ManşetSiyasət

Yeni parlamentin “köhnə” deputatları hakimiyyəti biabır edir

YAP-çı millət vəkili Məlahət İbrahimqızı Milli Məclisdə oturmağına görə seçicilərə yox, “əvəzolunmaz lider”ə minnətdarlıq edir

Deyirlər insan uzun illər qazandığı vərdişlərdən çox çətinliklə əl çəkir. Bir igidin ömrü qədər dövrdə yalnız sifarişlə danışmağı öyrəşmiş bəzi deputatlar son illər özlərini bir qədər sərbəst hissi etməyə və həvəsə düşüb danışmağa başalayanda gülünc mənzərələr ortaya çıxır. Əlbəttə ki, əsas günah uzun illər öz iradəsinin təsiri ilə yaratdığı xofla onları idarə edən Ramiz Mehdiyevdədir.

AzToday.az xəbər verir ki, ağsaqqalın başını buraxdığı YAP-dakı “köhnə qvardiya”nın nümayəndələri son zamanlar oriyentiri itiriblər. Məsələn, YAP-da uzun illər “külüng vuran” deputat Məlahət İbrahimqızı Milli Məclisdəki son çıxışında özünün parlamentə təsadüfən gəlmədiyini kiməsə xatırlatmaq istəyəndə olanlar olub. Həm də olan təkcə ona olmayıb, onun çıxışına şəbədə qoşan müxaliflər dərhal bu səmimi və sadəlövh deputatın çıxşından hakimiyyətə qarşı istifadə ediblər.

Nə deyib Məlahət xanım? Deyib ki, mən burada elə-belə oturmamışam, xalqımızın əvəzolunmaz lideri 5 dəfə mənə etimad göstərib. Qocaman deputatın söylədiyi fikir müxtəlif cür yozula bilər. Burada “etimad göstərilib” deyəndə, onun YAP-ın siyahısından namizəd göstərildiyinin nəzərdə tutduğu kimi başa düşmək olar. Amma fürsəti fövtə verməyən sözbazlar deputatın çıxışını çağdaş parlamentin tarixində mühüm etiraf kimi qəbul ediblər.

Elə hakim partiyanın ona etimad göstərməsindən yola çıxaraq Məlahət İbrahimqızı kimi səmimi deputatı birmənalı olaraq müdafiəyə qalxmaq olardı. Amma onun qurduğu cümlələr başdan-ayağa məntiqsizdir. Hər şeydən əvvəl “xalqımızın əvəzolunmaz lideri 5 dəfə mənə etimad göstərib” cümləsini işlətmək Məlahət xanımın nə təcrübəsinə, nə də 25 ildir qoruyub saxladığı mandatına yaraşır. Ona görə ki, bu cümlədə o, Ümummilli lideri nəzərdə tutursa, mərhum dövlət başçısı Məlahət xanıma yalnız iki dəfə etimad göstərə bilərdi (1995 və 2000-ci illərdə seçki siyahısına daxil edərək). 2004-cü ildən sonra keçirilən seçkilərdə ona etimad göstərənin yenə “xalqımızın əvəolunmaz lideri” olsa da, onu cəmdə işlətmək lazımdır. Çünki 2005-ci ildən başlayan həmin müddət 25 ildən çox azdır.

Ona görə də çıxışında kimləri nəzərdə tutmasından və özünün təsadüfi olmadığını sübut etməsindən asılı olmayaraq bu cür savadsız və mənqtisiz cümlə qurmaq Məlahət xanıma yaraşmır. Buna baxmayaraq, bəzilərinin guya 25 ildir Milli Məclisi bir şəxsin formalaşdırmasının etiraf edilməsinə görə Məlahət xanıma ünvanlanan təriflərə gəlincə, qeyd edilən səbəbdən bu iddia öz qüvvəsini itirir. Yenə də 25 ildir Milli Məclisi formalaşdıran bir nəfər ola bilməz. Amma baxır Məlahət xanım kimi nəzərdə tutur?..

Bütün hallarda bu cür siyasi səhvlər, habelə məntiqsiz açıqlamlarda bulunan YAP-çı deputatlar nəinki təmsil etdiyi iqtidara hörmət gətirir, əksinə bu cür savadsız çıxışları ilə siyasi hakimiyyəti biabır edirlər. Hər halda onun kimilərin parlamentdə hakimiyyətin nüfuzun qaldırmaq əvəzinə, çətin vəziyyətə salmasından sığortalanmaq üçün növbəti seçkilərdə belələrinə etimad göstərəndə yaxşı-yaxşı fikirləşmək lazımdı.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button