Paşinyan Lələtəpəyə hücumdan danışdı – “Məqsəd Azərbaycan qoşunlarını mühasirəyə almaq idi…”

by Aztoday Xəbər Portalı

Aprelin 14-də Ermənistan parlamentində hökumətin 2020-ci ildəki fəaliyyətilə bağlı hesabat verən Baş nazir Nikol Paşinyana 44 günlük müharibədə həyata keçirilən uğursuz əməliyyatlar barədə suallar verilib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, müstəqil deputat Taqui Tovmasyan Paşinyandan Lələtəpə yüksəkliyinə hücum əmrinin kim tərəfindən verildiyinə aydınlıq gətirməsini istəyib.

Paşinyan cavabında bu uğursuz əməliyyata görə məsuliyyəti ordu rəhbərliyinin və adını çəkmədiyi bir generalın üzərinə atıb: “Deyirlər ki, bu qərarı guya mən vermişəm. Bu, tam cəfəngiyyatdır. Bu təklifin və keçirilən əməliyyatın müəllifi bir general olub. Onun fikrincə, belə bir əməliyyat bizim üçün məqbul idi. Bu təklif generallar tərəfindən müzakirə edildi və onlar tərəfindən qərar qəbul olundu. Mən bu müzakirələrə moderatorluq etdim və ümumiyyətlə fikir bildirmədim”.

Ehtimal olunur ki, Paşinyanın dediyi general sabiq Baş Qərargah rəisi Onik Qasparyan, ya da onun çevrəsindən olan başqa bir şəxsdir.

O, “ən yüksək rütbəli hərbçinin” də mövqeyini soruşduğunu bildirib. Və “çox yaxşı ideyadır” cavabını alıb.

Daha sonra deputatlardan birinin sorğusuna cavab olaraq Paşinyan detalları da açıb, bildirib ki, əməliyyatın planı videorabitə ilə Onik Qasparyanla müzakirə edilmişdi və o da “faktiki olaraq” ideyanı bəyənmişdi.

Lakin Paşinyanın sözlərinə görə, planın bütün mənası heç də təkcə “Lələtəpə”ni almaq deyildi, “daha qlobal” vəzifə qarşıya qoyulmuşdu-Cəbrayıla doğru irəliləyən Azərbaycan qoşun hissələrinin əsas qüvvələrlə əlaqəsini kəsmək və onları “meşoka salmaq”.

Paşinyan əməliyyat planının “Birinci Qarabağ müharibəsinin tanınmış iştirakçılarından biri tərəfindən” irəli sürüldüyünü (qondarma “dqr müdafiə naziri” olmuş general Samvel Babayan nəzərdə tutulur,-red.) deyib.

Ermənistan baş nazirinin sözlərinə görə, əməliyyatın ilk bir neçə saatı uğurlu olmuşdu, amma daha sonra tank bölmələrindən biri öz döyüş vəzifələrini yerinə yetirmədi. Həmin bölməyə isə “hazırda fəal müxalifət fəaliyyəti ilə məşğul olan yüksək rütbəli hərbçinin oğlu” (keçmiş müdafiə naziri Seyran Ohanyan nəzərdə tutulur,-red.) komandirlik edirdi.

Beləliklə, Paşinyanın dediklərinə əsasən, Ermənistan ordusunun cənub cəbhəsində belini qıran planı Samvel Babayan irəli sürüb, Onik Qasparyan “faktiki dəstəkləyib”, Ohanyanın oğlu isə iflasa uğradıb. O özü isə ali baş komandan olaraq “moderatorluq” edib.

Plan isə ilk baxışdan “dahiyanə” görünə bilərdi-axı birinci Qarabağ müharibəsi ərzində erməni işğalçı qüvvələri məhz bu taktikadan istifadə edərək cənubda Azərbaycan könüllü batalyonlarını və yeni formalaşan ordu bölmələrini mühasirəyə sala bilmişdi. Bəs indi?

İndi isə Azərbaycan generalları həm də birinci müharibənin dərslərini nəzərə alaraq düşmənin özünü “meşoka saldı”. Belə ki, bir neçə günlük şiddətli döyüşlər zamanı Azərbaycan ordusu düşmənin müdafiə xəttini əvvəlcə Füzulinin Alxanlı kəndi istiqamətindən yardı və bir neçə kilometr irəliləyərək düşməni üçüncü müdafiə eşalonuna geri sıxışdırdı. Lakin daha sonra qoşunların irəliləməsi çətin idi-çünki düşmən həmin istiqamətdə yüksəkliklərdə möhkəmlənmişdi və oradan hücum edən qüvvələri intensiv artilleriya atəşinə tuturdu, tank əleyhinə raketlərdən istifadə etməklə texnikanın irəliləməsinin qarşısını ala bilirdi.

Belə olanda Azərbaycan qoşunları Araz çayı sahili boyu düşmənə təzyiqləri artırdı və Cəbrayıla gedən avtomobil yolu üzərində yerləşən erməni mövqelərini darmadağın edərək rayon mərkəzinə doğru irəliləməyə başladı, Füzuli istiqamətində hücum isə nisbətən səngidi. Azərbaycan qoşunları yol boyu irəliləyərək Cəbrayılın bir neçə kəndini işğaldan azad edəndən və rayon mərkəzinə yaxınlaşandan sonra görünür düşməndə belə primitiv plan meydana çıxdı-sağ cinahdan əks hücuma keçərək “Lələtəpə”ni götürmək və oradan Cəbrayıla doğru irəliləyən Azərbaycan qoşunlarını faktiki mühasirə vəziyyətinə salmaq.

Əlbətdə, Azərbaycan ordusunun komandanlığı bu variantı hesablamışdı və düşmənin həmin əks hücumu onu darmadağın etmək üçün əla fürsət yaratdı. Çoxsaylı erməni bölmələri müdafiə mövqelərindən çıxaraq tankların dəstəyi ilə “Lələtəpə”yə tərəf irəliləməyə cəhd edəndə onlara belə şərait yaradıldı, ardınca Azərbaycan ordusunun hazır vəziyyətdə gözləyən artilleriya və reaktiv yaylım atəşi sistemləri düşmənin piyada bölmələrini darmadağın etdi.

Onun tanklarını və digər zirehli texnikasını isə həm havadan, həm qurudan dəqiq zərbələrlə sıradan çıxardı. Cəmi bir neçə saat ərzində düşmən döyüş meydanında 800-dən çox meyit qoyub geri qaçmalı oldu,, ümumilikdə yaralılarla birlikdə 1500-2000-ə qədər itki verdi. Və erməni generallarının köhnəlmiş sovet hərb taktikasına əsaslanan bu planı tam iflasa uğradı, düşmənin döyüş ruhu xeyli dərəcədə sındı. İndi isə onlar günahı bir-birlərinin üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışırlar.

Erməni mətbuatı isə bu məsələ ilə bağlı yazır ki, Lələtəpə yüksəkliyinin Azərbaycan Ordusundan geri alınmasını Paşinyanın arvadı Anna Akopyan tələb edib. Və indiyə qədər bu barədə yayılan xəbərlər təkzib olunmayıb.

“AzPolitika.info”

Bənzər Yazılar