Siyasət

Paşinyanın erkən seçki qərarı Azərbaycan üçün risklər yaradır? (ŞƏRH)

ABŞ və Rusiya münasibətlərinin gərginləşməsi, xüsusi ilə Co Bayden və Vladimir Putinin bir-birinin ünvanına sərt ifadələr səsləndirməsi fonunda Ermənistan baş nazirinin erkən parlament seçkiləri qərarı verməsi birmənalı qarşılanmayıb. Belə ki, 44 günlük döyüşlər məğlub olan Ermənistanda Nikol Paşinyanın reytinqinin aşağı düşməsinə səbəb olsa da, hakimiyyət yaşanan siyasi böhranı nəzarətdə saxlaya bilirdi. Hətta qiyam etmək istəyən ordu generallarını belə oyundankənar vəziyyətdə saxlamağı bacaran Paşinyanın erkən seçki qərarı indiki konyunkturada riskli sayılır.

Qaynarinfo xəbər verir ki, REAL partiyasının sədri İlqar Məmmədov Nikol Paşinyanın 20 iyuna erkən seçki təyin etməsini səhv addım kimi qiymətləndirib. Partiya sədri erkən seçki qərarının Paşinyan və region üçün riskləri artırdığını bildirib:

“Erkən seçki Paşinyanın ən güclü silahını onun əlndən alacaq. Bu silahın adı legitimlikdir, leqallıqdır, hakimiyyətin konstitusyon əsaslarının möhkəmliyidir. Erkən seçkidə səs qazansa belə, nəticəni qoruyub saxlamaq Paşinyan üçün çox çətin olacaq. Seçki sonrası ordu, bəlkə həm də polis siyasi etirazçılara qoşulacaq, ya da onlara yardımçı olacaq. Qanun onları bu əməldən indikindən daha az çəkindirəcək, çünki seçki leqallığın sınaq anıdır, ən zəif anıdır”.

Ermənistanda erkən seçkinin Azərbaycan üçün az qala qaçılmaz müharibə təhlükəsi olduğunu deyən İlqar Məmmədovun sözlərinə görə, Paşinyan yıxılsa, Rusiya ötən il olduğu kimi qıraqda durmayacaq və regiondakı ənənəvi xəttinə dönəcək:

“Regionda Rusiyaya rəqib olan, amma anti-Azərbaycan mövqeyindən çıxış edən başqa qüvvələr də ölkəmizə qarşı yönəlmiş çoxgedişli hərbi-siyasi əməliyyata qatıla bilərlər. Odur ki, Azərbaycan hərbi hazırlıqlara ən qəti niyyətlə başlamalı, cəmiyyəti həlledici savaşa hazırlaşmalı, Türkiyədən və digər müttəfiqlərindən birbaşa, təcili və miqyaslı hərbi dəstək istəməlidir. Həmçinin, riskləri idarə etmək üçün Ermənistan seçicisinə və siyasi sisteminə çəkindirici mesajımız bu müddət ərzində tam aydın olmalıdır”.

Siyasi analitik Nazim Cəfərsoy da Ermənistanda növbədənkənar seçki prosesinin Azərbaycan üçün müəyyən risklər yaradacağı fikrindədir:

“Seçki prosesində olan radikal əhval-ruhiyyə səbəbiylə Qarabağda müəyyən qeyri-sabitlik yarada bilərlər. Ancaq seçimi Pasinyan qazanıb hökumət qura bilsə, Ermənistanı regionda daha faydalı bir mövqeyə daha rahat çəkə bilər. Paşinyan uduzsa, Ermənistanla münasibətlərdə normallaşma xeyli gecikə bilər”.

Bənzər yazılar

Back to top button