Sedat Pekerin açdığı “Pandora qutusu” Türkiyəni hara aparır?

by Aztoday Xəbər Portalı

Türkiyədə mafiya lideri kimi tanınan Sedat Pekerin ard-arda yayımladığı videolar Türkiyə cəmiyyətin silkələməyə başlayıb.

Müxalifət liderlərinin youtube üzərindən yayımlanan müsahibə və çıxışlarının izlənmə sayı bir qayda olaraq yüz mini keçmədiyi halda, Sedat Pekerin videoları milyonlar tərəfindən izlənir. Ard-arda yayımlanan videoların izləyicilərinin sayında da artım müşahidə olunur. Belə ki, iki həftə əvvəl yayımlanan “Şahsıma Yapılan Kanunsuzlukların Taşeronu mehmet ağar ve pelikancılardır” başlıqlı ilk videonun izlənmə sayı bu sətirlər yazıldığı zaman 2 212 942 olduğu halda, “mehmet ağar ve pelikancıların Gerçek Yüzü ( Ödeşmek Adettendir!)” başlıqlı ikinci videonun izlənmə sayı 3 166 891, “Derin Devletçiler, Pelikancılar; Bir Tripoda, Bir Kameraya Yenileceksiniz” başlıqlı üçüncü videonun izlənmə sayı 3 412 216, “Bazıları Aslan Hikayesini Anlatmadan Avcının Hikayesine İnandılar. Görüşeceğiz” başlıqlı iki gün öncə yayımlanan dördüncü videonun izlənmə sayı 4 403 983 idi. Rəqəmlərdən də aydın görünür ki, dördüncü video birinci videodan iki dəfə artıq izlənib. Sedat Pekerin ard-arda yayımladığı videoların şərhinə həsr olunmuş videoların izlənmə sayı da yüz minlərlə ölçülür.

Sedat Pekerin ard-arda yayımladığı videolar iqtidara çox ağır zərbə vurmaqdadır. Doğrudur, Sedat Peker president Rəcəb Tayyib Ərdoğanı hədəf almır. Amma Ərdoğanın ailə üzvülərini, ən yaxın kadrlarını hədəf alır. Türkiyə cəmiyyəti Sedat Pekerin yayımladığı videoların və həmin videoalarla bağlı şərhlərinin təsiri altında sirkələnir. 2007-2011-ci illərdə Baş nazirin müavini, 2011-2015-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuş Cəmil Çiçək mətbuata verdiyi açıqlamada deyib ki, Pekerin iddialarının mində biri doğrudursa, bu fəlakət deməkdir.
Sedat Pekerin videolarda səsləndirdiyi ifşaedici məlumatların isə böyük qisminin həqiqət olduğuna artıq heç kim şübhə etmir. Çünki, Sedat Pekerin iddiaları əsaslı şəkildə təkzib olunmur. Əksinə, videolarda adları çəkilən şəxslərin açıqlamaları Sedat Pekerin səsləndirdiyi iddiaların həqiqət olması təəssüratını daha da gücləndirir.

Sedat Pekeri mafiya başçısı, cinayətkar kimi təqdim etməklə onun yayımladığı videoların cəmiyyətə təsirini azaltmaq cəhdi isə iqtidarın öz əleyhinə işləyib. Çünki, prezident Rəcəb Tayyib Ərdoğanın Sedat Pekerlə xoş münasibətdə olduğunu təsdiqləyən foto və məlumatlar mövcuddur. Sedat Pekerin açdığı “Pandora qutusu” Rəcəb Tayyib Ərdoğan iqtidarına etimadsızlıq yaratmaqla yanaşı, dövlət institutlarının da ligitimliyinə şübhə salmağa başlayıb. Bu isə Türkiyəni çox qorxulu proseslərin içinə sürükləyə bilər. Müxalifət çıxış yolunu dərhal vaxtından əvvəl seçkilərin keçirilməsində görür. Siyasi müşahidəçilər isə bildirlər ki, Sedat Pekerin səsləndirdiyi iddiaları təsdiqləyən video, audio və fotoların yayılacağı halda Türkiyənin dövlət imici də ağır zədə alacaq.

Sedat Peker ümumillikdə səkkiz video yayımlayacağını vəd edib. Sedat Pekerin yeni videoları səbirsizlikə gözlənildiyi kimi, əvvəlki videolarda səsləndirdiyi fikirlərlə yanaşı müəyyən işarələrə verdiyi mesajlar qızğın müzakirə mövzusudur. Məsələn, İtalyan mənşəli amerikalı yazıçı Mario Puzonun “Aptallar erken ölür” kitabını masa üzərində nümayiş etdirməsi qızğın müzakirə olunan məqamlardandır.

Türkiyə ilə “Bir millət, iki dövlət” olduğumuzdan Sedat Pekerin açdığı “Pandora qutusu”dan bizə də “pay” düşüb.

Xaqani Cəfərli, politoloq

Bənzər Yazılar