Siyasət

Sedat Pekerin Süleyman Soylu ilə davası – Mafiya, dövlət və media əlaqələri AKP hökumətinə necə təsir edəcək?

Sedat Pekerin YouTube-dakı iddialarında, etiraflarında və buna verilən siyasi-bürokratik cavablarda ortaya çıxan çirkin münasibətlər, görünür, mafia-dövlət, media-siyasət sistemində AKP-ni və ondan bəslənənləri bir xeyli sarsıdacaq…

Mehmet Faraç, “Yeniçağ” qəzeti, Türkiyə, 21 may 2021-ci il

Türkiyənin mütəşəkkil cinayət təşkilatları tarixi artıq “böyük atalıqdan” “rəisçiliyə”, quldurluğa, mafiya sisteminə çevrilib.

Görünür, yoxsulun tərəfində olan “böyük qardaş” pozaları artıq az gəldiyi üçün Türkiyədə “bandit” ənənəsi ilə bəslənən cinayət sistemi siyasətlə birləşməyə cəhd etdi və bu da yalnız cəmiyyətin deyil, dövlətin də nizamını zəiflətdi.

Dündar Kılıçdan İnci Babaya, Kürd İdrisdən Oflu İsmailə qədər bu banditlik ənənəsində yer tutan simalar tarixdən çəkilən kimi 1980-ci ildən sonra pisləşən ictimai-siyasi nizam içində mafiyaya bənzər simalar da görünməyə başladı. Hər ikisi də keçmişdəki atalıq-mafiyalıq ənənəsini məhv etdi və öz iqtisadi qaydaları daxilində şiddət-təzyiq və hətta zorakılıq edən mütəşəkkil fiqurlara çevrildi.

Yüksekovadan Susurluka

Kazino masasından içki-siqaretin qara bazarına qədər uzanan mafiya ticarəti 12 sentyabrdan sonra silah satışından narkotik alverinə çevrilərkən, həbsxanalardan çıxan cinayətkarları ətrafına toplayanların 1980-ci ildən bəri Türkiyədə törətmədiyi hadisə qalmadı.

Qəzetlərə basqın edənlər

Siyasətçiləri, iş adamlarını təhdid edənlər, kinorejissorlara işgəncə verənlər, məkan sahiblərini borclu qoyanlar və silah-narkotik-borc masasında birdən-birə varlananlar heç vaxt tək deyildilər. Mafiya nizamında və cinayət şəbəkələrində asan yolla pul qazananlar nüfuz və “qorunma” üçün siyasətə o qədər sızdılar ki, bir müddət sonra cinayət təşkilat dəstələri, təəssüf ki, dövlət daxilində də çirkin fiqurlar yaratdılar. Məsələn, dəstə yaratmaq, borc vermək, qəsbkarlıq və narkotik ticarəti kimi ittihamların hədəfi olan “Yüksekova Çetesini” çox adam xatırlayar. Əsgər-polis, siyasətçi, cinayətkar və terror təşkilatındakı etirafçıları özündə birləşdirən bu təşkilatın fəaliyyətləri yalnız dövlətin formasına sığmayıb, üstəlik vertolyotla narkotik maddələrin gətirilməsi iddialarına qədər uzanıb getmişdi.

Qəribədir ki, 1996-cı ildən bəri 16 nəfərin öldürülməsi səbəbilə ilk olaraq mühafizəçilər də daxil olmaqla, 13 nəfərin həbsi ilə üzə çıxan hadisələr və məhkəmələr bu günə qədər də nəticələnməyib. O dövrdə dövlətin içindəki başqa bir şəbəkə fəaliyyəti də “Yeşil” kod adı ilə tanınan Mahmut Yıldırımın ətrafındakı iddialarla cəmiyyəti sarsıtmışdı. Həmçinin, terrorla mübarizə aparan JİTEM-lə bağlı iddialar da başda Cem Erseverin fəaliyyətləri çərçivəsində illərlə qəzet başlıqlarında özünə yer tapmışdı.

Cinayət təşkilatının dərin qolları

Türkiyədəki dövlətin və siyasətin düşdüyü şəbəkə fəaliyyətlərini üzə çıxaran və dönüş nöqtəsi olan ən böyük hadisə isə 1996-cı ildə Susurlukda baş verən yol qəzası ilə ölkəyə yayılmışdı. O qəzanın ortasında həm dövlət polisi, həm millət vəkili, həm də narkotik qaçaqçılığına görə məhkəməyə çıxarılmış qaçaq mafyanın olması onu göstərirdi ki, bu şəbəkə cinayətləri ancaq dövlətin göz yumması ilə böyüyə bilərdi. Çünki Susurluk hadisəsi dövlət məmurlarının və siyasətçilərin bəzən terrorla mübarizə bəhanəsi ilə, bəzən də “dövlətin içindəki dövlətin” təşkilatlanması nəticəsində cinayətkar təşkilatlarla əməkdaşlıq etdiyini açıq şəkildə ortaya qoymuşdu.

Eyni dövrdə ortaya çıxan Yüksekova Çetesi və Susurluk hadisəsi dövlət və siyasət üçün dərs olmamışdı. Son 20 ildə ortaya çıxan bəzi fiqurların media, bürokratiya və siyasətlə necə yaxından əlaqəli olduğunu sübut edən bu proses Sedat Pekerin Daxili İşlər Naziri Süleyman Soylu ilə apardığı internet müzakirələrində daha da meydana çıxdı.

Məsələn, YouTube iddiaları və mübahisəli etirafları mafiozluğun yalnız siyasət və dövlətlə deyil, həm də jurnalistika kimi maskalanan sistemlə də əlaqəli olduğunu ortaya qoyur. Bu elə dəhşətli bir paradoksdur ki, gün üzünə çıxan dəhşətli münasibətlər medianın mafiyanı ifşa etdiyi dövrləri zəiflədərək, əksinə mafiyanın çirkli jurnalistikanın kriminal təşkilat-siyasət münasibətlərini ortaya qoyduğu bir dövrü başlatdı.

AKP daha çox sarsılacaq

Mafiozluq, “rəis”çilik və banditlik xaosunun bir iş adamı kimi dövlətin rəsmi qorumasında, cinayət şirkətlərinə çevrilməsi onu göstərir ki, deşifrə olan münasibətlər hələ daha çox yayılacaq.

Qısaca, siyasətin və dövlətin cinayətkar təşkilat xadimləri ilə mübarizə aparmaq əvəzinə, bu cür qanunsuz təşkilatlarla əlaqədə olması, şübhəsiz, mafiya ilə müqayisədə daha təhlükəli bir prosesə işarə edir. Bölücü və dindar terrorla mübarizədə minlərlə şəhid verilərkən, əlbəttə ki, terror qədər təhlükəli olan mafia təşkilatları da məhv edilməlidir (15 İyul hadisələrindən sonra 1738 əməliyyatda 22636 üzvündən 8414-ü həbs edilib).

Heç kəs bir-birini aldadmasın. Siyasətin, medianın və dövlətin içində kök atmış bir cinayət sisteminin qollarını kəsmədən mafiozluqla mübarizə aparmaq olmaz. Çünki Pekerin YouTube-dakı iddialarında, etiraflarında və buna verilən siyasi-bürokratik cavablarda ortaya çıxan çirkin münasibətlər, görünür, mafia-dövlət, media-siyasət sistemində AKP-ni və ondan bəslənənləri bir xeyli sarsıdacaq.

Pia.az

Bənzər yazılar

Back to top button