GündəmManşetSiyasət

Əliyevin Şimala, Cənuba və Qərbə mesajları (ŞƏRH)

Prezidentin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” konfransındakı çıxışında diqqət çəkən məqamlar və mesajlar var.

Zəngəzur dəhlizinin icrası ilə bağlı işlərə start verilib: Əliyev bundan öncə də dəhlizin inşasının getdiyini açıqlamışdı. Avtomobil yolu dekabr ayına qədər istifadəyə verilməlidir. Daha sonra dəmiryolunun inşasına başlanacaq.

“Gürcüstan marşrutu aktuallığını qoruyur” mesajı: Tbilisidə Zəngəzur dəhlizinin işə düşməsi ilə Gürcüstan marşrutunun aktuallığının azalacağı düşüncələri var, Qaribaşvilinin Bakıya səfərinin səbəblərindən biri də bu idi. Əliyev “Cənub Qaz Dəhlizi layinənin iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfə verəcək” sözləri ilə Gürcüstan marşrutunun aktuallığının azalmayacağını bəyan etdi.

Əliyevin bu mesajı həm də Gürcüstan marşrutuna görə narahatlıq keçirən ABŞ-a da ünvanlanıb. Vaşinqtona iki əlavə mesaj da var:

1. Bakı müdafiə sənayesi də daxil olmaqla müxtəlif məsələlərdə əməkdaşlığa açıqdır. Bayden Administrasiyası Azərbaycana silah satışını qadağan edən 907-ci düzəlişi bu il də dondurulmuş vəziyyətdə saxladı. Əliyev “müdafiə sənayesində əməkdaşlıq” təklifi ilə incə manevr edir: Vaşinqton bu təklifi qəbul edərsə və Azərbaycana silah satarsa, I Qarabağ müharibəsi dövründə qəbul edilən məlum düzəliş əhəmiyyətini itirir və ABŞ münaqişənin həll edildiyi reallığını qəbul edir.

2. Bu sərfəli təklif fonunda Vaşinqtonu münaqişənin həllindən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə dəvət edir. Bununla, münaqişənin həll edildiyi reallığını növbəti dəfə vurğulayır.

Avropa İttifaqına çağırış: Əliyev Avropa İttifaqı ilə daha fəal əməkdaşlıqda maraqlı olduğumuzu bildirdi. Bu, növbətçi çağırış deyil:

– Aİ-dən Ermənistana müəyyən dəstək çağırışlarının edilməsi fonunda Bakının istəyi Brüsseli proseslərdə ən azı neytrallaşdırmaqdır;
– Bu mesajın baş nazir Əli Əsədov Moskvada olarkən verilməsi xüsusilə əhəmiyyətlidir: Bakı Qərbə Rusiya ilə münasibətlərində məsafəli olduğunu göstərir, buna paralel olaraq, Moskvaya alternativ yollarının mövcudluğu mesajını verir.

Prezident Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsindən də danışdı. Burada iki amil var:

Birincisi, İsrail-Fələstin müharibəsinə və Azərbaycanın Qüds məsələsində BMT qətnamələrini dəstəkləməyinə baxmayaraq, İsraillə əməkdaşlığa davam edəcək, son toqquşmalardan sonra Bakı bunu yenidən təsdiqləyir;

İkincisi, Ermənistana dəstək verən və Təl-Əvivlə münasibətlərinə görə Bakıya qarşı çağırışlar edən İrana kontr-cavabdır;

Prezidentin çıxışında iki məqam xüsusilə diqqət çəkir:

– Qarabağın statusu müzakirə mövzusu deyil: Əliyev bunu müxtəlif zamanlarda bəyan edib, lakin beynəlxalq səviyyəli tədbirdə səsləndirməsi “status” məsələsini gündəmə gətirən hər kəsə Qarabağın gələcəyinin bir daha göstərilməsidir;

– Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə 30 min erməni yaşayır: Moskva 52700 erməninin olduğunu açıqlamışdı, Prezident bununla ruslara şişirdilmiş rəqəm təqdim etdiklərini və əslində hər şeydən xəbərdar olduğumuzu deyir.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button