İqtisadiyyat

Tibbi Sığorta Agentliyindən 11 ay ərzində 20 milyonluq tender udan “ORN GROUP” kimə məxsusdu?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması üzrə 06.06.2023-cü ildə başladığı açıq tender müsabiqəsini tamamlayıb və 28.07.2023-cü il tarixdə “ORN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.071.218,56 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Bu barədə Dövlət Agentliyi dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

Bu məlumat ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, sözügedən MMC ötən il də “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi şəxsi tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi- 4) ünvanında yerləşən ümumi sahəsi 3303.20 m2 olan inzibati binasının əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş bir açıq tenderin də qalibi olub. Bu tenderdə isə “ORN GROUP” MMC Tibbi Sığorta Agentliyindən 4.144.710,67 manat məbləğində dövlət sifarişi alıb və 26.07.2022-ci il tarixdə satınalma müqaviləsi bağlanıldığı elan edilib.

Maraqlıdır, 11 ay ərzində dövlətdən 20 milyon manat civarında dövlət sifarişi almış bu MMC kimə məxsusdur? MMC-nin veb-saytında bildirilir ki, 2004-cü ildə Azərbaycanda, Bakıda qurulan ORN Group qarışıq podrat xidmətləri göstərən bütövlükdə podratçıya çevrilmişdir . Tikinti, daxili təchizat və mexaniki, elektrik və ictimai səhiyyə (MEP) sahəsində təcrübəmiz Mühəndislik, Satınalma, Layihələndirmə və Tikintidən istismara verilməsinə qədər tam həllər təqdim edir. Bakı Azərbaycanda yerləşən ofisimizlə ölkə daxilində işlərimizi peşəkar şəkildə yerinə yetirmək üçün lazım olan bütün icazə və lisenziyaları almışıq . Genişlənmə ehtiyaclarımıza və bütün Avropadakı şəbəkələrimizə görə, 2008-ci ildə şirkətimiz ORN GmbH Avstriyanın Vyanada təsis edilmişdir. ORN GmbH Azərbaycan vasitəsilə Avropa və Asiya arasında qüsursuz biznes və logistik əlaqəni təmin edən idxal və ixrac ticarəti, eləcə də beynəlxalq biznesin inkişafı ilə fəal şəkildə məşğul olur.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “ORN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 12.03.2007-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 129 500.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ŞƏMSİ BƏDƏLBƏYLİ, ev 102, m. 47, qanuni təmsilçisinin isə Bağırov Qəzənfər Füzuli oğlu olduğu göstərilir.

Elektron media resurslarında yayılmış məlumatlarda Qəzənfər Füzuli oğlu Bağırov həm də “ORN GİDA VE DERİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub. 2019-cu ildən MMC-nin adı dəyişdirilb və “ORN DEVELOPMENT” MMC kimi fəaliyyət göstərir. Hazırda isə sözügedən MMC-nin qanuni təmsilçisi Qəhrəmanov Elşən Rahil oğludur. Dövrü mətbuatda onun vaxtıilə evlərin alqı-satqısı ilə məşgul olması barədə məlumatlar var.

Apardığımız daha ətraflı araşdırmlar zamanı məlum oldu ki, “ORN GROUP” MMC dövlət qeydiyyatına alınanda qanuni təmsilçisi Vəliyeva Tamara Əlibala qızı olub. Cəmi 20 manat nizamnamə kapıtalı olan MMC-yə 2011-ci ilə qədər Tamara Vəliyeva rəhbərlik edib. Ondan sonra MMC-yə Qəzənfər Bağırov rəhbərlik etməyə başlayıb.

Bəs dövlət qeydiyyatından 15 il əvvəl keçmiş, amma son bir ildə udduğu tenderlərlə məşhurlaşan “ORN GROUP” MMC-ni təsis etmiş Vəliyeva Tamara Əlibala qızı kimdir?

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırma göstərir ki, Vəliyeva Tamara Əlibala qızı 1959-cu il təvəllüdlüdür. Beyləqan rayonunda anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, dramaturqdur. Vikipedia məlumatlarında sonuncu kitabının 2001-ci ildə nəşr olunduğu göstərilir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 11 ay ərzində “ORN GROUP” MMC ilə 20 milyon manat civarında iki satınalma müqaviləsi bağlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında sözügedən MMC-nin Vəliyeva Tamara Əlibala qızı tərəfindən təsis edildiyi göstərilir. Hazırda MMC-nin qanuni təmsilçisi kimi Bağırov Qəzənfər Füzuli oğlu göstərilsə də Tamara Vəliyeva çox güman ki, təsisçilik hüququnu özündə saxlayır.

Açıq internet axtarış sistemləri üzərindən əldə etdiyimiz məlumatlarda Vəliyeva Tamara Əlibala qızının nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu yazılır. Burada iki sual yaranır. Azərbaycanda bir xanım yazıçının təsisçisi olduğu sıradan bir şirkətin 11 ay ərzində 20 milyon manata yaxın dövlət sifarışi alması nə dərəcədə realdır? Sözsüz ki, MMC bu dövlət sifarişlərini yüksək çinli məmurların tapşırığı ilə əldə edib. Yəni, şirkət Vəliyeva Tamara Əlibala qızı, Bağırov Qəzənfər Füzuli oğlu tərəfindən deyil, həmin məmurlar tərəfindən idarə olunur. Yəni, üçüncü bir şəxs daha var. O, üçüncü şəxs kimdir?

Aktualinfo.org

Bənzər yazılar

Back to top button