Əli Həsənovun nəvəsinin məhkəməsində vəkil qalmaqalı (FOTO)

by Aztoday Xəbər Portalı

Xəbər verdiyimiz kimi, bu gün şərti cəza ilə azadlığa çıxan Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyeva qarşı daha bir məhkəmə keçirilib.

Məhkəmə onun törətdiyi qəzada ağır xəsarət alan Türkiyə vətəndaşları Mütallib və Söngül Tekişin verdiyi şikayəti əsasında keçirilib. Şikayətə Nərimanov Rayon məhkəməsində hakim Solmaz Əbilovanın sədirliyi ilə baxılıb.

Bizim.Media-ya açıqlamasında Mütallib bəy bildirib ki, Həsənov ailəsinin vəkili Muxtar Mustafayev məhkəmə zalında özünü apara bilməyib, əsil şou göstərib.

Şikayətçinin sözlərinə görə, vəkil dəfələrlə məhkəmənin gedişatına mane olub, şahidlərin və şikayətçilərin danışmağına izin verməyib. Bundan başqa o, vəkilin hakimin də işinə dəfələrlə müdaxilə etməyə cəhd göstərdiyini deyib.

“Proses boyu hakim öz işinin professionalı olduğu üçün onun törətdiyi təxribatlara uymayaraq, vəkili səbrlə dinləməyə çalışdı. M. Mustafayev yalandan iddialar səsləndirdi. O, bütün bizim söylədiklərimizin əksini sübut etməyə çalışdı.

Lakin biz ortaya səsləndirdiyimiz iddialara sübut olaraq qoyduğumuz dəlillər onu susmağa məcbur etdi. Çünki deyiləcək sözü yox idi. Hətta proses gedən zaman etiraz olaraq oturduğu yerindən sıçrayıb hakimin qarşısında qışqıra-qışqıra belə danışırdı. Hakim qeyri-etik hərəkətlərinə görə onu məhkəmə zalından çıxarmaq istədi. Prosesi tezliklə bitirməyə çalışdı. Bizi “Siz yalan danışırsız, biz sizə belə edəcəyik” deyə bizi təhdid də etdi”.

M.Tekiş qarşı tərəfin vəkilinin prosesdə hakimə qarşı etdiyi ədəbsiz hərəkətlərin Azərbaycan hüquq sisteminə də bir hörmətsizlik olduğunu bildirib.

Sonda iddiaçı lazım olan bütün sübutları məhkəməyə təqdim etdiyini və Azərbaycan ədliyəsinin doğru qərar verəcəyinə inandığını da qeyd edib:

“Biz məhkəməyə bütün dəlil və sübutlarımızı təqdim etdik. Məhkəmə üç gün sonra yəni mayın 21-də qərarını açıqlayacaq”,- deyə o bildirib.

Xatırladaq ki, 2017-ci il 3 avqustunda Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində piyada Vaqif Əsədov və onun yanında olan Mehdi Əliyev dünyasını dəyişib.

Türkiyə vətəndaşları olan Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb.

Bundan başqa işadamı olan Mutallib Tekiş uzun müddət xəstəxanada müalicə aldığı üçün, bütün işləri ləğv edilib. Bundan sonra o, müflis olub.

Bənzər Yazılar