Hadisə

“OBA”da məhsul üzərində göstərilən qiymətdən baha satılıb – Cərimələndi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinə sahib olan “OBA Market” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib.

Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “OBA Market” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub. Belə ki, “OBA Market” qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.

Məlumat üçün bildirək ki, 2016-cı ildə dövlət qeydiyyatına alınan “OBA Market” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İbrahimova Natəvan Yusif qızıdır.

Qeyd edək ki, “OBA Market” “Araz” və SPAR marketləri ilə birlikdə “Veysəloğlu” MMC-yə bağlıdır. Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.
2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.

Məlumat üçün bildirək ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.

Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb.

Onu da qeyd edək ki, bu ilin fevral ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC-ni də eyni qanun pozuntusuna – məhsulu üzərində göstərilən qiymətdən baha satılmasına görə cərimələyib.

Bənzər yazılar

Back to top button