Azərbaycan təhsili necə məhv edilir? – “Pripiska” sistemi və acı reallıqlar

by Aztoday Xəbər Portalı

Son illərdə bəlkə də ən çox kadr dəyişikliklərinin aparıldığı təhsil sistemini nədəndirsə hələ də relsə qaytarmaq mümkün olmur. Nəzərə alsaq ki, son 8 ildə 3 nazirin dəyişdiyi bu sahədə hələ də ciddi problemlər hökm sürür. Orta məktəblərdən başlayaraq nazirliyə qədər ədədi silsiləylə davam edən bu prioblemlər təhsil sistemini metastaz kimi məhv etmədədir.

Dövlət təhsilin inkişafı üçün kifayət qədər maliyyə vəsaiti ayırır, proqramlar qəbul edir, müasir məktəb binaları inşa olunur. Amma təhsilin keyfiyyətinin ildən-ilə aşağı düşməsi danılmaz faktdır. Heç kimə sirr deyil ki, buraxılış və qəbul imtahanlarında şagirdlərin göstərdiyi nəticələr hər il daha da pisləşir. “2” qiymət alanların sayı durmadan artır. İmtahanlar təhsildə sovet sistemindən qalma “pripiska” üsulunun hələ də hökmran olduğunu üzə çıxardır. Belə ki, məktəbdaxili qiymətləndirmədə yüksək qiymət alan şagirdlərin böyük qismi imtahanlarda çox az bal toplayırlar.

DİM-in elmi-statistik nəticələrini araşdırsaq mənzərə tamamilə aydın olar. Məsələn, ötən dərs ili ölkə üzrə 50% 9-cu sinif şagirdi 1-ci mərhələdə imtahan vərəqələrini heç nə yazmadan geri qaytarmışdı. 9-cu siniflərin 50%-i sıfır bal toplamışdı. Ölkə üzrə riyaziyyat fənnindən 1-ci mərhələdə orta bal isə (%-lə) 10 bal olub. Bu, anlaşıqlı formada o deməkdir ki, klassik qiymətləndrimə ilə ölkə üzrə bütün 9-cular ötən dərs ilində riyaziyyat kurrikulumdan “2” qiymət alıblar.

2 il öncə də 9-cu siniflər riyaziyyat fənnindən buraxılış imtahanlarında çox bərbad nəticələr göstərmişdi. Həmin ildə 1-ci mərhələ riyaziyyat imtahanında ölkə üzrə 41% 9-cu sinif şagirdi “0” bal, 33% isə cəmi 6 bal toplamışdı (30 ballıq sistemdə). Bu isə köhnə – klassik qiymətləndirmə sistemi ilə, təxminən 74% şagirdin “2” qiymət alması anlamına gəlirdi.

Burada yalnız bir fənn üzrə göstəriciləri təhlil etdik. Digər fənnlər üzrə də vəziyyət eyni dərəcədə acınacaqlıdır.

Artıq ölkədə məktəblər ibtidai təhsil verən müəssisələrə çevrilib. Şagirdlər yuxarı siiflərə keçən kimi repititor yanına gedir və təhsilini müəyyən qrup üzrə davam etdirir. Eyni zamanda yuxarı siniflərdə davamiyyətin aşağı düşməsi nəticəsində dərslər formal xarakter daşıyır. Bundan ölkə təhsili bir şey qazanmasa da məktəb direktorları və digərləri əməlli başlı qazanırlar.

Pandemiya şəraitində təhsilin distant formada davam etdirilməsi isə onsuz da ağır olan vəziyyəti bir qədər də ağırlaşdırıb.

Görünən odur ki, təhsil sistemində piar olunan islahat proqramları görüntüdən başqa bir şey deyildir. Avropa təhsili, müasir dünya görüşü heç də yaxşı idarəetmə demək deyilmiş. Mikayıl Cabbarovdan Emin Əmrullayevə qədər davam edən islahatların məntiqi nəticəsi yuxarıda sadaladığımız rəqəmlərdir. Bu nəticələrlə sistemə rəhbərlik edənlərin də aldığı qiymət “2” dən artıq deyil.

Rubrika.az

Bənzər Yazılar