Arzu Rəhimov 4 aylıq şirkəti qalib etdi – Səfərbərlik xidmətinin tender oyunları

by Aztoday Xəbər Portalı

Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elan etdiyi satınalma müsabiqələrinin qalibləri bəlli olub.

Hit.az xəbər verir ki, qaliblər “İmza Ofis” MMC və “Madrin Az Serviz” MMC-dir. “İmza Ofis” Dövlət Xidmətini MMC 289 088.2 AZN müqabilində dərman, sarğı ləvazimatı və materiallarla təmin etməlidir. Buna görə şirkətə 289 088.2 AZN ödəniləcək.

“Madrin Az Serviz” MMC isə 197 711.5 AZN müqabilində Dövlət Xidmətini hərbi geyim forması və ləvazimatlarla təmin edəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “İmza Ofis” MMC-nin 11 aprel 2017-ci il tarixdə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Mağtağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Üzeyir Rəfail oğludur.

Açıq mənbələrdə Üzeyir Babayev haqqında hər hansı məlumat yoxdur. “İmza Ofis” MMC-yə gəlincə, şirkətin veb-səhifəsindən məlum olur ki, dəftərxana, qida və təsərrüfat mallarının satışı ilə məşğuldur. Maraqlıdır ki, şirkətin dərman ləvazimatları satdığı barədə hər hansı qeyd yoxdur.

“Madrin Az Serviz” MMC isə yeni yaranan şirkətdir. MMC 14 dekabr 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 133, mənzil 16-da yerləşir. MMC-nin qanuni təmsilçisi Talıbov Qoşqar Mirzəxan oğludur.

O, “Azər Plaza” və “Fermin” şirkətlərinin də qanuni təmsilçisidir. Hər iki MMC “Madrin AZ Serviz” MMC ilə eyni ünvanda qeydiyyatdadır.

Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi geyim forması və ləvazimatların satın alınması ilə bağlı tenderi 7 aprel 2021-ci il tarixdə elan edib. Həmin vaxt “Madrin AZ Serviz” MMC-nin yaranmasında 3 aydan bir az artıq vaxt ötüb. Ona görə də Xidmətin bu şirkəti qalib elan etməsi maraqlı görünür.

Dövlət satınalmaları haqqın qanuna görə tenderdə iştirak üçün peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığın olması tələb olunur. 4 ayın şirkəti olan “Madrin AZ Serviz” MMC-nin bu tələblərə cavab verməsi inandırıcı görünmür.

Bənzər Yazılar