Hadisə

Əmlaklarımı onun-bunun adına keçirirdim ki, gəlib bura düşməyim, ancaq yenə də burdayam – Rasim Məmmədov

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən “Baku Steel Company” şirkətinin faktiki sahibi Rasim Məmmədovun vəkilləri həmkarları Elçin Sadıqovun həbsi məsələsini qabardıb.

Gununsesi.info bildirir ki, prosesdə vəkillərdən Pərviz Məmmədov məhkəmə iclasının vəkil Elçin Sadıqovun iştirakı olmadan keçirilməsinə etiraz edib.

O bildirib ki, bu məhkəmədə əsas müdafiəçi Elçin Sadıqov olduğuna görə onun iştirakı da vacibdir. Digər vəkil Zibeydə Sadqova və təqsirləndirilən şəxs Rasim Məmmədov etirazı dəstəkləyib. Zərərçəkmişlərin vəkili isə qərar verməyi məhkəmənin mülahizəsinə buraxıb. Prokuror məhkəmə iclasının Elçin Sadıqovun iştirakı olmadan keçirilməsini mümkün sayıb. Hakim bildirib ki, təqsirləndirilən şəxsin başqa vəkilləri də var, məhkəmə iclası davam etdirilməlidir.

Sonra vəkil Pərviz Məmmədov müvəkkilinə suallar verib. Suallar Rasim Məmmədovun cinayət işində adları çəkilən şirkətlərlə münasibətlərini, Baku Steel Company ilə əlaqələrini, zavodun istehsalat, qazanc, xərc məsələlərində iştirakını əhatə edib.

Rasim Məmmədov suallara “Baku Steel Company”yə sahibliyinədək keçdiyi işgüzar yoldan danışıb. Bildirib ki, 2002-2009-cu illərdə Azəri-Çıraq-Günəşli platformasında tikintidə idarə rəisi olub. Həmin vəzifədə işləyərkən yüksək qazanc əldə edib. Hələ 26 yaşındaykən ilk 1 milyon manatını qazanıb.

2007-ci ildə Bakı Oksford Məktəbini icarəyə götürüb, əvvəlcə köhnə binanı təmir edib, sonra yanında məktəb üçün daha bir bina tikib. Bütün bunlara 3 milyon manat xərcləyib. Həmin vaxt tikintiyə armaturu Baku Steel Company-dən alıb. Elə zavodun o vaxtkı direktoru Paolo Pərvizlə tanışlığı da ordan başlayıb. Paolo Pərvizin zavodu satdığını biləndə bir hissəsini almaq qərarına gəlib. Paolo Pərvizlə aralarındakı razılığa əsasın zavodun 25 faizini alıb, 75 faizi isə digər iki əcnəbi alıb.

2009-cu ilin sonunda həmin iki əcnəbi öz paylarını da satmaq üçün ona təklif ediblər:

“Onlar “Balaxanı Oil” yatağını almaq istəyirdi, buna görə onlara kömək etməyimi sitəyirdilər. Zavodun 50, sonra yerdə qalan 25 faizini də aldım, zavodu Əşrəfin adına keçirtdim. Zavod pis gündə idi, yenidən qurulması üçün 100 milyon manat xərclədim”.

Rasim Məmmədov yarızarafat, yarıgerçək onu da dedi ki, əmlaklarını gələcəkdə həbslərdən özünü sığortalamaq üçün başqalarının adına keçirib: “Hər şeyi onun-bunun adına keçirirdim ki, gəlib bura düşməyim, ancaq yenə də burdayam”.

Vəkil Pərviz Məmmədov ondan 32 milyonluq mənimsəmə ittihamına aydınlıq gətirməsini istəyib. Rasim Məmmədov deyib ki, bu epizodla razılaşmır:

“Baku Steel Company” 10 ildə 220 milyon manat, distribütorlar 10 milyon manat qazanıb. Talasaydım elə onu talayardım. “Baku Steel Company”də bütün Azərbaycanda tanınmış şəxslərin qohumları işləyib, mənim o zavodda nəsə oğurlamağım mümkün deyildi, hamı gedib danışardı”.

Vəkil: – Heç olubmu ki, kimsə sizə metal verib və deyib ki, bunu rəsmiləşdirmə?

Rasim Məmmədov: – Mən bu suala cavab vermək istəmirəm.

Rasim Məmmədov onu da deyib ki, çox vaxt istehsal etdiyi armaturu dəyərindən ucuz satmaq məcburiyyətində qalıb:

“Zəng vururdular ki, filankəsə ucuz sat, mən də məcbur olub dedikləri qiymətə satırdım, zərərə düşürdüm”.

Vəkillər bəzi məsələlərə məhkəmədə aydınlıq gətirilməsi üçün bir müddət əvvəl “Baku Steel Company”yə sorğular göndərdiklərini, ancaq hələ də cavablandırılmadığını bildiriblər. Zibeydə Sadıqova deyib ki, Baş Prokurorluğun əməkdaşları ofisdə axtarış apararkən yığıb apardıqları sənədlər arasında həmin sorğuların göndərilməsinə dair qəbzlər də olub. İndi qəbzlərin əldə olmaması ona hüquqi addımlar atmağa imkan vermir.

Zərərçəkmiş tərəfin vəkili Rasim Məmmədovdan Hövsan Dəniz Limanının sahibiylə bağlı maraqlanıb. Limanın alınması üçün pulun kim tərəfindən verildiyini soruşub. Cavab belə olub: “Biri burda onu soruşdu, sonra bura gəlib çıxmadı”.

Bununla bağlı hazırlıq iclasında maraqlanan vəkil Elçin Sadıqov olmuşdu. Vəkil hazırda həbsdədir.

Növbəti məhkəmə iclası sentyabrın 19-u davam edəcək.

Bənzər yazılar

Back to top button