İdman

Qurban Qurbanov: “Niyə düşünürlər ki, “Qarabağ” zəifləyib?”

“Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Daha önəmlisi isə komandanın ilk dəqiqələrdən tempi qaldırması idi”.

“Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Sabah”a 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis oyundan razı qaldığını bildirib: “Hər şey düşündüyümüz kimi alındı. Bəzən daha istəkli olanda hər şey asan olur. Ramin Quliyevə uğurlar arzu edirəm. O, komandanın sükanı arxasına keçdikdən sonra oyunlarında müsbət dəyişiklik hiss olunur. Bir də stadionu qeyd etmək istərdim. Ot örtüyü möhtəşəm idi”.

Qurbanov penalti zərbəsini Mahir Emrelinin vurmamasının səbəbini izah edib: “Futbolçuma bombardir olmalısan, demək düzgün deyil. Əsas komandanın qələbəsidir. Digər tərəfdən, bu, oyunçunun psixologiyasına mənfi təsir edə bilər. Qəbələdə də belə hal olmuşdu. Penalti ilə futbolçunu arxayınlaşdırmamalıyıq. Amma daha çox qol vurmasını istərdim. Amma qeyri-dəqiqlikləri olduğundan penaltini Maksimə həvalə etdim”.

Baş məşqçi XXVII turda “Keşlə” ilə keçirəcəkləri oyuna da toxunub: “Hələ vaxtımız var. Belə oyunlarda məni futbolçunun ikinci sarı vərəqəni görməsi narahat edir. Ağıllı futbolçular onu asanlıqla təxribata çəkə bilər. “Keşlə”nin oyunlarına baxıb analiz edəcəyik. Bundan sonra Rahil Məmmədovun meydana çıxması ilə bağlı qərar veriləcək”.

O, Emrelinin Polşa “Legiya”sı ilə anlaşması barədə xəbərlərə də aydınlıq gətirib: “Olsaydı, biz də bilərdik. Hazırda əsas fikrimiz qarşıdakı matçlardadır. Hələ ki, tələsmir. Başqa variantları da var. Amma rəsmi təklif gəlməyib”.

Baş məşqçi “Qarabağ”ın Portuqaliya çempionatında çıxış edən Felipe Rayanla maraqlanması ilə bağlı məlumata münasibət bildirib: “Hazırda 15-20 oyunçu ilə danışıq gedir. Rəsmi təklif yoxdur. Sadəcə, maraqlandığımız oyunçulardan biri ola bilər”.

Qurbanov tez-tez ortaya atılan “Torpaqlar işğal altında idi deyə, “Qarabağ”a diqqət ayrılırdı” fikri ilə razılaşmadığını vurğulayıb: “Belə şey ola bilməz. Rəhbərlik komandaya bu qədər maliyyə ayırır, əziyyət çəkir. Torpaqlarımızın azad olunması “Qarabağ”a sevgini daha da artırmalıdır. Amma dediyim kimi, belə fikirlərə inanmıram. Niyə düşünürlər ki, “Qarabağ” zəifləyib? Transfer etmək asan deyil. Dünyada da belədir. Rəhbərlik belə bir fikrə heç vaxt düşməz Hər zaman bu komandanı qoruyub saxlamaq istəyəcəklər. Abdulbari Gözəl hər zaman deyib ki, mən var olduğum müddətdə komandanı yaşadacağam. Çünki “Qarabağ” dəyərdir”.

Mütəxəssisin sözlərinə görə, sponsor pul ayırmasa, komanda ayaqda qala bilməz: “Ən çox gəlirimiz UEFA-dan gəlib. Amma komandanı saxlamaq heç də asan deyil. Xərclər böyükdür”.

Bənzər yazılar

Back to top button