İqtisadiyyat

İradə Gülməmmədovanın 1.3 milyon ödəyəcəyi şirkət kimindir? – Şübhəli tender

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi şəhər ərazisində abadlıq işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.

AzToday.az xəbər verir ki, qalib şirkət “MSDIS Holding” MMC-dir.

Qurum görüləcək işlər müqabilində şirkətə 1 362 482.86 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “MSDIS Holding” MMC10 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 572 500 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyaz Oktay oğludur.

Araşdırmalarımız zamanı məlum olub ki, “MSDIS Holding” MMC yarananda nizamnamə kapitalı 20 000AZN, şirkətin qanuni təmsilçisi isə Yusifov Sərdar İbrahim oğlu olub. Yarananda 3 ay sonra isə şirkətdə dəyişiklik edilib. Həm nizamnamə kapitalı artırlıb, həm də qanuni təçsilçisi dəyişib.

Yeni yarandığından şirkət və qanuni təmsilçisi barədə açıq mənbələrdə məlumatlar məhduddur. Bəzi ehtimallara görə, şirkət oliqarx məmurlardan birinə məxsusdur.

Azərbaycanda vəzifəli şəxslərin sahibkarlıqla məşğul olması az qala leqal hesab edilməsi və sıravi sahibkarların biznesmen məmurlar tərəfindən sıxışdırılması bu ehtimalları bir qədər də möhkəmləndirir.

MMC haqqında məlumatların məhdud olması da şirkətin hansısa məmura məxsus olması barədə şübhələri artırır.

“MSDIS Holding” MMC-nin adı bundan əvvəl cəmi bir satınalma müqaviləsində keçir. Müqavilə “Azərişıq” ASC ilə imzalanıb. Maliyyə dəyəri 116 489.6 AZN olan müqavilədə Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar ərazisində “Azərişıq” ASC-yə məxsus 2 saylı Sumqayıt-Maştağa 35 kV-luq hava xəttinin bir hissəsinin sökülərək kabel xətti ilə əvəz edilməsi işlərinin satın alınması nəzərdə tutulur.

“Dövlət satınalmaları haqqında” Qanuna görə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması vacibdir. Yeni yaranan və cəmi iki tenderdə iştirak edən şirkətin bu tələblərə cavab verməsi bir qədər şübhəlidir.

Onu da qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi 2020-ci ildə müxtəlif şirkətlərlə ümumi maliyyə dəyəri 1 721 541.36 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Müqavilələrdə Xırdalanda küçə işıqlarının, yolların, mənzil fondunun təmiri nəzərdə tutulur.

Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovadır. O, 2015-ci ildən bu vəzifədədir. İradə Gülməmmədova ən çox tənqid hədəfinə gələn icra başçılarındandır.

2020-ci ilin iyun ayında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi barədə məlumat yayılıb. Əməliyyat nəticəsində Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs olunub.

Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, Akif Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hit.az

Bənzər yazılar

Back to top button