Bakıda parkinq biznesinə hansı məmur nəzarət edir? – “Çinar Avtoparkinq” MMC-nin gizli ortaqlarından biri də Vidadi Əliyevdir?..

by Aztoday Xəbər Portalı

Uzun müddətdir ki, paytaxt Bakıda qanunsuz parkinq xidməti ilə bağlı problemlər yerində qalmaqda davam edir. Paytaxtda parkinq işinə məsul olan dövlət qurumu Bakı Nəqliyyat Agentliyi (BNA) dəfələrlə bəyan edib ki, Bakıda qanunsuz parkinq xidmətlərii göstərilir, milyonlarla gəlir əldə edilir və aidiyyatı dövlət qurumları buna qarşı heç bir tədbir görmürlər.

Bir neçə həftə öncə yenədə BNA rəhbəri Vüsal Kərimli bildirdi ki, paytaxtda parklama xidmətinin tarifləri Nazirlər Kabineti tərəfindən təsdiq edilmir. Bu xidmətin göstərilməsi və qazanc əldə edilməsi qanunsuzdur. BNA rəhbəri vurğulayıb ki, “parkovşik” adlanan şəxslərin onlara yaxından-uzaqdan aidiyyatı yoxdur.

Bildirək ki, 4 il əvvələ qədər Bakıda parklama xidməti ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olub. Xidmətin təşkili üçün şəhərin müxtəlif yerlərində müasir ödəniş aparatları da quraşdırılmışdı. Amma BNA yaradıldıqdan sonra bu xidmətin göstərilməsi Agentliyə həvalə edildi. Agentlik isə tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət edib.

Amma 4 il keçməsinə baxmayaraq, heç bir addım atılmayıb. Bakı şəhər icra hakimiyyətinin küçələrdə quraşdırdığı müasir ödəniş aparatları isə yoxa çıxıb. Bu aparatları kimin sökməsi isə məlum deyil.

Məlum olan odur ki, bu aparatı sökənlər dövlətə iki tərəfli ziyan vurublar. Həm dövlətin xərc çəkib xaricdən aldığı minlərlə ödəniş aparatlarını məhv ediblər, həm də hər gün Bakı küçələrindən əldə olunan on minlərlə, bəlkə də yüz mindən artıq gəlirin vergidən yayınmasına imkan yaradıblar.

Qeyd edək ki, Bakı şəhərində hazırda ancaq yeraltı parkinqlərdə ödəniş aparatlarla aparılır. Ümumilikdə isə Bakıda parkinq ödənişlərinə görə insanla qəbz təqdim olunmur. Bu isə onu göstərir ki, Bakıda fəaliyyət göstərən parkinqlər qanunsuz fəaliyyət göstərir və əldə olunan gəlirlər hansısa monopolist məmurun cibinə axır. Maraqlıdır ki, küçədə bir piştaxtaya belə vergidən yayınmaq üçün göz açmağa imkan verməyən vergi orqanları uzun illərdir ki, bu duruma müdaxilə etmir və hər gün toplanan çox böyük vəsaitin kimlərin cibinə axmasını araşdırmır.

Qeyd edək ki, Bakıda parkinq xidməti göstərən bəzi insanlar “Çinar Avtoparkinq” MMC-nin vəsiqəsini daşıyaırlar. Bu günlərdə mətbuatın qısa bir araşdırmasından sonra məlum oldu ki, “Çinar Avtoparkinq” MMC (VÖEN 1306356451) sabiq polis rəisi Nizami Qocayevə məxsusudur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 5 göstərilən və 17.10. 2019-cu ildə dövlət qeydiyyatına alınan “Çinar Avtoparkinq” MMC-nin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Nizami Qocayev “Çinar Avtoparkinq” MMC-nin rəhbəri olduğunu təsdiqləyərək bildirmişdi ki, tamamilə qanun çərçivəsində fəaliyyət göstərirlər: “Bizim MMC-nin Bakıda 151 parklama yeri var. Yerli bələdiyyələrlə müqavilə bağlamışıq, hər ay onlara yerlərdən asılı olaraq, 4000, 3850, 2000 manat və s. vəsait ödəyirik. Dövlətin vergisini, DSMF ödənişlərini vaxtlı-vaxtında veririk”.

Birdən-birə ortaya çıxaraq paytaxtın yerli bələdiyyələri ilə müqavilə bağlayan və parklanma xidmətindən hər ay külli miqdarda vəsait yığan “Çinar Avtoparkinq” MMC ilə bağlı saytımıza ilginc məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, parkinq xidməti ilə məşğul olan “Çinar Avtoparkinq” MMC-nin daha bir gizli rəhbəri var. Bu şəxs isə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəis müavini Vidadi Əliyevdir.

Yəqin ki, Vidadi Əliyev ad soyadı hər kəsə yaxşı tanışdır. Bu o, Vidadi Əliyevdir ki, paytaxt meriyasının məşhur oliqarx məmurlarından biri kimi tanınır. Ölkə mətbuatında indiyə kimi Vidadi Əliyevin onlarla obyekti barədə təkzib edilməyən məlumatlara rast gəlmək olar. Hətta onun Kürdəxanı qəsəbəsində böyük pomidor istixanasının olduğu da deyilir.

Saytımıza verilən bilgiyə görə paytaxdakı qanunsuz parkinq xidmətini “qanuniləşdirmək” ideyasının müəllifi də məhz oliqarx məmur Vidadi Əliyevdir. Əldə etdiyimiz məlumatda qeyd olunur ki, adı həmişə mətbuatın diqqətini çəkdiyi üçün Vidadi Əliyev “Çinar Avtoparkinq” MMC-ni Nizami Qocayevin adına qeydiyyatdan keçirdərək özünü kölgədə saxlayıb. Məlumata görə hazırda “Çinar Avtoparkinq” MMC-nin parkinq xidmətinin maliyyə işlərinə nəzarət edən şəxslərdən biri də Vidadi Əliyevin oğlu Coşqun Əliyevdir.

Qeyd edək ki, Coşqun Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin müdiri vəzifəsində çalışdığı bildirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… (Milliyol.az)

Bənzər Yazılar