Azərbaycan əsgəri Xocavənddəki erməniləri “separatçı bayrağı”nı çıxarmağa məcbur etdi

by Aztoday Xəbər Portalı

İkinci Qarabağ Müharibəsi Xocavənd rayonunun ən böyük kəndlərindən biri olan Tağaverdin iki hissəyə bölünməsinə səbəb olub.

Müharibə nəticəsində kəndin yuxarı hissəsi işğaldan azad edilib və Azərbaycan Ordusunun nəzarəti altına keçib, aşağı hissəsi isə hələ ki erməni separatçılarının əlindədir.

Hazırda Tağaverdin 600 hektarlıq torpaq sahəsindən cəmi 100 hektarına ermənilər nəzarət edə bilir. Onun da 20 hektarı təhlükəli zona sayılır.

Modern.az-ın məlumatına görə, bu günlərdə “Sputnik Ermənistan” Agentliyinin əməkdaşı Tağaverd kəndində olub və orada yaşayan azsaylı erməni sakinlərlə söhbətləşib.

Ermənilər əkin sahələri və otlaqların azlığından gileylənərək, həyəcanla Tagaverdin Azərbaycan mövqeləri ilə əhatə olunduğunu bildiriblər.

Tagaverdin Elmira və Şura Alaverdyan adlı ər-arvad sakini erməni jurnalistə maraqlı bir fakt barədə danışıblar.

Onlar bildiriblər ki, Ermənistan və Azərbaycan hərbçilərinin mövqeləri arasındakı məsafə təxminən 40 metrə çatır. Tərəflər arasında bəzən söz atışması yaşanır və hətta söyüşlər də eşidilir.

Alaverdyan ailəsi deyib ki, təxminən 1 ay öncə Tağaverddə keşik çəkən Azərbaycan əsgərləri separatçıların kəndin qarşı tərəfində asılmış “bayrağı”nı ərazidən yığışdırmağı tələb ediblər.

Erməni tərəfi əvvəlcə bununla razılaşmaq istəməyib. Vəziyyətin silahlı toqquşmaya keçməməsi üçün hətta rusiyalı sülhməramlılar da hadisə yerinə gəliblər.

Azərbaycan tərəfinin qətiyyətli tələbi nəticəsində nəhayət erməni hərbçilər həmin əsgi parçasını çıxarmağa məcbur olublar.

Elmira və Şura Alaverdyan adlı erməni ər-arvad deyiblər ki, vəziyyət dəyişməzsə, çoxları kənddən ayrılmaq məcburiyyətində qalacaq.

Hazırda Tağaverddə qalan azsaylı erməni sakinlər kəndin Qırmızı bazar qəsəbəsinə yaxın ən aşağı hissəsində yaşayırlar…

Bənzər Yazılar