Cəmiyyət

120 min azərbaycanlının taleyini həll edəcək günə bir ay qalır…

Bir müddət öncə MDB-nin Parlamentlərarası Assambleyasında çıxışı zamanı Rusiyanın daxili işlər nazirinin müavini Aleksandr Qorovoy MDB-yə üzv ölkələrin Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılması ilə bağlı tələbini açıqlamışıdı.

Nazir müavininin slaydda nümayiş etdirdiyi statistikaya görə, bu gün Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 mini, Qazaxıstanın 49 min vətəndaşı Rusiyada qeyri-qanuni yaşayır. Artıq 15 iyuna az vaxt qalır.

Lakin pandemiya səbəbindən təyyarə biletlərinin həddən artıq baha və sərhəd qapılarının da bağlı olması azərbaycanlıların vətənə qayıtmasına çox ciddi əngəl yaradır. Bununla bağlı Azərbaycan dövləti hansı tədbirləri nəzərdə tutur? Camaat arasında belə söz-söhbət gəzir ki, guya iyunun 1-də Azərbaycan-Rusiya nəzarət buraxılış məntəqəsi açılacaq. Bu məlumat nə dərəcədə doğrudur?

Rusiyada yaşayan həmyerlilərimizdən birinin Qaynarinfo-ya verdiyi məlumata görə, sentyabrın 15-dən sonra ölkədən çıxmasa, 3500 manat cərimə ödəyəcək:

“Burada camaat pis gündədir. Vətəndaşlarımızın böyük əksəriyyətinin maddi imkanı yoxdur. Quru yolu bağlıdır. Bundan əlavə, Türkiyə ilə də sərhəd bağlıdır. Sənəd düzəltdirmək mümkünsüzdür. Sentyabrın 15-dən sonra ölkədən çıxmayanlara 150000 rubl cərimə və ya cinayət məsuliyyəti var. Vəziyyət çox pisdi. Nə vaxtdı çalışıram, hec nə edə bilmirəm”.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi çox zəif işləyir:

“Bu vəziyyətə düşən yüzlərlə Azərbaycan vətəndaşı var. Bir çoxları onların saylarının 120 min olduğunu qeyd edib. Bu aylar ərzində onların bir çoxları çalışdılar ki, leqal sənədlər düzəldib, Rusiyada qalmaqda davam etsinlər. Onlar bilirlər ki, Azərbaycana qayıtsalar, iş tapmaqla bağlı problemlərlə qarşılaşacaqlar. Ona görə də onların bəziləri verilən müddətdən istifadə edərək öz vəziyyətlərini leqallaşdırmağa çalışdılar. Amma buna baxmayaraq, yenə də minlərlə vətəndaşımızın geri qayıtmağa imkanı yoxdur. Həm qanuni, həm də maddi. Ona görə də iyunun 15-dən sonra Rusiyanı tərk etməsi məcburiyyəti yaranacaq. Burada artıq Azərbaycan dövləti dövriyyəyə girməlidir. Azərbaycan səfirliyi Rusiya tərəfi ilə birgə işləməlidir. Bunların çarter reysləri ilə Azərbaycana gətirilməsi ilə bağlı qərar verilməlidir. Bundan əlavə, çarter reysləri çox ucuz olmalıdır. Və yaxud da bəzi ölkələrin təcrübəsini nəzərə alsaq, bu, pulsuz da həyata keçirilə bilər. Xüsusi bir dəmir yolu, xüsusi eşalonlar təşkil olunmalıdır. Pandemiyadan əvvəl Bakı-Moskva qatarları işləyirdi. Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi yolları axtarılmalıdır. Çünki o insanları taleyin ümidinə buraxmaq olmaz. Azərbaycan dövlətinin öz vətəndaşları qarşısında bir məsuliyyəti də var. Digər ölkələrin qeyri-leqal miqrantlarının da ölkədən çıxarılması ilə bağlı qərar verilib. Bu, təkcə Azərbaycana aid deyil. Amma görünən odur ki, Pakistan, Özbəkstan Xarici İşlər Nazirliyi bununla bağlı aktiv iş aparır. Amma Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bununla bağlı ciddi açıqlaması, araşdırmaların aparılması, siyahıya alınmasının həyata keçirilməsi ilə bağlı çox təəssüf ki, ictimaiyyətə açıqlama verilmir. Bu da nəticə etibarı ilə orada yaşayan azərbaycanlıların sanki vətənin, dövlətin onlara sahib çıxmaması hissini yaradır. Orada qalmaq istəyən vətəndaşlara Azərbaycan səfirliyi tərəfindən hüqiqi yardım göstərib, onların leqallaşmasına kömək elmək lazımdır. Orada həmçinin konsulluq xidməti də var ki, onlar da bu işlə məşğul ola bilərlər. Yaxud da heç cür leqallaşdırılması mümkün deyilsə, ya çarter rejsləri təşkil olunmalı, ya da Bakı-Moskva qatarı ilə bir necə min insanı daha ucuz qiymətə vətənə çatdırmaq mümkün olar. Rusiya ilə əlaqəli qurumlarla təmas qurulmalı və razılıqlar alınmalıdır ki, azərbaycanlılar ölkəyə qayıda bilsin”.

Bənzər yazılar

Back to top button