Səfər Mehdiyevdən Baş Gömrük İdarəsindəki həbslərlə bağlı AÇIQLAMA

by Aztoday Xəbər Portalı

“Gömrük sistemində aparılan islahatların əsas məqsədlərindən biri də korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın tam təmin olunmasıdır. Bu məqsədlə gömrük orqanları vətəndaş-məmur təmasının minimuma endirilməsi, gömrük-biznes münasibətlərinin açıq, şəffaf müstəvidə qurulması üçün bütün zəruri addımları atır və Komitənin aidiyyəti strukturları tərəfindən xüsusi nəzarət tədbirləri həyata keçirilir”.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ötən həftə Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının rüşvət iddiası ilə saxlanılması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib.

Sədr bildirib ki, islahatların reallaşdırılmağa başlandığı andan kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq qanunazidd əməllərə yol verən gömrük əməkdaşlarının qanunvericiliyə uyğun olaraq cəzalandırılacağı dəfələrlə rəhbərlik tərəfindən bəyan edilib:

“Bu istiqamətdə gömrük orqanlarının aidiyyəti strukturları tərəfindən aşkar edilən faktlar üzrə təqsirli bilinən şəxslər cəzalandırılıb və bu barədə də ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb.

Bakı Baş Gömrük İdarəsində qeydə alınan fakt da birbaşa Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən nəzarətə götürülüb, müvafiq prosedurlar aparıldıqdan sonra araşdırmanın qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək birgə əməliyyat həyata keçirilib. Hazırda fakt üzrə araşdırma aparılır və gömrük orqanları gömrük işinin təşkili prosesində ortaya çıxan neqativ halların qarşısının alınmasında təşəbbüskar və maraqlı olan tərəfdir.

Lakin çox təəssüflə qeyd etməliyəm ki, bəzi dairələr məsələni konteksdən çıxarmağa, bu qəbildən olan neqativ halların gömrük orqanlarında guya kütləvi hal aldığına dair rəy formalaşdırmaqla gömrük xidmətinin fəaliyyətinə kölgə salmağa çalışırlar”.

Bənzər Yazılar