Hadisə

Hakim pulun mənbəyini soruşdu, iş adamı ziddiyətli danışdı – Müəmmalı 5 milyon

Hakim pulun mənbəyini soruşdu, iş adamı ziddiyətli danışdı.

Bakıda milyonlarla manat dəyərində dələduzluqda ittiham edilərək həbs olunan satış müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Həsənov Samir Hafiq oğlu Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

İş üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutur.

Məhkəmə iclasında Samir Həsənov zərərçəkmiş kimi tanınan Şakir Ələkbərovun vəkilinin suallarını cavablandırıb.

Suallardan biri Samir Həsənovun çalışdığı şirkətdəki endirim kampaniyası ilə bağlı olub.

Vəkil Samir Həsənovdan satışlar zəiflədiyi üçün mal alan müştərilərə hədiyyə olaraq siqaret verib-vermədiklərini soruşub. Samir Həsənov bu suala “bəli” cavabını verib.

Bundan sonra vəkil xatırladıb ki, Samir Həsənovun çalışdığı “Caspian Galaxy” MMC rəhbəri belə bir kampaniyanın olmadığını bildirib.

Samir Həsənov isə deyib ki, şirkət rəhbərinin belə bir ifadə verməsi mümkün deyil, çünki şirkətin bütün işçiləri bunu bilib və bu qaydada işləyib: “İndi də kimə istəsəniz, zəng edib soruşun”.

Samir Həsənovun qutusu 385 manat olan siqareti şikrətdən 370 manata alaraq ayrı-ayrı şəxslərə satdığını deməsindən sonra Şakir Ələkbərovun vəkili belə bir sual verib: “Sizin vəzifəniz satış müdiri olub. Siz satıcı-ekspeditorlara nəzarət etməlisiniz. Necə olur ki, müştərilərlə birbaşa işləyən ekspeditorların sata bilmədiyi siqareti siz ən qısa zamanda satırdınız?”.

Sualın cavabında Samir Həsənov bildirib ki, o, həbsxanalara və bölgələrə də mal satdığı üçün belə bir müştəri bazası olub.

Vəkil növbəti sualında Samir Həsənovdan istintaqda “Şakir Ələkbərovdan aldığım 5 milyondan çox pulun qarşılığında 3 milyondan çoxunu qaytarmışam” kimi ifadə verib-vermədiyini soruşub.

Samir Həsənov belə bir ifadə vermədiyini deyib.

Vəkil Samir Həsənovun ifadəsində ziddiyyət olduğunu söyləyib və elan edilməsini istəyib. Hakim isə özünün sualları olduğu üçün hələlik ifadənin elan edilməyəcəyini bildirib.

Hakim Samir Həsənovdan bir daha iş üzrə zərərçəkmş kimi tanınan şəxslərə nə qədər borcunun olduğunu dəqiqləşdirib.

S.Həsənov Həmid Nəbiyevə 10 min dollar borcunun olduğunu, lakin istintaqda 13 min 400 dollar göstərildiyini deyib.

O, zərərçəkmiş kimi tanınan Eldar İsmayılova 16 min dollar, Fərid Məmmədova 370 min dollar, İsmayıl Sultanlıya 320 min dollar, Babək Verdiyevə 85 min dollar, Emin Verdiyevə isə 56 min 500 dollar borcunun olduğunu, heç bir şəxsi aldatmadığını deyib.

Samir Həsənov yalnız Şakir Ələkbərovu zərərçəkmiş kimi qəbul etməyib bildirib ki, aldığı pulların qarşılığında ona 673 min manat da qazanc verib.

Şakir Ələkbərov bununla razılaşmayıb.

Hakim Şakir Ələkbərovdan bununla razılşmamasının səbəbini və Samir Həsənova verdiyi pulların sübutunu istəyib. Şakir Ələkbərov isə sübut kimi dəftərdə etdiyi qeydlərinin evdə olduğunu deyib.

Samir Həsənovun vəkili Ziya ƏLəsgərov isə məhkəməyə xatırladıb ki, Şakir Ələkbərov Samir Həsənova verdiyini idda etdiyi 5 milyondan artıq pulun mənbəyini də göstərməli idi.

Hakim elan edib ki, Şakir Ələkbərov mülki iddiasında 5 milyon 596 min manat maddi, 1 milyon isə mənəvi təzminat tələb edir. Hakim Şakir Ələkbərovdan istintaqda 2 milyon tələb etməsinin və bu ziddiyyətin səbəbini soruşub.

Şakir Ələkbərov deyib ki, 4 ildən artıqdır pulu Samir Həsənovda olduğu üçün belə bir mülki iddia verib.

Şakir Ələkbərovun vəkili mülki iddia ilə bağlı izahat vermək istəyib. Hakim bildirib ki, buna ancaq pul sahibi özü izah verməlidir.

Bu zaman Şakir Ələkbərov deyib ki, Samir Həsənova 5 milyondan artıq pul verib. Ona qaytarılan 3 milyon sadəcə qazancdır və o, öz pulu olan 5 milyon 596 mini indi də tələb edir.

Samir Həsənov da məhkəməyə sənədlər təqdim etmək istədiyini bildirib. O deyib ki, Şakir Ələkbərovdan aldığı, ona verdiyi pulların göstərildiyi dəftəri məhkəməyə təqdim edib.

Növbəti prosesdə isə vəkillər arasında gərginlik yaşanıb. Samir Həsənovun vəkili Şakir Ələkbərovun 5 milyon 596 min manatın mənbəyini məhkəməyə təqdim etməsini bir daha xatırladıb.

Şakir Ələkbərovun vəkili isə buna ehtiyac olmadığını deyib və tərəflər arasında mübahisə yaranıb.

Hakim məsələyə müdaxilə edərək vəkillərə xəbərdarlıq edib və bildirib ki, prosesin hansı mərhələdə qaldığını bilir və kimdən nə tələb etdiyini də xatırlayır.

Hakim daha sonra Şakir Ələkbərovdan 5 milyon 596 min manatın mənbəyini soruşub.

Ötən proseslərdə pulun hamısının özünün olduğunu deyən Şakir Ələkbərov bu dəfə 5 milyon 596 min manatın bir hissəsini qohumlarından, ayrı-ayrı şəxslərdən adlığını deyib.

Hakim Şakir Ələkbərovdan həmin şəxsləri məhkəməyə gətirməsini tələb edib. Həmçinin hakim xatırladıb ki, həmin şəxslər də Şakir Ələkbərova verdikləri pulun mənbəyini və sübutunu göstərməli olacaqlar.

Məhkəmə araşdırması iyunun 1-də davam etdiriləcək.

İttihama görə, Samir Həsənov Ələkbərov Şakir Əlisəftər oğluna qarşı 2.002.692 manatlıq dələduzluq edib. Məlumata görə, S.Həsənov Şakir Ələkbərovdan 5 milyon manat alıb. Amma pulun qalan hissəsini qaytarmayıb.

Samir Həsənov “Caspian Galaxy” MMC-də satış müdiri olub. O, tütün məmulatlarının satışını həyata keçirib. Zərərçəkmiş kimi tanınan şəxslə biznes əlaqəsi olub.

Belə ki, S.Həsənov çalışdığı MMC-də kampaniya olan zaman siqaretləri ucuz qiymətə alıb, daha sonra baha qiymətə sataraq qazanc əldə edirmiş. Bunun üçün isə zərərçəkmiş kimi tanınan şəxsin nağd pullarından istifadə edib və hər gün edilən alış və satışdan qazanc əldə edib.

S.Həsənov çalışdığı şirkətdə siqaret satışı ilə bağlı problemlər yarandığı üçün işləri yaxşı getməyib. Daha sonra da pul aldığı şəxslə problemləri yaranıb.

Təqsirləndirilən Həsənov ittihamlarla razılaşmır, deyir ki, aldığı pulları qazancı ilə birlikdə qaytarsa da indi Şakir Ələkbərov onu şərləyərək əlavə pul istəyir. S.Həsənov əlavə edir ki, Ş.Ələkbərovdan 5 milyon pul alsa da, 6 milyon manatdan çox pulu qazancı ilə birlikdə qaytarıb.

Bənzər yazılar

Back to top button