Hadisə

Məhkəmə Qubad İbadoğlunu tibb müəssisəsinə köçürməkdən imtina etdi

Dekabrın 19-da Nərimanov Rayon Məhkəməsi həbsdə olan iqtisadçı Qubad İbadoğlunun Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsi barədə vəsatəti təmin etməyib.

AzToday.az “Turan”a istinadən xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova məlumat yayıb.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Tibb İdarəsinin nümayəndəsi bildirib ki, Qubad İbadoğlunun səhhəti normaldır və tibb müəssisəsinə köçürməyə ehtiyac yoxdur:

“Qubad İbadoğlu məhkəmədə iştirak edib və səhhətilə bağlı xüsusi nüansları məhkəmənin diqqətinə çatdırıb. O deyib ki, müalicəyə, davamlı həkimə ehtiyacı var. Həkimlər onu İstintaq Təcridxanasında müalicə edə bilmirlər. Ciddi müalicə üçün xəstəxanaya köçürülməlidir. Ancaq Baş Tibb İdarəsinin nümayəndəsi bununla razılaşmayıb”.

Xatırladaq ki, Q.İbadoğlunu iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.

İstintaqın gedişində – avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.
Noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.

Bənzər yazılar

Back to top button