Hadisə

“İcra başçısı Bayram Səfərov hardadır, deputatlarımız hardadır?“ – Şəhid bacısı

“Evin, ailənin tək oğlan övladı olan qardaşım, peşəkar hərbçi Əzəmi Hüseynovun Şəhidliyindən 7 aydan çox vaxt keçir. Ancaq bugünədək bircə dəfə olsun belə, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bizim, Şəhidimizin, Şəhid anasının qapısını döyməyib. Biz Mingəçevirdə yaşasaq da, Şəhidim Şuşanın işğalından az sonra Mingəçevirdə dünyaya gəlsə də, əslimiz, nəslimiz Şuşadandır.

Biz Şuşada yaşamışıq. Bayram Səfərovun da vəfizə borcudur ki, Şuşadan olan Şəhidlərimizlə, Şuşanın İkinci Vətən Müharibəsində həlak olmuş 8 şəhidindən birinin-Əzəminin ailəsi, anası ilə maraqlansın, onun qapısını döysün. Amma dediyim kimi, çox təəssüflər olsun ki, bu 7 ayda onun üzünü görməmişik, sadəcə, telefonla zəng edib, anama başsağlığı verib. Qapımızı döymür-döymür, heç olmasa, bircə dəfə Şəhidimizin Mingəçevirdəki məzarına baş çəksin, baş çəkəydi. Amma bunu da etmir, etməyib bu günə qədər. Bu, yolverilməz və qəbuledilməz bir haldır”.

AzToday.az xəbər verir ki, bunu Etikxeber.az-a açıqlamasında iki medallı, İkinci Vətən Müharibəsinin şəhidi Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova deyib.

“Onu da deyim ki, anam Şəhidimizin həyat yoldaşı ilə birlikdə kirayədə yaşayır, ümumiyyətlə, Mingəçevirə köçən gündən kirayədə qalır. Biz də 3 bacı-ailə qurana kimi, kirayədə yaşamışıq. Qardaşım Şəhid olandan çox vaxt anam və gəlinimiz bizim evdə qalıb, Şəhidimizin yas mərasimini də bizim evdə vermişik. Şəxsən istəməmişəm ki, qardaşımın yas mərasimi kirayə qaldığı evdə keçirilsin. Ancaq anam aybaay həmin evin kirayə pulunu ödəyib, bu gün də ödəməkdədir. İndi Siz deyin, həyat yoldaşını və tək oğlunu itirmiş yaşlı qadına-Şəhid anasına, gənc, cavan yaşlarından dul qalmış Şəhid xanımına beləmi hörmət qoyular, beləmi münasibət göstərilər?

Şuşa rayon rəhbərliyi, məmurlarımız hara baxırlar, nə işlə məşğuldurlar? Biz kifayət qədər imkanlı ailə olmuşuq, köçkünlüyə qədər 3 yerdə evimiz olub. Bizə, daha doğrusu, Şəhid anasına dəbdəbəli ev də lazım deyil, sadəcə, istəyirik ki, bir otaqlı, ya da iki otaqlı normal bir evlə təmin olsun, artıq kirayədə ömür çürütməkdən, kirayə pulu ödəməkdən canı qurtarsın. Çoxmu böyük bir şey istəyirik?”– deyən E. Hüseynova inanmaq və əmin olmaq istədiyini bildirib ki, heç olmasa, bundan sonra səsləri eşidiləcək, heç olmasa bundan sonra Şəhid ailəsinə qarşı laqeyd, biganə münasibət aradan qaldırılacaq.

“Eyni zamanda, qardaşımın adının, xatirəsinin Mingəçevirdə və ya bir gün belə üzünü görə bilmədiyi, amma həsrəti ilə alışıb-yandığı Şuşada əbəbiləşdirilməsini, küçələrdən birinə onun adının verilməsini istəyirik. Bu, Şəhidimizin haqqıdır. Əzəmi Şuşa deyə-deyə getdi bu dünyadan…Şuşaya qovuşmaq ən böyük arzusu və xəyalı idi… Özü də Şuşanın azad olunmasından düz bir ay öncə canından çox sevdiyi Vətəni yolunda qəhrəmancasına həlak, Şəhid oldu…Onun Şəhidliyindən düz bir ay sonra Şuşamız azad olundu. Ona görə çox istərdik ki, Şəhidimizə, Şəhid ailəsinə qarşı ögey, laqeyd münasibət aradan qaldırılsın”-deyə, Şəhid bacısı sözlərinə əlavə edir.

Şəhid bacısı eyni zamanda, Şuşanı Milli Məclisdə təmsil edən millət vəkili Elman Məmmədov və əslən Şuşalı Tural Gəncəliyevin Şəhid ailəsi ilə maraqlanmasını, xüsusilə, Əzəmi Hüseynovun adının əbədiləşdirilməsi məsələsinə dəstək verməsini arzulayıb və xahiş edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bənzər yazılar

Back to top button