Hadisə

Salahzadələr ailəsi məhkəməyə verildi – Böyük mülk davası

Sabunçu rayon Məhkəməsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudası, keçmiş deputat Qalib Salahzadə, oğlu, Milli Məclisin üzvü Əliabbas Salahzadə və onun qızı Xatirə Salahzadəyə qarşı iddiaya baxacaq.

Hit.az xəbər verir ki, mayın 26-da, səhər saat 10-da hazırlıq iclası keçiriləcək.

Salahzadələrdən şikayətçi olan isə Bakı sakini Seymur Quliyevdir. O, iddia ərizəsində Allahşükür Paşazadəni də üçüncü şəxs kimi təqdim edib.

Seymur Quliyevin əlində Bilgəh qəsəbəsində dəniz sahilində yerləşən 20 sot əraziyə mülkiyyət hüququnu təsdiqləyən çıxarış var. O deyir ki, 2004-cü ildə aldığı bu əmlak Salahzadələr ailəsi tərəfindən zəbt olunub, bağın içində tikdirdiyi 3 və 2 mərtəbəli iki evi, həyətdəki hovuzu sökülüb. Mübahisəli əmlaka 2012-ci ildə deputat Əliabbas Salahzadənin həyat yoldaşı, şeyxin isə qızı olan Xatirə Salahzadənin adına çıxarış alınıb.

Seymur Quliyevin şikayəti əsasında məhkəmə həmin çıxarışı ləğv edib. Buna baxmayaraq, o, hələ də öz əmlakından istifadə edə bilmədiyini deyir.

“Əlimdə mülkiyyət sənədi olan əmlakımdan zorla çıxarıldıq. Bağ evlərimiz buldozerlə söküldü. Uşaqlarımın oyuncaqlarına qədər götürüb apardılar. Yerli məhkəmələr ədalətli qərar versələr də, indiyədək mən öz əmlakımın ərazisinə daxil ola bilmirəm, şlaqbaum var. Mənim ərazimdən yayda – dəniz mövsümündə avtodayanacaq kimi istifadə olunub, pul toplanılır”, – Seymur Quliyev bildirib.

O, iddia ərizəsində ərazinin boşaldılması, dağıdılmış əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını, maddi ziyana görə 3 milyon, mənəvi ziyana görə 2 milyon, beş il ərzində oradan dayanacaq kimi istifadə olunmasına görə isə 450 min manat pulun cavabdehlərdən tutulub ona verilməsi tələbini qoyub.

DİN-in idarəsi prokurorluq qarşısında vəsatət qaldırıb və Salahzadələr ailəsinin bu iddiaya münasibətini öyrənmək mümkün olmayıb.

Seymur Quliyevin şikayəti əsasında CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələri ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsində aparılan istintaqa Qalib Salahzadə də cəlb olunub. Onunla bağlı istintaq hərəkətləri aparılıb.

2020-ci ildə istintaq belə nəticəyə gəlib ki, Salahzadənin əməlində CM-in 186 və 188-ci maddələrindən başqa, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), (vəzifə səlahiyyətlərini aşma) və 222-2 (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin də tərkibi var. Çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi. Bu maddələrlə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir. Yaxud da prokurorluq ayrıca razılıq verməlidir ki, daxili işlər orqanlarında istintaq davam etdirilsin.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib. O vaxtdan da cinayət işinin icraatı dayandırılıb. Seymur Quliyev hər kəsi prosesi izləmək üçün Sabunçu Rayon Məhkəməsinə dəvət edib.

Bənzər yazılar

Back to top button