Siyasət

Milli Məclisdə təmsil olunan siyasi partiyalar hökumətin COVİD-19-a qarşı mübarizə siyasətini dəstəkləyir

Azərbaycan Milli Məclisində təmsil olunan doqqus siyasi partiyanın hamısı COVİD-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi fəsadlarının aradan qaldırılması tədbirləri ilə əlaqədar hökumətin siyasətini dəstəkləyən bəyanat imzalayıb.

Sənəddə deyilir ki, siyasi partiyalar prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə və rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirləri müsbət qiymətləndirir.

Siyasi partiyalar üzvlərini hökumətin həyata keçirdiyi zəruri və təxirəsalınmaz qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə etimadla yanaşmağa, müəyyən edilmiş karantin rejiminə tam riayət etməyə çağırıb.

“Əhali arasında təşviş yaratmaq məqsədilə sosial şəbəkələrdə koronavirus xəstəliyi ilə əlaqədar şaiyələrin, təxribat xarakterli məlumatların yayılmasını qətiyyətlə pisləyir və müvafiq səlahiyyətli orqanlar tərəfindən belə hallara qarşı qanun çərçivəsində ən ciddi tədbirlərin görülməsini xahiş edirik. Xarici ölkələrdə yerləşdirilmiş və şübhəli məqsədlərə xidmət göstərən sosial media vasitələrində hökumətin COVİD-19 pandemiyasının qarşısının alınması sahəsində tədbirlərinə etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da əhalinin sağlamlığının qorunması vəzifələrinin yerinə yetirilməsinə bilərəkdən ziyan vuran təbliğatı qətiyyətlə pisləyir, bu cür təhlükəli antiazərbaycan təbliğatına son qoyulmasını tələb edirik. Koronavirusla mübarizə sahəsində zəruri məhdudlaşdırıcı tədbirlərin tərkib hissəsi kimi xüsusi karantin rejiminin tətbiq edilməsinin və onun insanların sağlamlığına ciddi təhlükə yaradılmasına səbəb olan kobud qanun pozuntusuna görə sanksiyalar tətbiq edilməsinin bəzi qruplar tərəfindən bilərəkdən siyasiləşdirilməsini yolverilməz hesab edirik. Koronavirus xəstəliyinin yaratdığı indiki durumdan siyasi təbliğat məqsədləri üçün istifadə olunmasına, pandemiyanı siyasi mübarizə alətinə çevirmək, pandemiyadan milli maraqlardan uzaq, dar siyasi niyyətlər naminə faydalanmaq cəhdlərinə qəti etirazımızı bildirir, bu cür cəhdləri siyasi mədəniyyət və etika normaları ilə bir araya sığmayan hərəkət kimi qiymətləndiririk,” sənəddə qeyd edilir.

Eyni zamanda, müxalifətdə olan siyasi qurumlar, – Milli Şura, Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyaları ölkədə karantin elaln ediməmişdən öncə bütün toplantılarını, etiraz aksiyalarını qadağan edən qərarlar qəbul edib.

Bununla yanaşı, sosial şəbəkələrdə ictimai qruplar, siyasi partiya tərəfdarları və daha çox trol institutlarının yetirmələri arasında qızğın çəkişmələr davam edir.

Sosial şəbəkələrdəki statusların təhlili göstərir ki, bir müxalif fikrə eyni zamanda trol institutunun bir üzvü bəzən iyirmiyədək qıcıq yaradan cavablar verir. Bu da sosial şəbəkələrdə daha çox ikrah dolu əks fikirlər doğurur. (Turan)

Bənzər yazılar

Back to top button