Azərbaycanda qeydiyyatda olan QİÇS xəstələrinin sayı açıqlandı (RƏSMİ)

by Aztoday Xəbər Portalı

Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7 449 nəfər rəsmi qeydiyyatdadır.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, onlardan 5198-i (69,8 %) kişi, 2251-si (30,2 %) qadındır.

QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1 889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı isə 1 119 nəfərdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6 627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.

Hazırda, Respublika QİÇS-lə Mübarizə Mərkəzi COVID-19 pandemiyası ilə əlaqədar İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə öz işini UNAİDS-in tövsiyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədi ilə onlara ARV dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni zamanda ehtiyac olduqda onların koronavirusa görə testə göndərilməsi həyata keçirilir.

Bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyişmiş insanların xatirəsi anılır. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən “Karantin rejimi” ilə əlaqədar maarifləndirmə işləri, həmçinin İİV-infeksiyası ilə əlaqədar vətəndaşların sorğularının cavablandırılması üçün RQMM-in rəsmi internet səhifəsində yeni modul yaradılıb və 24 saat onlayn fəaliyyət göstərən həkim və digər əməkdaşların mobil telefonları orada qeyd olunub.

Qeyd edək ki, bu gün İİV/QİÇS-dən vəfat edən insanların Ümumdünya Xatirə Günüdür.

Bənzər Yazılar