AZAL büdcədən ayrılan vəsaiti təyinatı üzrə istifadə etməyib: 5,1 milyon manata trenajor alıb

by Aztoday Xəbər Portalı

Koronavirus pandemiyasının mənfi təsirinin azaldılması məqsədilə həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə ayrılan vəsaitlərin təhlili ilə bəzi təşkilatlar tərəfindən bu vəsaitlərin kənar məqsədlərə istifadəsi hallarına yol verilməklə dəstək məqsədilə ayrılmış büdcə vəsaitlərindən vergi borcları, həmçinin kreditor borcların ödənilməsi və s. məqsədlərlə istifadə olunduğu, həmçinin pandemiya ilə mübarizəyə xidmət etməyən istiqamətə də vəsait yönəldildiyi müəyyən edilib.

Bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əks olunub.

Rəydə qeyd olunub ki, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) nəzərdə tutulmuş 230,9 mln. manatın 215,5 mln. manatı AZAL-a, 15 mln. manatı isə Milli Aviasiya Akademiyasına ödənilib.

“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ”Azərbaycan Hava Yolları” QSC-yə sərnişindaşıma sahəsi üzrə 215,5 mln. manat məbləğində maliyyə dəstəyinin 69,6 mln. manatı və ya 32,3%-i əməkhaqqı və ona bərabər tutulan ödənişlərə, DSMF və işsizlikdən sığorta fonduna ayırmalara yönəldilib”, – rəydə belə yazılır.

Sənəddə həmçinin bildirilir ki, ayrılmış vəsaitlərin 44,9 mln. manatı və ya 20,8%-i kreditor borclarının ödənilməsinə, 20,4 mln. manatı və ya 9,5%-i əsaslı təmir xərclərinə, 19,5 mln. manatı və ya 9,1%-i ehtiyat aviahissələrin alınmasına, 15,9 mln. manatı və ya 7,4%-i vergi öhdəliklərinin ödənilməsinə, 10,5 mln. manatı və ya 4,9%-i yanacaq və sürtkü materiallarının alınmasına, 7,2 mln. manatı və ya 3,3 %-i sərnişin təyyarəsinin lizinq ödənişlərinə (4 E190 HG), 6,9 mln manatı və ya 3,2 %-i istismar xərclərinə, 5,1 mln. manatı və ya 2,4%-i trenajorların alınmasına (Pandemiya şəraitində bunun zəruril olması əsaslılığı real deyildir), 4,2 mln. manatı və ya 2%-i zəmanətsiz alınmış kreditlərə görə faiz borcunun ödənilməsinə, 3,4 mln. manatı və ya 1,6%-i IATA (“Clearing House” klirinq mərkəzi), 4,6 mln. manatı və ya 2,2%-i rabitə, nəqliyyat və kommunal xərclərinə, 3,1 mln. manatı və ya 1,4%-i isə əməliyyat fəaliyyəti ilə bağlı digər xərclərə yönəldilib.

Bənzər Yazılar