barı olan, heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və Yerevanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü”.

ATƏT-in nümayəndələri Qarabağda, təmas xəttində 30 ilə yaxın müddət ərzində montorinqlər keçiriblər. Ancaq onlar heç vaxt ərazilərin minalanmasına etiraz etməyiblər. Onların bu istiqamətdə fəaliyyətsizliyi səbəbindən 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 14 nəfəri mülki şəxs olmaqla Azərbaycanın vətəndaşı 20 nəfər həlak olub, 86 nəfər yaralanıb.

Bəs ATƏT-in Minsk qrupunun Qarabağda nə işi var? Yoxsa ermənilərin sponsorları Qarabağda yenidən münaqişəni qızışdırmağa hazırlaşırlar? Danışıqların predmeti yoxdur. BMT-nin uyğun qətnamələri icra olunub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Belə bir şəraitdə həmsədrlərin vasitəçiliyinə ehtiyac qalmır. İmza atanlar arasında Rusiya nümayəndəsinin adının olması təəccüblüdür. O, regionda tam yeni bir reallığın yarandığını, vətəndaşı olduğu Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirildiyini unudub. Fransa isə İkinci Qarabağ müharibəsində iç üzünü göstərdi. O, birmənalı şəkildə işğalçını müdafiə etdi, ona hərbi və canlı qüvvə ilə yardım göstərdi. Bu baxımdan Fransa vasitəçi sifəti ilə obyektiv və tərəfsiz sayılmır.

Bir məsələni də qeyd edək. Dünyadakı münaqişələr BMT-nin 5 daimi üzvünün monopoliyası səbəbindən həll edilmir. Bu, Qarabağın 30 il işğal altında qalması ilə də təsdiqini tapıb. Son illər Türkiyə beynəlxalq arenada çox fəal aktor rolunda çıxış edir. Bu baxımdan onun da prosesə fəal qoşulmasına və həmsədrlərdən biri olmasına razılıq verilməlidir. Bu günlərdə ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisinin müavini Corc Kent “Türk irsi” qeyri-hökumət təşkilatının internet-seminarındakı çıxışında bildirib: “Ola bilsin ki, Rusiya Dağlıq Qarabağ ətrafında münaqişənin tənzimlənməsinə deyil, onun qalmasına cəhd göstərir”. Burada “Rusiya”nın yerinə ATƏT-in Minsk qrupunun və həmsədrlərin də adını yazmaq olar. C.Kent vurğulayıb ki, ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayanmasını alqışlayır: “İndiyədək münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupu çərçivəsində davam edib. Hesab edirəm ki, bu mexanizmin qarşısında indi bəzi çağırışlar durur. Fəaliyyətimizi (həmsədrləri nəzərdə tutur – red.) davam etdirməyə doğrudan maraq varmı?..”

Qrupun tarixi ATƏM-in (sonra ATƏT adlandı) Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, münaqişənin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 29 ildir bu qurum artıq münaqişə sayılmayan bir problemlə məşğul olur. Hadisələr sübut edir ki, vasitəçilər öz siyasi mövqe və baxışları əsasında məsələyə yanaşırlar. Bu yanaşma isə Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən qızışmasına və iki ölkə arasında sülhün yaranmasına mane ola bilər. Odur ki, ATƏT-in Minsk qrupu kimi qurumların Azərbaycan ərazisində fəaliyyət göstərməsinə ehtiyac qalmayıb.

Sədrəddin İsmayılov

Bənzər yazılar

Back to top button