Seçkilər yaxınlaşdıqca Paşinyanın mövqeləri zəifləmir, hətta bir qədər möhkəmlənir

by Aztoday Xəbər Portalı

Ermənistanda növbədənkənar parlament seçkilərinə 25 gün qalıb, onun nəticəsi, şübhəsiz ki, münaqişə edən iki Cənubi Qafqaz dövləti üçün taleyüklü olacaq. Nikol Paşinyan regionun siyasi-coğrafi quruluşunu dəyişdirərək Azərbaycanla sərhədlər və nəqliyyat dəhlizləri haqda sülh sazişini imzalamaq üçün baş nazir postunda qalmaq niyyətindədir. Robert Koçaryan hakimiyyətə qayıtsa, indiki gərgin vəziyyət davam edəcək və revanşizm siyasəti aparılacaqdır.

Erməni xalqı kimi seçəcək? “Kapitulyant” Nikolu, yoxsa təcrübəli sərt və Rusiyapərəst Roberti?

Mayın 22- də Ermənistanda ekspress-sorğunun nəticələri təqdim olunub, – Yerevandan bloger Qrant Mikaelyan bildirib. Telefon sorğusunu MPG/Gallup təşkilatı ölkə üzrə 800 nəfər arasında keçirib, yalnışlıq ±3.5 faiz ola bilər.

Qeyd edək ki, əhalinin xarici siyasi oriyentasiyasında dəyişikliklər baş verir. Əgər əvvəllər Rusiya əsas hərbi-siyasi müttəfiq və çətin vaxtda arxalana biləcək qüvvə kimi qəbul olunurdusa, indi bu obraz kəskin şəkildə dəyişib. Bu dəyişiklik 10 gün öncə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla qonşu rayonlarda irəliləməyə başlaması, Rusiyanın isə ancaq danışıq alətlərilə kifayətlənmək qərarına gəlməsi fonunda xüsusilə kəskin olub. Ermənilər hesab edirlər ki, bu hərəkəti məhz Rusiya təşkil edib.

Moskva Ermənistan ərazilərinin işğalına dair Yerevanın iddialarını qəbul etməyib və sərhəddə ərazi mübahisəsilə bağlı Bakının versiyası ilə razılaşıb. Deməli, bu mübahisədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heç bir işi yoxdur.

“Ermənistan çətinliklərlə üzləşəcəyi halda kimə güvənə və hərbi-siyasi yardım gözləyə bilər?” sualına 6-7 oktyabr 2020-ci ildə ermənilərin 69 faizi Rusiya cavabını vermişdi. 18-21 may 2021-ci ildə isə respondentlərin 38 faizi Rusiyaya ümid edib. Oktyabrda 23 faiz, mayda isə 33 faiz Fransanın adını çəkib.

May ayında seçicilərin seçkilərdə iştiraka hazırlığı 2018-ci ildə Ermənistanda keçirilmiş parlament seçkilərindən aşağıdır. 2021-ci ilin mayında 74 faiz seçkilərdə iştirak etməyi planlaşdırır (2018-ci ildə 90 faiz), 25 faiz (2018-ci ildə 8 faiz) isə səs verməyəcək.

Seçkiyə yaxın seçicilərdə seçkilərdə iştiraka hazırlığın səviyyəsi artır, lakin aydındır ki, onun səviyyəsi əvvəlkitək yüksək olmayacaq, sosioloq Qrant Mikaelyan yazır. Bu, onunla əlaqədardır ki, siyasətçilərin bir çoxu belə hesab edir ki, bu seçkilər Paşinyanı legitimləşdirəcək, buna görə də iştirakdan imtina ediblər. İndi isə həm iqtidar, həm də müxalifət iştirak edəcəklərini bəyan edincə, seçkilərin kütləvi boykot edilməsi ehtimalı sıfıra yaxın olacaq.

“Seçicilər seçkilərin ədalətli keçəcəyini gözləyirmi?” sualına cavablarmaraqlıdır. Cəmiyyət təxminən bərabər hissəyə ayrılıb və bu vəziyyət 2 ay öncə baş verənlərdən demək olar ki, fərqlənmir. Martda 44,5 faiz Paşinyandan ədalətli seçkilər gözləyirdi, 43,1 faiz ədalətsiz seçkilər gözləyirdi, 12,5 faiz isə mövqeyini bildirməmişdi. Mayda 45,1 faiz Paşinyandan ədalətli seçki gözləyir, 50,2 faiz ədalətsiz olacağını bildirir, qeyri-müəyyənlik isə 8 faiz azdır. Yəni, mətbuatda azğınlaşmış antipaşinyan təbliğatına, baş nazirin yalanda ittiham edilməsinə baxmayaraq, ermənilərin ona inamı bir qədər artıb.

Sorğuda əsas məsələ siyasətçilərin və siyasi partiyaların dəstək səviyyəsi barədədir.

Fevralda Paşinyanın tərəfdarları 33,1 faiz, mayda 34,4 faiz olub. Fevralda Köçəryanın tərəfdarları 5,6 faiz, Daşnaksütyun tərəfdarları 2,2 faiz olub. Mayda birləşmiş Köçəryan-daşnak qruplaşması 19,9 faiz səs toplaya bilər. Qalan partiyalar və qruplar Köçəryan və daşnaklarla müqayisədə daha az səs toplaya bilər.

Təəccüblüdür ki, faciəvi şəkildə müharibəni uduzan Nikol Paşinyan (Vətəndaş Müqaviləsi Partiyası əvvəllər “Mənim addımım” bloku adı ilə çıxış edib) inamla liderlik edir. Onun əleyhdarları ümid edirlər ki, seçkiyə qatılan Levon Ter-Petrosyan və bir neçə kiçik partiya baş nazirin səslərinin bir hissəsini əlindən alacaq. Bununla belə, hələlik Paşinyanın qələbə şansı yüksəkdir. Ən pis halda o, Robert Köçəryanın başçılıq etdiyi düşmən koalisiyası ilə yeni parlamentə sahib olacaq. Növbəti seçkilər müxalifətin ümidlərini birdəfəlik dəfn edə bilər və müxalifətçi, Maarifçi Ermənistan Partiyasının lideri Edmon Marukyan hadisələri qabaqlayaraq Zəngəzurda gərginlik bəhanəsilə seçkilərin ləğvinin mümkünlüyünü bildirir.

Qarabağda tam ümidsizlik hökm sürür. Qarabağ erməniləri Ermənistanda seçkilərə təsir göstərə bilmirlər. Orada hesab edirlər ki, Yerevanda keçmiş hakimiyyət güclü Ermənistan qurmaq əvəzinə hər şeyi Rusiyaya verib ki, xarici sərhəddi qorusun, hakimiyyət özü isə cəzasızcasına ölkəni qarət etsin. Bu, iki onillikdən çox davam edib, – Xankəndidən bloger David Stepanyan yazır.

“Xalqın bu qədər ümid bəslədiyi Paşinyan daha da pis çıxdı, Arsaxı tamamilə təslim etdi. İndi, sadəcə, bunu rəsmən təsdiqləməsi qalır. Və sənəd imzalasın ki, Ermənistan Azərbaycanı sovet sərhədlərilə, yəni Dağlıq Qarabağla birlikdə tanıyır və üstəlik, strateji yollara nəzarəti də təhvil versin.Sözünü axıra qədər de…”

Dükanlardakı müzakirələrdə Qarabağ erməniləri deyirlər ki, Əliyev “alicənablıq” göstərib seçkilərin sonuna qədər gözləməyi qərara alıb ki, sonradan sənəd imzalananda imzanın Ermənistanın xalqın etimadını qazanmış yeni hökuməti tərəfindən təsdiqlənəcəyinə şübhə yaranmasın.. Bəlkə də Ermənistanda vətəndaş müharibəsini gözləyir ki, mümkün qədər çox qazansın. Ola bilsin ki, Paşinyan Ermənistanı Rusiyadan tamamilə qoparmaq istəyir, Dağlıq Qarabağdan nə qalıbsa ona saxlamaq istəyir. Onun əsas arqumenti o olacaq ki, əgər Rusiya əvəzində heç nə, hətta təhlükəsizlik belə vermirsə, onunla strateji ittifaqda qalmaq Ermənstanın nəyinə lazımdır? Qarabağlıların taleyi isə Paşinyan üçün vacib deyil, – Qarabağda dükanlarda ermənilər danışırlar. (Turan)

Bənzər Yazılar