CəmiyyətGündəmHadisə

Ölkəni “Harda müsəlman görürəm, qorxuram!….” yazılan günlərə qaytarmaq istəyirlər… – Şairə 90 dəqiqə vaxt verildi

Hüquq müdafiəçisi Rüfət Səfərov Salyanda ağır vəziyyətdə yaşayan şair İbrahim Xudayinin həyatının təhlükədə olduğunu bildirib.

AzToday.az Rüfət Səfərova istinadən şair İbrahim Xudayinin yazdıqlarını təqdim edir:

“Dostlar mənə ya özumu qorumağa silah, ya da bir çarə lazımdır. 1 saat 30 dəqiqə vaxtım qalıb. İlk hücumdan ətrafdakı qonşular qurtardı. Dini videonu pozub, yeni video çəkib, “Pox yeyib,qələt etmişəm” deməsəm, öldurüləcəyim dəqiqdir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, şair ateistdir və onun şeirləri inanclı vətəndaşlarda bəzən qıcıq yaradır:

“Cavab olaraq növbəti dəfə şairə zorakılıq tətbiq edilib, öldürüləcəyi ilə təhdid olunub.

Şübhəsiz, istənilən halda gənc şairə qarşı fiziki zorakılığı pisləyirəm”.

Politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Rüfət Səfərovun Salyanda ağır vəziyyətdə yaşayan şair İbrahim Xudayinin həyatının təhlükədə olması ilə bağlı statusu nə qədər narahat edicidirsə, statusun altında yazılan bəzi şərhlər vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərir:

“İbrahim Xudayinin şeirləri ilə tanış deyiləm. Hətta adına ilk dəfədir ki, rast gəlirəm. Rüfət bəyin yazdıqlarından belə məlum olur ki, İbrahim Xudayi ateistdir. Yazdığı şeirlər inanclı insanları qəzəbləndiib və onlar şairi cəzalandırmaq istəyirlər.

Belə görünür ki kimlərsə Azərbaycanı yenidən orta əsrin qaranlığına qaytarmaq niyyətindədirlər. Bu qaraguruhun qarşısı alınmasa “Həq mənəm, həq məndədir, həq söylərəm” deyən dahi şair Nəsiminin, bütün dinləri puç və əfsanə hesab edən böyük müttəfəkir Mirzə Fətəli Axundzadənin, “Hər kəsin bir еşqi, bir ilahı var, Mənim tanrım gözəllikdir, sеvgidir” yazan ustad Hüseyn Cavidin yaradıcılığının qadağan olunmasını da tələb edəcəklər. Belə görünür ki, məmləkəti dahi Mirzə Ələkbər Sabirin “Harda müsəlman görürəm, qorxuram!….” yazdığı günlərə qaytarmaq istəyənlər var”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button