Sağlamlıq

Peyvənd olunmuş partiya sədri COVID-ə necə yoluxub?

“Bir dəfə aparılan vaksinasiya zamanı bizi virusdan qoruyacaq kifayət qədər davamlı immunitet formalaşmadığı üçün koronavirus infeksiyasına yoluxub xəstələnmək mümkündür”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavagzadə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin koronavirusa yoluxmasından danışarkən deyib. O, qeyd edib ki, koronavirusa qarşı vurulan vaksin 28 gün fasilə ilə 2 dəfə aparılır:

“İlk dəfə aparılan vaksinasiyadan 14 gün sonra koronavirusa qarşı qanda anticisimlər – immunitet yaranmağa başlayır. Yəni, ilk vaksindən 28 gün sonra 2-ci dəfə vaksinasiya olunmalıyıq ki, dayanıqlı immunitet yaranıb, bizi koronavirusdan qorusun. İlkin vaksinasiyadan 40-42 gün müddətində (ikinci vaksin daxil) tam immunitet formalaşır”.

Doktor onu da əlavə edib ki, vaksin olunan şəxşlər arxayın olmamalıdır, daima gigiyenik qaydalara əməl etməlidir.

Qeyd edək ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub. Partiya sədri fevralın 23-də COVID-19 əleyhinə peyvənd olunub.

Bənzər yazılar

Back to top button