Qalmaqallı MTN polkovnikinin direktoru olduğu şirkət QSC-yə çevrildi

by Aztoday Xəbər Portalı

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan “Agro-Land-Az” MMC təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətə çevrildiyini elan edib.

Qaynarinfo xəbər verir ki, 100 manat nizamnamə kapitalına malik “Aqroland” MMC 15.12.2017 tarixində yaradılıb. Müəssisənin fəaliyyət istiqaməti əsasən kənd təsərrüfatı məhsullarının istixana üsulu ilə yetişdirilməsidir. İstixana modern şəkildə yüksək keyfiyyətə və son texnologiyalara əsaslanaraq hazırlanıb. Hazırda istixana 83.6 hektar ərazini əhatə edir.

Hüquqi ünvanı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 10/76 olan şirkətin qanuni təmsilçisi və direktoru Əzgərov Mirəziz Mirəşrəf oğludur.

Araşdırmalar zamanı məlum oldu ki, Mirəziz Əsgərov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub. 2015-ci ildə “MTN işi”ndə barəsində cinayət işi açılan 21 zabitdən biri olan Mirəziz Əsgərov 2018-ci ilin sonlarında azadlığa buraxılıb.

Şirkətin reyestr sənədlərinə sonuncu dəfə 2019-cu ildə dəyişiklik olunub.

MTN Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş, polkovnik Mirəziz Əsgərovdan sahibkar Vidadi Əzizov şikayətçi olmuşdu və MTN zabitinin qısa müddətdə azadlığa buraxılmasından nazrazı qalmışdı. Həmin zaman sahibkar mediaya verdiyi açıqlamasında bildirmişdi ki, sabiq MTN polkovnikinə verilən cəza törətdiyi əmələ adekvat deyildi, üstəlik, ona dəymiş ziyan da ödənilməyib.

O, M.Əzizovun cəzasının ağırlaşdırılmasıyla yanaşı, Ali Məhkəmədə 1 milyon 393 min manatlıq da mülki iddia qaldırıb və onun təmin edilməsini istəmişdi. O bu məbləğin 193 minini keçmiş MTN-çidən, 1 milyon 200 minini isə dövlətdən tələb edirdi.

İttihama görə, V.Əzizov həyat yoldaşı ilə birlikdə «Zaminbank»dan pul götürüb çıxanda MTN əməkdaşları onu tutub, nazirliyə gətiriblər. O, İran və başqa ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb. İttihamda yazılıb ki, uzunmüddətli həbsə göndəriləcəyi hədəsiylə ondan bankdan götürdüyü pulun 300 min dolları alınıb.

MTN-dən buraxandan sonra da M.Əsgərov gələcəkdə onun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb edib, amma son nəticədə 40 min manat alıb.

M.Əsgərov CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 311 (rüşvət alma) və 341 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etmə) maddələrinin müxtəlif bəndləriylə ittiham olunurdu. Bakı Hərbi Məhkəməsinin hökmüylə o, 4 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını bir il də azaltdı.

M.Əsgərov həbs olunarkən onun evindən pul götürülmüş, əmlaklarının üzərinə də həbs qoyulmuşdu. Məhkəmə onun pul və daşınmaz əmlakının da qaytarılmasına qərar vermişdi.

Bənzər Yazılar