Hadisə

Qarabağ veteranını aldadan qadını deputat himayə edir – Təfərrüat

Qarabağ müharibəsi veteranını aldadıb, böyük miqdarda pulunu alıblar. Dələduz iddia edir ki, arxasında deputat dayanıb və ona heç nə edə bilməzlər.

Bakıda keçmiş polis işçisi, təqaüddə olan 1-ci Qarabağ müharibəsi veteranı 48 yaşlı Umud Məmmədov dələduzluqla üzləşib.

Bakupost.az xəbər verir ki, o, 2017-ci ildə təqaüdə çıxdıqdan sonra Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının ticarəti ilə məşğul olmağa başlayıb. Bu müddətdə Bakı şəhər sakini Mina Lütfəliyeva adlı bir qadın ona yaxınlaşaraq, zərgərlik məmulatlarının satışı ilə məşğul olduğunu, daha çox evlərdə satış etdiyini, zinət əşyalarını alıb-satıb, sonra pulu verdiyini bildirib. Mina Lütfəliyeva ilə qızılları alıb, satıb, hissə-hissə, vəd olunan vaxtda həmin pulu gətirəcəyinə dair müqavilə də imzalayıblar.

İlk başlarda Lütfəliyeva həqiqətən qızılları alıb-aparıb satmış, pulu vaxtı-vaxtında tam gətirib ödəyib. Beləliklə, o, bu yolla Məmmədovun etibarını qazanıb. Getdikcə daha yüksək məbləğdə zinət əşyalarını götürüb, satmaq adı ilə aparıb. Bir müddət sonra isə apardığı zinət əşyalarının pulunu gətirməyib, müxtəlif bəhanələrlə pulu gecikdirib, beləliklə 37 min 555 manatı verməyib.

Umud dəfələrlə pulu tələb etsə də, qadının verməyəcəyini anlayıb, polis idarəsinə üz tutub. Amma qadının işi təkcə zərgərlik məmulatlarının satış pulunu verməməklə bitmir, o, Məmmədova və onun tanışlarına guya, yuxarı vəzifəli insanlarla əlaqəsinin olduğunu, onların vasitəsi ilə dövlət orqanlarına kimləri isə işə düzəldəcəyini deyərək, bir çox adamdan müəyyən məbləğlərdə pullar da alıbmış. Umudun tanışları qadının onun yanında etibarının olduğunu görüb inanmış və işə düzəlmək məqsədi ilə müxtəlif məbləğdə pul veriblər.

Beləliklə, həm qızıl-zinət əşyalarını, həm də işə düzəltmə adı ilə Lütfəliyeva Məmmədovun tanışlarından 122 min 425 manat dələduzluq yolu ilə vəsait alıb və geri qaytarmayıb.

Dələduzluğun qurbanı olduğunu görən Məmmədov isə polisə müraciət edir. Ötən ilin may ayında Səbail rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edir. 8 oktyabrda Mina Lütfəliyevaya qarşı Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təkrar yol verilən dələduzluq maddəsi ilə iş açılır və 12 nəfər zərərçəkmiş dindirilir.

İstintaqın gedişi zamanı zərərçəkənlərlə təqsirləndirilən şəxslər qarşılaşdırılır. Gedişat zamanı Lütfəliyeva qismən öz günahını boynuna alaraq, zərərçəkənlərə dəyən maddi ziyanı zamanla ödəyəcəyini deyib, vaxt istəyir. Həmin vaxtdan aylar keçməsinə baxmayaraq, Lütfəliyeva dediyi heç bir sözə əməl etməyib.

Bu ilin aprel ayında Umud Məmmədov yenidən Baş Prokurorluğa şikayət ərizəsi verib. Ərizədə bildirilir ki, Lütfəliyevaya qarşı aylardır iş açılsa da, şübhəli şəxs hələ də məsuliyyətə cəlb olunmayıb, məhkəmə keçirilməyib.

Məmmədov Lütfəliyevanın dilindən belə bir açıqlama verib ki, qadın işin əvvəlindən heç bir müstəntiqin, prokurorun, polisin onu həbs edə bilməyəcəyini, arxasında deputat Elnur Allahverdiyevin dayandığını deyib. Umud əvvəlcə buna inanmayıb. Lakin sonradan hadisələrin gedişatından hiss edib ki, həqiqətən də qadın deputata arxayındır. Çünki Səbail rayon Polis İdarəsində iş əvvəlcə bir müstəntiqdən alınıb, başqasına verilib, daha sonra isə heç bir əsas olmadan Bakı şəhər Baş Polis İdarəsinə yönləndirilib. Beləliklə məsələ uzanıb.

Qeyd edək ki, işə Lütfəliyevanın Məmmədovdan şəxsən pul götürməsi ilə bağlı video-material da əlavə olunub. O, pul götürdüyünü danmayıb.

Məmmədov Baş Prokurordan məsələnin obyektiv araşdırılmasını, hansısa vəzifəli şəxslərin müdaxilə etməsinin qarşını almasını xahiş edir. Özünü tanışlarının, dostlarının yanında günahkar bilir. Çünki ona etibar edib Lütfəliyevaya pul veriblər. Hətta zərərçəkən dostlarının, tanışlarının zərərini qismən ödəmək üçün məcbur olub evini də satıb.

Müstəntiqlər 4 aydır Lütfəliyevanı polisə gətirib, ondan izahat almağa çalışsalar da, alınmır. Çünki 4 aydır ki, qadın yoxa çıxıb, gəlməkdən yayınır.

“Bakupost”un əməkdaşı ittiham olunan Lütfəliyeva ilə əlaqə saxlayıb. O, məsələ ilə bağlı heç bir açıqlama verməyib. Bildirib ki, lazım olan izahatı artıq verib, qalan işlərlə vəkili məşğuldur. Lakin sonradan məlum olur ki, onun heç vəkili də yoxdur.

İşi aparan Rüfət Allazov isə əlavə edib ki, hələ ki, hadisənin detallarını açıqlaya bilməz.

Deputat Elnur Allahverdiyev isə Mina Lütfəliyevanı sadəcə bir seçicisi kimi tanıdığını deyib. Onun sözlərinə görə, parlament seçkilərindən 1 ay sonra həmin qadını tanıyıb:

“Onlar ailəlikcə mənim seçki dairəmə daxildir və seçicilərimdirlər. Qadın və anası ötən ilin yayında mənimlə əlaqə saxlayaraq göz yaşları içərisində başlarına gələnləri danışıb. Lütfəliyeva ona şər-böhtan atıldığını, dələduzluqda ittiham olunduğunu, böyük məbləğdə pul tələb edildiyini dedi və məndən kömək istədi. Deputat olaraq vəzifəm nədən ibarət ola bilər ki?! Həmin ərazi üzrə polis, hüquq-mühafizə orqanlarına zəng etdim, bununla məşğul oldum. Xahiş etdim ki, məsələ maksimum obyektiv aparılsın. Bundan başqa heç bir söz deməmişəm. Əgər başqa bir seçici eyni xahişlə mənə müraciət etsə, yenə eyni şeyi edərəm. Mənim tərəfimdən hüquq-mühafizə orqanlarına heç bir təzyiq yoxdur. Kimin günahkar, kimin günahsız olmasını onlar araşdırıb qərar verəcəklər”.

Deputat bir daha vurğulayıb ki, onun Lütfəliyeva ilə heç bir şəxsi tanışlığı, iş birliyi yoxdur: “O, sadəcə mənim seçicimdir”.

Bənzər yazılar

Back to top button