Hadisə

“Dövlət Sığorta Kommersiya Şirkətində korrupsiya şəbəkəsi var” – Sığorta pulları niyə ödənilmir?

“Dövlət Sığorta Kommersiya Şirkəti bizi süründürmçiliyə məruz qoyaraq sığorta pulumuzu vermək istəmir. Sanki bu sığorta şirkəti bir qrup cinayətkarın əlində korrupsiya şəbəkəsinə çevrilib”.

Bu barədə “AzPolitika.info” saytına Ucar rayonu Qulabənd kənd sakini Hacıyev Rəvan Asif oğlu, Ucar rayonu H.Aslanov küçəsi ev 31 ünvanında yaşayan Şükürzadə Vüsal Xalif oğlu, Göyçay rayonu Müskürlü kənd sakini İbrahimov Fariz Oktay oğlu tərəfindən göndərilən şikayət məktubunda bildirilir.

Müəlliflər yazırlar ki, bir neçə aydır avtomobil qəzası nəticəsində onlara dəymiş zərərin əvəzi olaraq təyin edilən sığorta pulunu Dövlət Sığorta Kommersiya Şirkətindən ala bilmirlər.

“Hər dəfə bir bəhanə gətirib vaxt uzadırlar. Baxmayaraq ki, tələb olunan bütün sənədləri təqdim etmişik. Bizə dəymiş ziyanı qanunsuz olaraq bir neçə dəfə azaldıblar. Bu sığorta şirkətinin özbaşınalığından insanlar cana doyublar”,-məktubda qeyd olunub.

Rəvan Hacıyev bildirir ki, 2021-ci ilin noyabr ayında avtomobil qəzasına düşüb, nəticədə ona dəymiş ziyan kimi 1440 manat sığorta pulu hesablanıb: “Şirkət bu vəsaiti vermək istəmir, süründürməçiliyə məruz qalmışam. Baxmayaraq ki, qəzadan sonra bütün sənədləri sözügedən şirkətinın Ucar filialına təqdim etmişəm. Qurumun mənə qarşı etdiyi qanunsuzluq vəzifə cinayəti hesab olunur”.

Vüsal Şükürzadə isə yazır ki, 25 dekabr 2021-ci il tarixdə Göyçay-Ucar avtomobil yolunda baş vermiş qəza zamanı ona məxsus 99 TZ 610 nömrəli “Ford” markalı avtomobilinə 4 min manat ziyan dəyib.

“Amma Dövlət Kommersiya Sığorta Şirkəti məni süründürür, vəsaiti ödəmək istəmir. Bununla yanaşı ziyanın həcmi qanunsuz şəkildə azaldaraq 2500 manat təyin ediblər”,- o qeyd edib.

Fariz İbrahimov isə bildirir ki, ötən il dekabrın 25-də Göyçay-Ucar avtomobil yolunda baş vermiş qəza zamanı 10 UV 949 nömrəli VAZ-2107 markalı avtomobilinə 1100 manat dəyib. Sığorta Şirkəti ona çatacaq vəsaiti də ödəməyib. Dəfələrlə sığorta şirkətinin filialına getsə də pulu ala bilməyib.

Şikayətçilər yazırlar ki, üzləşdikləri qanunsuzluqla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmova, Dövlət Kommersiya Sığorta Şirkətinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlova müraciət ünvanlasalar da heç bir tədbir görülməyib.

Şikayət müəllifləri aidiyyatı qurumlardan problemlərin aradan qaldırılmasını, Dövlət Sığorta Kommersiya Şirkətində süründürməçiliklə məşğul olan məmurların cəzalandırılmasını xahiş edirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Back to top button