İqtisadiyyat

Dövlət Neft Fondu 3 ayda 803 milyon dollar itirib (ŞƏRH)

“Dövlət Neft Fondunun aktivləri I rübdə 1,84% azalaraq 43,6 milyard dollardan(USD) 42,8 milyard USD-yə düşüb. Yəni Fond 3 ayda $803 milyon itirib. Aktivlərin azalmasına səbəb, Fondun da qeyd etdiyi kimi, qızılın uculaşması və əsas valyutaların ABŞ dollarına nəzərən dəyərsizləşməsidir. Təxmini hesablamalar apardıqda məlum olur ki, təkcə 2021-ci ilin yanvar-mart aylarında dünya əmtəə birjalarında qızılın 9,8% ucuzlaşması hesabına Fondun itkisi 580 milyon dollara yaxın olub. Bu müddətdə qızılın unsiyası $1874,3-dən $1691,5-ə düşüb”.

AzToday.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev Dövlət Neft Fondunun aktivlərinin azalması ilə bağlı yayılan rəsmi açıqlamanı şərh edərkən deyib.

Onun sözlərinə görə, fondun aktivlərinin azalması fiziki xərcləmələrlə bağlı deyil:

“Valyutalara gəldikdə isə İngilis funtu istisna olmaqla ən azı aktivlərin 1/3-ni təşkil edən 7 valyutanın 6-sı ABŞ dollarına münasibətdə dəyərini itirib. Aktivlərin 1/5-nin məxsus olduğu avronun dəyər itirməsi 4%-ə yaxın olub. Bu, Fonda $420 milyon zərər vurub. Daha çox ucuzlaşma paylarının kiçik olmasına rəğmən Türkiyə lirəsi (10%) və Yaponiya yenasında (7,2%) qeydə alınıb. Bundan başqa dollar qarşısında Rusiya rublu 2,2%, Avstraliya dolları 1,25%, Çin yuanı 0,4% zəifləyib. Fondun açıqlamasına görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 2 milyard manatdan çox olub.

Diqqəti cəlb edən digər məsələ A və daha yüksək kateqoriyalı reytinqə malik qiymətli kağızlara yatırımın payının 91,2%-dən 89,9%-ə düşməsidir. Əvəzində BBB dərəcəli reytinqə malik kağızların payı 7,4%-dən 8,8%-ə yüksəlib.

Əlbəttə Fondun aktivlərinin azalması fiziki xərcləmələrlə bağlı deyil. Ən azı Fond da qeyd edir ki, I rüb gəlir xərcləri üstələyib. Ola bilsin II rübün sonuna valyutaların dollara münasibətdə möhkəmlənməsi və ya qızıl bahalaşması baş versin. Və yaxud da hər ikisi baş versin. Bu halda aktivlərin artması baş verəcək”.

Bənzər yazılar

Back to top button