Azərbaycan – Ermənistan sərhədində baş verənlərin pərdəarxası məqamları (ŞƏRH)

by Aztoday Xəbər Portalı

Qaragöl ətrafında baş verən proseslər getdikcə qəlizləşir.

– Paşinyana seçki öncəsi kiçik qələbə lazımdır. Moskva buna şərait yaratmayacaq.
– Rusiya məsələnin bizim xeyrimizə həllini də istəmir, daha çox mübahisəli ərazi kimi qalmasında, Qarabağda üçtərəfli razılaşmalar yerinə yetirildikdən sonra iki ölkə arasında “hakim” rolunu gücləndirmək üçün istifadə etməkdə maraqlıdır.
– KTMT Paşinyanın müraciətinə yaxın günlərdə baxacağını açıqlayıb, təşkilat məsələni uzatmağa, vaxt qazanmağa çalışacaq, çünki Moskva indi tərəf olmaq istəmir.
– Ermənistan KTMT-ni fakt qarşısında qoymaq üçün sərhəd bölgəsində silahlı təxribata əl ata bilər;
– Paşinyan Putindən hərbi yardım istəyib. Burada üç hədəf var:

1. Bakı-Moskva münasibətlərində Kremli çətin vəziyyətə salmaq;
2. Putin hərbi yardım istəyinə müsbət cavab verərsə, məsələdə “hakim” yox, tərəf rolunda yer alacaq və bu situasiya lazım olacağı təqdirdə Bakının Ankaranı da oyuna daxil etməsinə zəmin yarada bilər; bu, Qarabağ məsələsini birgə həll edən Türkiyə ilə Rusiyanın üz-üzə qoyulması deməkdir və Ankaranın müstəqil siyasətində Moskvanı alternativ seçim kimi istifadə etməsini qəbul etməyən ABŞ-ın, eləcə də Şərqi Aralıq dənizindəki proseslərdən etibarən Türkiyəyə qarşı əks-cəbhədə yer alan Fransanın marağındadır;
3. Putinin hərbi yardıma mənfi cavabı Paşinyana seçkilərdə bu amildən Rusiyanın dəstəklədiyi rəqiblərinə qarşı istifadə etməyə, seçkidən sonra Rusiya və ittifaqlarından uzaqlaşmaq üçün səbəb kimi göstərməyə şərait yaradır;

– ABŞ Dövlət Departamenti Azərbaycan qoşunlarının bölgədən geri çəkilməsi çağırışını edib. Dünən məsələyə neytral mövqe göstərən Vaşinqtonun bir gün sonra tərəf seçməsi nədən qaynaqlanır?

1. Paşinyanın seçkiöncəsi kiçik qələbə qazanmağını və bundan seçkidə istifadə etməsini istəyir;
2. “Soyqırımı” məsələsindən sonra ikinci jesti edir və bu, bölgədə Bakı və Ankara ilə uzlaşma olmayacağı təqdirdə, Ermənistan üzərindən hərəkətə keçmək imkanlarının hazırlanmasına hesablanıb;
3. Belə dəstək Rusiyanı Ermənistanın mövqeyini dəstəkləməyə sövq etmək, beləliklə, tərəf olmasına və Ankara ilə Moskvanın üz-üzə qoyulmasına zəmin hazırlamaq gedişidir;

Mümkün riskləri dəyərləndirən Bakı sərhəddə gərginlik istəmir. Hərçənd, səssizliyinin arxasında fərqli manevrlərinin olduğu da istisna deyil. Qarşıdakı dövrdə Qarabağda baş verə biləcək prosesləri izləyək…

Asif Nərimanlı

Bənzər Yazılar