Bizim seçimSiyasət

“Nərgiz” mükafatı Gözəl Bayramlıya verildi

Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafat 2018-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini Gözəl Bayramlıya verilib.

Mükafat bu gün, dekabrın 29-da Müsavat Partiyasının qərargahında keçirilən mərasimdə G.Bayramlının bacısı Şirin Ələkbərovaya təqdim edilib.

O, həbsdəki bacısının bu mükafata layiq görülməsinə sevinəcəyini deyib.

“Nərgiz” mükafatı 2015-ci ildə hepatit xəstəliyindən vəfat etmiş gənc ictimai fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib.

Mükafat 2016-cı ildən bəri həbsdə olan bir sıra ictimai fəala verilib.

2017-ci ildə”Nərgiz” mükafatı polisə böhtan ittihamı ilə iki il həbs edilən və bu günləryeni ittihamla üzləşən bloqqer Mehman Hüseynova verilmişdi. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti dekabrın 26-da bloqqerə yeni cinayət işi açılması haqqında məlumat yayıb.

“Mehmana dekabrn 26-da 10 günlük cəza təcridxanasına salınma qərarı çıxarılıb. O, şahid kimi dindirilib, daha sonra Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini tapdığı halda Mehmanı 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir”, deyə vəkili bildirib.

Mehman Hüseynov əvvəlki ittiham kimi bunu da qəbul etmir.Onun həbsdən çıxmasına iki ay qalmışdı.

AXCP sədrinin müavini G.Bayramlı isə 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin (CM) 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi açıqlamada iddia olunur ki, Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu ittihamla da o, Qazax Rayon Məhkəməsinin hökmüylə 3 il azadlıqdan məhrum edilib.

Noyabrın 14-də Ali Məhkəmə G.Bayramlının cəzasını iki ay azaldıb. Qərara əsasən, G.Bayramlıya qarşı CM-nin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülmüş ittiham da dəyişdirilib. İttiham 29.206.1 maddəsinə, yəni qaçaqmalçılığa cəhdə tövsif olunub.

G.Bayramlı ittihamı qəbul etmir. Məhkəməsində də deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib. ///azadliq.org

Bənzər yazılar

Back to top button