10 yaşlı qızın öldürülüb yandırılmasıyla bağlı məhkəmə araşdırmaları başladı

by Aztoday Xəbər Portalı

Vəkil: “Bütün ittiham bir ifadə üzərində qurulub, bu da yolverilməzdi”

İlyarım əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi və meyitinin yandırılmasıyla bağlı məhkəmə prosesi başlayıb.

Mayın 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən hazırlıq iclasında azyaşlının qətlində ittiham olunan kənd sakini İlkin Süleymanov bu işə aidiyyəti olmadığını bildirib, haqqındakı cinayət işinə xitam verilməsini istəyib.

İlkin Süleymanovun vəkilləri bildirib ki, il yarıma yaxın davam edən istintaq dövründə ittiham tərəfi bu cinayəti onun törətdiyini təsdiqləyən mötəbər sübutlar ortaya qoya bilməyib:

“Bütün ittiham İlkin Süleymanovun 2020-ci il yanvarın 6-da saxlandıqdan 4 gün sonra imza atdığı bircə ifadəyə əsaslanır. Bu da yolverilməzdir. Qanun da deyir ki, yolverilməz sübutlarla hökm çıxarıla bilməz”.

Müdafiə tərəfi İlkin Süleymanovun təqsirsiz olduğunu, bu cinayəti onun törətmədiyini vurğulayaraq, onun barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Lakin Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. Belə olan halda, vəkillər heç olmasa, məhkəmə hökm çıxarana qədər onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər: “Artıq istintaq yekunlaşıb. Onun şahidlərə təsir göstərmək, sübutları saxtalaşdırmaq imkanı yoxdur”.

Bu vəsatət də təmin olunmayıb. Məhkəmə baxışı iyunun 1-nə təyin edilib. Həmin gün məhkəmədə ittiham aktının elan olunacağı və İlkin Süleymanovun ifadə verəcəyi gözlənilir.

48 yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir.

İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
İlkin Süleymanovun ailə üzvləri də onun təqsirsiz olduğunu, hüquq-mühafizə orqanlarının bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün onun üzərinə qoyduğunu bildirir. İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məqalədə istifadə olunan foto jurnalist Fərid İmrana məxsusdur.

Criminal.az

Bənzər Yazılar