Tofiq Zülfüqarov: “Azərbaycanın Ermənistana ərazi iddiaları irəli sürməyə haqqı var”

by Aztoday Xəbər Portalı

Qərbin Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyətə kəskin reaksiyasının ciddi nəticələri olmayacaq. Bu fikri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-a müsahibəsində ABŞ Dövlət Departamentinin və Fransa prezidentinin reaksiyasını şərh edərkən söyləyib. “Əgər beynəlxalq birlik təzyiq göstərmək istəsəydi, bunu ermənilər Qarabağı və Azərbaycanın digər ərazilərini işğal edəndə edərdilər. 30 il ərzində onlar da müşahidə etdilər və bəyanatlar verdilər”, – o deyib.

Hazırda iki ölkə arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir ki, bu da istənilən müharibədən sonra qaçılmazdır. 30 ildir ki, Ermənistan bütün dünyanı gözü önündə qonşu ölkənin torpaqlarını mənimsəyərək bunu tarixi ədalətin bərpası adlandırıb. O zaman dünya birliyi tərəfindən qınayıcı bəyanatlar verildi və hətta Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edildi, lakin Ermənistan onlara məhəl qoymadı.

“Əgər tarixi ədalətdən danışsaq, o zaman bizim Ermənistana ərazi iddiası irəli sürməyə tam hüququmuz var, çünki Zəngəzur, Göyçə Azərbaycanın tarixi torpaqlarıdır”, – Zülfüqarov deyib.

Tənqidin Rusiya tərəfindən yox, Qərb tərəfindən səslənməsinin səbəbləri barədə sualın cavabında keçmiş nazir deyib ki, Zəngəzur dəhlizində Rusiyanın marağı Azərbaycandan az deyil. Zülfüqarov hesab edir ki, Moskva üçün Türkiyə ilə əməkdaşlıq və regional tandem Ermənistanı “saxlamaqdan”, ona sonsuz hərbi, siyasi və iqtisadi yardım göstərməkdən daha vacibdir.

O, Ermənistanın özündə demarkasiya proseslinə kəskin reaksiyanı seçkiqabağı vəziyyətlə izah edib: müxalifət vəziyyəti dramatikləşdirməyə və bundan Paşinyan hökumətinə qarşı istifadə etməyə çalışır.

Paşinyan özü də Qərblə Rusiya arasında manevr etməyə cəhd edir və maksimum siyasi və digər dəstək almağa çalışır. Əgər Ermənistan yenidən Qərbə arxalanmağa çalışsa, onun itkiləri ancaq artacaq. “Rusiya Ermənistanı müdafiə etməyəcək, geosiyasi vəziyyət köklü şəkildə dəyişib.

Ermənistan üçün yeganə çıxış yolu Türkiyə ilə düşmənçiliyə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq, Qarabağa iddialardan əl çəkmək və Azərbaycan ərazisində erməni yaşayış məntəqələrindəki proseslərə müdaxilə etməməkdir.

Nəhayət, Ermənistan üçtərəfli saziş üzrə öhdəliklərini yerinə yetirməli və Zəngəzur dəhlizinin açılmasını əngəlləməməlidir”, – Zülfüqarov qeyd edib.

Xaricdən mənfi reaksiyaya gəlincə, belə şeylərin gələcəkdə də olması mümkündür. Müharibədən sonrakı dövrü keçid dövrü hesab etmək olar və bu dövrdə belə “xoşagəlməz hallar” vaxtaşırı baş verəcək, Tofiq Zülfüqarov qeyd edib.

Bənzər Yazılar