“ATEF” şirkəti vətəndaşın adına 105 min manatlıq saxta əməliyyat aparıb – İTTİHAM

by Aztoday Xəbər Portalı

“ATEF” Şirkətlər Qrupunun icraçı direktoru məsələdən xəbərsiz olduğunu deyir

“Ötən ilin aprelində telefonuma 105 min 354 manat 10 qəpik məbləğində alış-satış etməyimlə bağlı mesaj gəldi. Mesajda deyilirdi ki, siz kiçik sahibkarsınız. Vergi ödəyicilərinin uçotu idarəsinə yaxınlaşın və faiz ödəyin. Həmin dəqiqə Vergilər Nazirliyinin “195” Çağrı Mərkəzinə zəng etdim ki, bu əməliyyatdan xəbərim yoxdur. Sonradan məlum oldu ki, əvvəl işlədiyim şirkət şəxsiyyət vəsiqəm və imzamla saxta əməliyyat aparıb”.

Bunu Meydan TV-yə “ATEF” Şirkətlər Qrupunda mühafizəçi işləmiş Ənvər Sultanzadə deyir.

O bildirir ki, 2019-cu ildən 2020-ci ilədək şirkətdə çalışıb: “Ötən il oktyabrın 27-də pandemiya bəhanəsilə işdən çıxarıldım. Həmin ərəfədə bir neçə işçi də çıxarıldı. İşçilərin kütləvi çıxarılması isə mühafizə şöbəsinə yeni təyinatın olması ilə əlaqədar idi. Məqsəd – köhnə komandanı təmizləmək, yerinə yenilərini gətirmək olub. Xidmət rəisi gəldi və bununla da bizim qara günlərimiz başladı. Amma bizə ərizə yazdırdılar ki, guya işdən özümüz çıxmışıq”.

Keçmiş mühafizəçi şirkətdə işlədiyi müddətdə bir çox qanun pozuntusu ilə üzləşdiyini bildirib: “Şirkətin mühafizə xidməti lisenziyasız fəaliyyət göstərir. Onlar işçilərin maaşını kəsir, vergidən yayınır. Əmək müqaviləmizdə 160 saat aylıq iş kvotamız göstərilirdi. Amma buna əməl olunmurdu. İstirahət və bayram günləri də işləyirdik. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Qeyri-Dövlət (Özəl) Mühafizə xidməti haqqında Azərbaycan Respublikasının Qanunu”nu heçə sayırlar”.

“Mən işdən uzaqlaşdırılandan sonra öyrənmişəm ki, şirkət adıma saxta alqı-satqı həyata keçirib”, – şikayətçi belə deyir.

Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsindən cavab məktubu

Onun sözlərinə görə, şirkət özü də bu qanunsuzluğu etiraf edib: “Nə qazanıram ki, 105 min manatlıq da gəlirim olsun. Əsgərlikdən gələndən sonra dörd il işləmişəm. Bu müddət ərzində qazandığım pulları ümumi toplasaq, heç on min manat pul etmir. Məsələni araşdırandan sonra aydın oldu ki, şirkət məndən xəbərsiz şəxsiyyət vəsiqəmlə və imzamla adıma pul götürüb. Şirkətə getdim, mənə dedilər ki, narahat olmayın, bəs heç bir problem yoxdur, biz həmin məbləğin vergisini ödəmişik. İndi də bir məktub yazırıq, zəhmət olmasa bura qol çəkin, göndərək. Baxdım, sənəddə yazılıb ki, pulun vergisi ödənilib. Mən də qol çəkdim. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinə göndərildi. İstəyim odur ki, şirkət mənim adımdan etdiyi saxtakarlığa görə cavab versin. Şirkətdə bunu bir-birinin üstünə atırlar. Mənimlə yanaşı, 131 nəfərin adına belə əməliyyat ediblər. Elə adamların adına pul götürüblər ki, xaraktercə sakit, səs çıxarmayan adamlardır. Məqsədləri vergidən yayınmaq olub. Məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət etmişik. Yaxın günlərdə məsələni hüquqi müstəvidə də həll etməyi düşünürük”.

“ATEF” Şirkətlər Qrupunun insan resursları departamentinin direktoru Təranə Mahmudova Meydan TV-nin suallarını cavablandırmayıb.

O bunu ölkədən kənarda olması ilə əlaqələndirib.

“ATEF” Şirkətlər Qrupunun icraçı direktoru Mehman Poladov məsələdən xəbərsiz olduğunu deyib.

Ənvər Sultanzadə isə deyib ki, bununla bağlı bir neçə dəfə Mehman Poladovla görüşərək danışıqlar aparıb.

Meydan TV əməkdaşı təkrar Mehman Poladova zəng edərək, münasibət öyrənmək istədikdə, icraçı direktor dəstəyi asıb.

Bənzər Yazılar