Hadisə

İcra nümayəndəsi qayınananın gəlini döyməsini təsdiqlədi, lakin…

“Nə qayınana, nə də gəlin tərəfindən icra nümayəndəliyinə heç bir müraciət daxil olmayıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Lənkəran rayonu Yuxarı Nüvədi kənd icra nümayəndəsi Suvarov Səyasət sözü gedən kənddə qayınananın gəlinini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videodan danışarkən deyib. O, həmin hadisənin doğrudan da baş verdiyini qeyd edib:

“Bizim kənddir, mən də onu internetdən izlədim. Amma hadisədən xəbərim olmayıb. Ailəni tanıyıram. Qayınananın bir neçə övladı var, amma həmin gəlini ilə qalır. Gəlinin də iki övladı var. Ailə münaqişəsidir, camaatın şəxsi işidir, qarışa bilmərik. Nə mən, nə də qonşular qarışa bilir. Özü müraciət etməlidir”.

İcra nümayəndəsi onu da əlavə edib ki, döyülən qadın bu günə kimi hüquq-mühafizə orqanlarına da müraciət etməyib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, ona bu videonu kənddən göndəriblər:

“Qayınana gəlinə deyir ki, ev mənimdir, sənə burdan heç nə düşmür. Hara gedirsənsə get. Gəlini təhqir edir, biabırçı ifadələr işlədir. Məlumatı mənə göndərən şəxs bu hadisənin mütəmadi baş verdiyini qeyd edib”.

Qeyd edək ki, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qayınananın gəlinini döyməsi ilə bağlı sosial şəbəkələrdə video yayılıb.

Bənzər yazılar

Back to top button