Yarım milyonluq dələduzluq qalmaqalı böyüyür – Qazaxıstanda yaşayan azərbaycanlı detalları açıqladı

by Aztoday Xəbər Portalı

Azərbaycanda dələduzluq əməli ilə üzləşən iş adamı Sakin Ağayev mətbuat konfransı keçirib.

Hit.az-ın məlumatına görə, Sakin Ağayev bildirib ki, Qazaxıstan Respublikasında yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı özünə məxsus olan «Töleş Manğıstau» MMC-nin 51 faizini 14 iyun 2014-cü il tarixdə Aktau şəhərində imzalanan 14-02 saylı alqı-satqı müqaviləsi əsasında 1.250.000 (bir milyon iki yüz əlli min) ABŞ dollarına digər Azərbaycan vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satıb. Müqavilənin şərtlərinə görə, Fikrət İbrahimov aldığı pay hissəsinin dəyərini 2014-cü ilin sonuna qədər ödəməliymiş. Lakin göstərilən vaxtda vəd edilən məbləğ ödənilməyib.

2015-ci ilin fevral ayında Fikrət İbrahimov iki dəfəyə hər birində 350.000 ABŞ dolları olmaqla ümumi 700.000 ABŞ dollar müqavilədə göstərilən bank hesabına köçürüb. Hesaba köçürülən pulu hesaba mədaxil etmək üçün bankdan müqavilə tələb olunduqda Vüsalə Rəhimli yuxarıda göstərilən 14-02 saylı müqavilənin nüsxəsini banka təqdim etsə də, bank müəyyən edib ki, vəsait həmin müqavilə əsasında deyil, metal tədarükü məqsədi ilə ödənilib. Vüsalə Rəhimlidə metal tədarükü təyinatlı bir müqavilə olmadığına görə, ödəniş səbəbi yanılış göndərildiyi üçün bank vəsaiti hesaba mədaxil etmədən geri qaytarıb. Bu barədə Fikrət İbrahimov məlumatlandırılıb və ödənişin təyinatını düzgün, yəni tərəflər arasında bağlanan (yuxarıda göstərilən) müqavilə əsasında yenidən köçürülməsi xahiş olunub.

Sakin Ağayevin sözlərinə görə, bir müddət sonra Fikrət İbrahimov ona zəng vuraraq bildirib ki, pulu bank hesabına göndərə bilmir və onu nəğd olaraq Bakıda vermək istəyir. Qazaxıstanda banka olan borclarını tezliklə bağlamaq üçün Vüsalə Rəhimli buna razılıq verib.

Bakıdakı bank hesabından əməliyyatlar aparmağa Sakin Ağayevin birinci nikahından olan qızı Ağayeva Dilarədə etibarnamə mövcud olduğunu nəzərə alaraq onun vasitəsi ilə bu əməliyyatı həyata keçirməyə qərar verilib.

Fikrət İbrahimov iki dəfə 20 fevral 2015-ci il və 25 fevral 2015-ci il tarixlərində hər dəfə 349000 ABŞ dolları olmaqla ümümi 698000 ABŞ dolları Dilarə Ağayeva vasitəsi ilə Sakin Ağayevin bank hesabına köçürüb.

O, hər iki əməliyyatla bağlı Dilarə Ağayevadan bu pulun qəbul edilməsinə dair qəbz alıb. Birinci dəfə ödənişi Fikrət İbrahimov, ikinci dəfə isə onun oğlu Şahin İbrahimov həyata keçirib. Ancaq qalan 550000 ABŞ dolları hissəsi isə ödənilməmiş qalıb.

Bundan sonra Fikrət İbrahimov zənglərə cavab verməyib və onunla uzun müddət əlaqə saxlamaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fikrət İbrahimov 550000 ABŞ dollarını ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrlə qarşı tərəfə təzyiqlər göstərməyə başlayıb. Ona görə Vüsalə Rəhimli 2016-cı ilin iyun ayında Qazaxıstan Respublikasının 2 saylı Aktau şəhər Məhkəməsində «borcun ödənilməsi» tələbi ilə bağlı Fikrət İbrahimova qarşı iddia qaldırıb. Qazaxıstanda məhkəmə prosesləri uzun müddət davam edərək Ali Məhkəməyə qədər çıxıb və sonda Qazaxıstan Respublikası Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixdə Fikrət İbrahimovun 14 iyun 2014-cü il tarixli 14-02 saylı alqı-satqı müqaviləsi əsasında Vüsalə Rəhimliyə olan 1.250.000 (Bir milion iki yüz əlli min) ABŞ dollar məbləğində borcdan qalan 550.000 ABŞ dolları və 68.000 ABŞ dolları məhkəmə xərclərinin ödənilməsinə dair 4799-18-00-2a/547 saylı Qətnamə çıxarılıb.

Məhkəmə qərarı elan olunduğu gündən qüvvəyə minib və Qazaxıstan Respublikası Aktau şəhər Məhkəmə İcraçıları tərəfindən icraya yönəldilib. Vüsalə Rəhimliyə olan borcu ödəmədiyinə görə hazırda Fikrət İbrahimov Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Fikrət İbrahimov açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş borcunu ödəməkdən yayınaraq Azərbaycana qaçdığı üçün Vüsalə Rəhimli AR Ali Məhkəməsinə müraciət edərək qanuni qüvvəyə minmiş Qazaxıstan Respublikası Manqistau Vilayət məkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-002a/547 saylı qətnaməsinin AR ərazisində tanınması və məcburi icraya yönəldilməsi barədə Beynəlxalq Konvensiya qanunlarına uyğun şəkildə vəsadət qaldırıb.

Ali Məhkəmənin Mülki Kollegiyası (hakimlər Hacıyev Sənan Firudin oğlu – sədrlik edən, Əsgərov Qurbət Ağa oğlu və Vəliyevə Elşanə Rafiq qızı) Fikrət İbrahimov havadarlarnın təsiri altında heç bir qanuni əsas gətirmədən 27.12.2018 -ci il tarixdə 10 (102)-142/2018 saylı Qərarları ilə bu vəsatətin təmin edilməsindən imtina etməklə nəinki Azərbaycan qanunlarını, hətta ölkəmizin qoşulduğu Beynəlxalq Konvensiya qanunlarını da kobudcasına tapdalayaraq dövlətmiz adına ləkə gətirən qərar qəbul ediblər. Bu qanunsuzluğu aradan qaldırmq üçün Vüsalə Rəhimli Avropa məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb və Avropa məhkəməsi tərəfindən bu iş artıq icraata qəbul olunaraq qovluq nömrəsi verilib.

Sahibkarın sözlərinə görə, Qazaxıstan məhkəmələrində fırıldaqçılığı ifşa olunan Fikrət İbrahimiv 2017-ci ildə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu ilə birgə Vüsalə Rəhimli və onun ailə üzvlərinə qarşı saxta məhkəmə qətnaməsi çıxartdırmaq barəsində sövdələşib.

“Bununla əlaqədar Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun həmsədrliyi ilə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu, yəni 11 nəfər tanınmış hüquq müdafiəçisi dövlət rəhbərliyinə müraciət ünvanlanıb. Ardınca Qazaxıstanda Almatı şəhər Hüquq Məsləhətçiləri Palatasının üzvü Batırbayev Kanat Asimbekoviç Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə və Qazaxıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abdulkadirov Serjan Omanbayeviçə müraciət edib.

Bütün bunlara baxmayaraq, Sakin Ağayev və ailəsinə qarşı dələduzluq etmiş Fikrət İbrahimovla bağlı heç bir addım atılmayıb. İndiyə qədər Pirallahı rayon məhkəməsinin saxta müqaviləyə istinad edərək çıxardığı sifarişli qətnamə, bu qərarı qüvvədə saxlayan Ali Məhkəmə, habelə mənim barəmdə əsassız yerə cinayət işi başlayan Ədliyyə Nazirliyi, Fikrət İbrahimovu himayə edən qüvvələrlə bağlı heç bir reaksiya verilməyib”, – deyə Sakin Ağayev bildirib.

Sahibkar bildirib ki, Pirallahı Rayon Məhkəməsinin qanunsuz qərarı onun və qızı Dilarə Ağayevanın Azərbaycandan çıxışına qadağa qoyulmasını şərtləndirib.

Sakin Ağayev baş verənlərlə bağlı Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Artıq Sakin Ağayevin iddiası icraata götürülüb.

Bənzər Yazılar