Cəmiyyət

“Şuşada həm də Şuşa Dövlət Universitetinin açılmasını gözləyirik” – Təhsil eksperti

“İşğaldan azad olunan ərazilərdə Qarabağ Dövlət Universiteti yaradılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, sözügedən universitet Şuşada yerləşməlidir:

“Biz həm də Şuşa ərazisində Şuşa Dövlət Universitetinin açılmasını gözləyirik. Burada tarix, hüquq, iqtisadiyyat kimi fakultələr olmalıdır ki, həmin ərazinin kadra olan inzibati dövlət orqanlarının ehtiyacı ödənilsin. Digər açılması vacib olan ixtisaslar ərazilərin mədəniyyət mərkəzinin olduğunu nəzərə alsaq, orada mütləq şəkildə Mədəniyyət Universiteti açılmalıdır. Qarabağ ərazisində hüquq-mühafizə orqanlarının – Dövlət Təhlükəsizlik Xidmətinin, Polis Akademiyasının, Fövqəladə Hallar Akademiyasının filialları açılmalıdır. Həmin ərazilərin hüquq-mühafizə orqanlarında kadrların gəncləşməsi üçün bu ixtisaslara xüsusi önəm verilməlidir. Ali təhsil müəssisələri insanların məskunlaşması üçün ucuz işçi qüvvəsinin təmin edilməsi məqsədi ilə ən vacib amil hesab edilə bilər”.

Kamran Əsədov qeyd edib ki, Şuşada, eyni zamanda Laçında, Kəlbəcərdə ən azı pedaqoji universitetlər açılmalıdır:

“Biz bilirik ki, həmin ərazilərdə çoxsaylı məktəblər var və onlar başqa yerlərdə fəaliyyət göstərib. Həmin məktəblər geri qayıtsalar da, oradakı müəllimlərin hamısı qayıtmayacaq. Orada ciddi şəkildə müəllimə ehtiyac olacaq. Həmin ehtiyacı aradan qaldırmaq üçün pedaqoji ixtisasların açılması şərtdir. Biz işğaldan azad edilmiş hər bir rayonda dövlət universitetinin, orta ixtisas və peşə müəssisəsinin yaradılmasını təmin etməliyik”.

Bənzər yazılar

Back to top button