Hadisə

Xalqın malını talayanlar azadlıqda da, həbsxanada da kef-damaq içindədirlər…

Xalqın malını talayıb azadlıqda kef-damaq içində yaşayanların həbsxanada da eyni həyat tərzlərini davam etdirməsini necə qarşılamaq olar? Bu halda onların həbs edilməsinin mahiyyəti nəyə dayanır?..

Müasir Müsavat partiyasının sədri: “Həbs edilən məmurlar vəzifədə olan məmurlara mesaj ötürürlər ki, dövlətin milyardların yığmağa davam edin. Ən pis halda bura gələcəksiniz, bura da çox yaxşıdır”.

“Həbs edilən məmurlara dövlətin milyardların yığandan sonra həbsə düşmək sərf edir. Çünki həyatlarında dəyişən bir şey olmur”.

Bu sözləri Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev həbsdə olan məmurların lüks həyatlarının yayılmasının səbəblərini pia.az-a şərh edərkən qeyd edib.

Dünən axşam yerli mətbuatda Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda maraqlı məlumatlar yayılıb. Yenicə həbsdən azad olunan jurnalist Zaur Qənbərov Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda maraqlı status paylaşıb. Jurnalist Gəncə İstintaq Təcridxanasında qeyri-rəsmi yığımlar haqda da qeydlər edib

Jurnalist bildirib ki, Nizaməddin Quliyev həbsxanada lüks həyat yaşayır, hətta qulluqçusu belə var. “Ümumiyyətlə vəzifəli şəxlərin həbsi onlarda heç nəyi dəyişmir. Necə azadlıqda, vəzifədə olarkən rüşvət, yeyinti hesabına eyş-işrətlərindən qalmırdılarsa, eynisi həbsdə də davam edir”, deyə Zaur Qənbərov vurğulayıb.

Nizaməddin Quliyev və Ramiz Tatarov otaqdakı supertəmiri belə bəyənməyərək öz hesablarına otağı yenidən təmir etdiriblər. İkimərtəbəli çarpayıları çıxartdıraraq əvəzində divan, kreslo, yataq dəsti, böyük diaqonallı televizor, playstation, döşəməyə xalça və s. təşkil etdiriblər. Hətta kasıb məhbuslardan birini də (məhbusun öz istəyilə) özlərinə qulluqçu götürüblər.

Yəni həbs etsələr də adamlar keflərindən qalmırlar. Bunlar üçün başqa cəza növü düşünülməlidir. Yaxud digər məhbuslar kimi cəza çəkməyə məcbur edilməldirlər.

Qeyd edək ki, yayılan məlumatın yayılmasında kifayət qədər vaxt keçməsinə baxmayaraq Penitensiar Xidmət hələ də bu iddilara münasibət bildirməyib. Bu isə yayılan məlumatın heç də yalan olmadığının göstəricisidir.

Çox maraqlıdır ki, uzun illər Azərbaycan vətəndaşlarının haqqını, rifahını və gələcəyini oğurlayan məmurlar ağır ittihamlarla DTX tərəfindən həbs ediləndən sonra da bu xalqın haqqını, gələcəyini və rifahını yeməkdə davam edirlər. Bundan əvvəl də dövlətin milyardlarını talayıb mənimsədiyinə görə həbs edilən və bir neçə il sonra azadlığa çıxan Vidadi Zeynalovun da həbsxanada mulitimilyoner kimi yaşaması barədə məlumatlar yayılmışdı. Bu halda Azərbaycan həbsxanalarında nə baş verir? Təkcə həbsxanalarda deyil, Azərbaycan cəmiyyətində nə baş verir? Sosial parçalanmanın bu səviyyəyə çatdığı və ədalət prinsipinin açıq şəkildə öldürüldüyü bizim cəmiyyətin gələcəyi necə olacaq?

Ümumiyyətlə isə əgər bu insabların həbsxana həyatları da azadlıqda olduğu kimi möhtəşəm və təmtəraqlı olacaqsa, onların gizli biznesi çiçəklənəcəksə, xalqdan və dövlətdən oğurladıqları geri qaytarılmayacaqsa, onda onları həbs etməyə lüzum varmı?

Mövzunu pia.az-ın əməkdaşı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevlə müzakirə edib.

Hafiz Hacıyev: “Onların qanunsuz yolla əldə edilmiş sərvətləri tamamilə əllərindən alınmalı və həm özlərinə, həm də övladlarına dövlət qulluğunda çalışmaq qadağan olunmalıdır”.

Doğrudan da həbs edilən məmurların çöldəki həyatı ilə həbsxanada olan həyatlarının eyni olduğunu bildirən partiya sədri əlavə edib ki buna görə də onlar dövlətə son nəfəslərinə qədər ziyan vuracaqlar. Hətta onların övladları da atalarının yolundan gedib dövləti və xalqı talamağa davam edəcəklər:

“Həbs edilən məmurlara dövlətin milyardların yığandan sonra həbsə düşmək sərf edir. Çünki həyatlarında dəyişən bir şey olmur. Bu vaxtlarda pandemiyaya görə xaricə gediş-gəliş yoxdur. Buna görə də onlar elə yaxşı istirahət etməyi həbsxana bilirlər. Çünki bilirlər ki, həbsxanada rəhbərinə pul verəndən sonra orada “şah” kimi yaşamaq olur.

Biz də həbsxanada olmuşuq. Amma biz 40-50 nəfərlə bir yerdə yatmışıq. İndiki həbs edilən məmurların isə ayrıca otaqları, televizorları, qulluqçuları var və onlara yüksək səviyyədə xidmət olunur. Bunlar bu görüntüləri ona görə yayırlar ki, görüntülər indi vəzifədə olan icra başçılarına mesaj olsun. Yəni həbs edilən məmurlar vəzifədə olan məmurlara mesaj ötürürlər ki, dövlətin milyardların yığmağa davam edin. Ən pis halda bura gələcəksiniz, bura da çox yaxşıdır. Buna görə də hamısı çox rahatdır.

Hafiz Hacıyev: “Belə məmurların tək həbs edilməsi onlar üçün çox cuzi cəzadır”.

Bəzi nazirlərin də artıq həbsxanada lüks yerləri hazırdır. Onlar yığdıqları pulları dövlətə qayratmasınlar deyə həmin pullardan cuzi hissəsini xərcləyib həbsxana həyatını yola verirlər. Onlar üçün həbsxana öz vilları kimi şəraitlidir. Buna görə də onlara fərq etmir. Həm də onlar həbsxana həyatının qısa müddətdən sonra bitəcəyini bilirlər.

Bir daha qeyd edim ki, bəzi nazirlər prezidentin arxasınca işlər aparırlar və buna görə də həbsxanada öz lüks həyatları üçün yer saxlayırlar. Həbs edilən məmurların çöldəki həyatı ilə həbsxanada olan həyatı eynidir. Buna görə də onlar dövlətə son nəfslərinə qədər ziyan vuracaqlar. Hətta onların övladları da atalarının yolundan gedib dövləti və xalqı talamağa davam edəcəklər. Ona görə də düşünürəm ki, belə məmurların tək həbs edilməsi onlar üçün çox cuzi cəzadır. Onların qanunsuz yolla əldə edilmiş sərvətləri tamamilə əllərindən alınmalı və həm özlərinə, həm də övladlarına dövlət qulluğunda çalışmaq qadağan olunmalıdır”.

Bənzər yazılar

Back to top button