Korrupsiyaya son qoyulması kifayət etmir – İqtisadçı xilas yolumuzu açıqladı

by Aztoday Xəbər Portalı

“Ölkə iqtisadiyyatı ilə bağlı geniş yayılmış fikrə görə, korrupsiya, monopoliya və məmur özbaşınalığına son qoyularsa, ölkədə iqtisadi dirçəliş baş verəcək. Yuxarıda sadalanan faktorların mənfi təsirlərinə baxmayaraq, iqtisadi inkişaf üçün onların ləğvi kifayət etmir. Ölkə ictimaiyyəti isə, indiki iqtisadi modelin dəyişməsini yox, daha da sosial yönümlü olmasını istəyirlər, yəni korrupsiyasız və monolpoliyasız mühitdə büdcədən maliyyələşən iş yerlərinin artırılmasını, uşaq pulunu, pensiyaların artımını istəyir və insanlar dövlətin resurslarının tükənməsindən xəbərsiz şəkildə sosial təminat arzulayırlar”.

AzToday.az xəbər verir ki, bu sözləri iqtisadçı Qaşqay İsmayıl bildirib.

Onun sözlərinə görə, müasir dünyada iqtisadi inkişafın vacib şərti, qlobal və regional iqtisadi birliklərə inteqrasiyadan keçir:

“Yalnız hazırki tənəzzüldən çıxdıqdan sonra daha libertarian yoxsa sosial yönümlü iqtisadi kurs barədə danışmaq olar. Bunun üçün isə xaricə inteqrasiya zəruridir.

Məsələn, pandemiya dövründə ən yüksək iqtisadi göstəricilərdən biri Vyetnama aiddir. Bu ölkədə ÜDM 2020-ci ildə 3 faizə qədər artıb. Xarici ticarətin müsbət saldosu rekord 19.1 milyard dollara çatıb və bu müsbət saldo 5 ildir davam etməkdədir. Burada əsas amillərdən biri AB ilə azad ticarət razılaşmasıdır, belə ki, 2020-ci ildə AB-yə ixrac 34.8 milyard dollar təşkil edib

Göründüyü kimi, xarici investorların cəlbi və qlobal iqtisadiyyata inteqrasiya olmadan, korrupsiyaya və məmurlara qarşı mübarizə effktiv ola bilməz. Korrupsiya olmadan mövcud modelə davam edərək büdcədən daha yaxşı qidalanmaq illüziyalarından xilas olmaq vaxtı yetişib, çünki bir daha təkrar edirik: valyuta gəlirlərimiz havaya sovurulub və əhalinin artmaqda olan tələblərini ödəmək üçün resurslar isə tükənməkdədir”.

Orxan Məmmədli

AzToday.az

Bənzər Yazılar