Hadisə

Sosial layihə adı altında aztəminatlı tələbələrə qarşı dələduzluq edilir? – QALMAQAL

Gəncə Dövlət Universitetinin III kurs tələbələri Əliyeva Ülkər və Əliyeva Bəsti təhsil xərclərinin bir qisminin ödənilməsi üçün “Azərbaycan Diplomatiya Mərkəzi”nin təşkil etdiyi “Gücümüz həmrəyliyimizdir” layihəsinə qoşulduqlarını, lakin layihə təşkilatçısının imzalanan protokolda qeyd olunan məbləği müxtəlif bəhanələrlə ödəmədiyini iddia edirlər.

Ə. Ülkər Yeniavaz.com-a bildirib ki, “Azərbaycan Diplomatiya Mərkəzi” “Gücümüz həmrəyliyimizdir” layihəsinə başlayan zaman təhsilhaqqının 50 faizini ödəyəcəklərini elan etsələr də, daha sonra bu məbləği 3 dəfəyədək azaldıblar:

“Biz, sözügedən layihədə qeydiyyatdan keçəndən sonra bizə bildirdilər ki, sizin qeydiyyatınız nəzərə alınıb. Dedilər ki, sizin ikinci yarımillik üçün təhsilhaqqınız, yəni 900 manat ödəniləcək. Lakin biz protokol imzalayan zaman, göstərilirdi ki, sadəcə 300 manat ödəniləcək. Biz daha sonra maraqlandıq və mərkəzdən bildirdilər ki, bu, bizim universitetə ödədiyimiz məbləğdən dövlətin tutduğu miqdarın yarısıdır. Mən bu il aprel ayının 14-ünədək illik təhsilhaqqını ödəməli idim. Bu haqda mənə universitetdən xəbərdarlıq edilmişdi. “Azərbaycan Diplomatiya Mərkəzi”ndən bizə bildirdilər ki, ödəniş aprel ayının 24-də ediləcək. Universitetdən mənə bildirdilər ki, mərkəzdən protokol alın, onları aprelin 24-ə qədər gözləyək. Lakin “Azərbaycan Diplomatiya Mərkəzi” hələ də, sözügedən 300 manatı ödəməyib. Biz də imtahanlarda iştirak edə bilmək üçün, ötən gün sözügedən məbləği özümüz ödədik. İndi də mərkəzdən bildirirlər ki, iyun ayında biz 300 manatı ödəyəcəyik, siz gedib, universitetdən alarsınız”.

Ü. Əliyeva bildirib ki, layihədə iştirak etmək üçün iki dəfə protokol imzalayıb və hər dəfə 39 manat rüsum ödəyib.

Qeyd edək ki, 2020-ci il sentyabrın 19-da mətbuatın iştirakı ilə layihənin təntənəli açılışını elan edən “Azərbaycan Diplomatiya Mərkəzi”nin rəhbəri Fərid Muradoğludur (Məmmədov). Onun rəhbəri olduğu “Fərid Muradoğlu” MMC layiədə iştirak edən tələbələrin ödəniş xərclərini də üzərinə götürür.

Mətbuata verilən açıqlamda layihəninin özünü maliyyələşdirdiyi bildirilir. Layihəni “Caspian Plaza”da yerləşən dəbdəbəli ofisdən, geniş komanda ilə idarə edən Fərid Muradoğlunun bir çox tələbə ilə eyni problemi yaşadığı “Azərbaycan Diplomatiya Mərkəzi”nin rəsmi “instagram” səhifəsinə yazılan şərhlərdən görmək mümkündür:

İddialarla bağlı “Azərbaycan Diplomatiya Mərkəzi” ilə əlaqə saxladıq. Fərid Muradoğlunun məsələ ilə bağlı iddialara cavab vermək üçün Yeniavaz.com-la əlaqə saxlayacağını bildirdilər.

Mərkəzin sosial şəbəkə hesablarında layihə çərçivəsində tanınmış təhsil eksperti Kamran Əsədovla Fərid Muradoğlu arasında memorandum imzalanması da əks olunub.

Kamran Əsədov saytımıza açıqlamasında bildirdi ki, artıq əməkdaşlığı sonlandırıb:

“Məni ekspert kimi “ARB”nin verilişinə dəvət etmişdilər. Layihəni danışdılar, cəlbedici gəldi. Sənədləşmə prosesi işində mənə əməkdaşlıq təklif etdilər və fikirləşdim ki, Azərbaycan tələbəsi üçün yaxşı layihədir və Azərbaycan təhsili üçün istənilən layihədə mən də varam. Təki insanlarımız üçün təhsil əlçatan, keyfiyyətli olsun. Bununla bağlı hətta müqavilə də imzaladıq, amma 2 gün sonra həmin müqavilə biz tərəfdən ləğv olundu. Səbəb o idi ki, adı sosial layihə olsa da, gördüm, burada kommersiya maraqları var. Çünki efirdə, verilən pressrelizlərdə mənə tamam başqa şey deyirdilər. Hətta biz, ilk mərhələdə qısa müddət ərzində müraciət edənlərin sənədlərini araşdırdıq. Lakin təhsilhaqlarını ödəməyi gecikdirdilər. Gördüm ki, düz-əməlli adam deyillər. Bizim, kriteriyalara uyğunluğunu yoxlayıb təsdiqlədiyimiz tələbələrin ödənişlərini etmədilər. Və biz əməkdaşlığımızı sonlandırdıq. Bunu özləri də rəsmi şəkildə elan etdilər. Başa düşdüm ki, bunlar, mənim adımdan reklam xarakterli istifadə etmək niyyətindədirlər. “Caspian Plaza”da 10-cu mərtəbədə, çox böyük bir ofisdə fəaliyyət göstərirlər. Aşağısı aylıq 5-6 min manat arenda ödəyirlər. Kifayət qədər də gənc heyət var. Ay qardaş, bunlar veriliş aldılar. Əvvəlcə fikirləşdim ki, hər hasnı bir sponsor var, sonra gördüm ki, layihə kommersiya məqsədlidir. Mən bildirdim ki, kommersiya işində yoxam”.

Daha sonra F. Muradoğlu redaksiyamızla əlaqə saxlayıb və ödənişlərin protokolda göstərilən tarixdə ödənilməməsini tələbələrin çoxluğu ilə əlaqələndirib:

“Hal-hazırda bizdə bakalavr və magistr dərəcələrində 200 tələbə var ki, onların ödənişi icra olunmalıdır. Ümumilikdə isə layihə çərçivəsində 170 kollec tələbəsinə, 350 bakalavr, magistr pilləsində olan tələbəyə məqbul verilib. Hər bir universitet istəyir ki, tələbəsinin ödənişi tez icra olunsun. Özü özünün maliyyələşdirən layihədir və heç bir yerdən gəlirimiz yoxdur. Ödənişlər mərhələli şəkildə həyata keçirilir”.

Təhsilhaqlarının protokolda qeyd olunan miqdarının vaxtında ödənilməməsinə görə yaranacaq problemlərlə bağlı hüquqi məsuliyyəti kimin daşıması ilə bağlı sualımıza isə cavab ala bilmədik.

F. Muradoğlu bildirib ki, Kamran Əsədovla müqavilələrinin sonlandırılmasına səbəb, K. Əsədovun qeyd etdiyi məsələ olmayıb. O hal-hazırda “Azərbaycan Diplomatiya Mərkəzinin” fəaliyyət göstərdiyi “Caspian Plaza”da yerləşən ofisin və əməkdaşların xərclərinin də özfəaliyyətdən əldə olunan gəlirlər ilə ödənildiyini bildirib. O, bu xərclərin məbləği barədə məlumat verə bilməyəcəyini qeyd edib.

Bənzər yazılar

Back to top button