Siyasət

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Oktyabrın 31-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, öncə iki ölkə ordularının Baş Qərargah rəisləri arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Məlumata görə, ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlardan danışan Baş Qərargah rəisi Azərbaycan Ordusunda yeni texnologiyaların tətbiqi və kibertəhlükəsizlik sahəsində görülən işlərin əhəmiyyətini də diqqətə çatdırıb.

Admiral C.K.Draqone, öz növbəsində, göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib. O, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa söykənən hərbi əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb.

Tərəflər Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Bənzər yazılar

Back to top button