Hadisə

Cinayət törədən hakim bu vəzifəli şəxslərin razılığı ilə həbs edilə bilər

Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun ötən gün evində arvadını öldürməsindən sonra toxunulmazlığı olan hakimlərin cinayət məsuliyyətinə necə cəlb edilmələri proseduru maraq doğurub.

“Qafqazinfo” xəbər verir ki, hakimlərin fəaliyyəti və cinayət məsuliyyətinə cəlb edilməsi “Məhkəmələr və hakimlər haqqında” qanunla tənzimlənir.

Bu qanunun 101-ci maddəsinə görə, cinayət başında yaxalanması halları istisna olunmaqla, hakim tutula və ya həbs edilə, şəxsi axtarış və müayinəyə məruz qala, Məhkəmə-Hüquq Şurasının razılığı olmadan barəsində cinayət təqibi həyata keçirilə bilməz.

Hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Baş prokurora məlumat verir.

Baş prokuror hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə-Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə-Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Baş prokurorun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir.

Bu qərar dərhal Baş prokurora təqdim edilir. Məhkəmə-Hüquq Şurasının razılığı olduqda cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi Azərbaycan cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim dərhal azad edilir.

Haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilmiş hakim həmin andan səlahiyyətlərinin icrasına buraxılmır. Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakimə əmək haqqı ödənilməsi davam etdirilir.

Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakim barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hallarda cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə o, yenidən səlahiyyətlərinin icrasına buraxılır.

Hakimin vəzifəsindən kənarlaşdırılması Konstitusiyanın 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Həmin maddənin 4-cü bəndinə görə, hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Prezident Ali Məhkəmənin rəyi əsasında Milli Məclis qarşısında irəli sürə bilər. Müvafiq rəyi Ali Məhkəmə Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir. Vəzifəsindən kənarlaşdırılmış hakimin səlahiyyətləri xitam edilmiş hesab olunur.

Xatırladaq ki, Fəqan Əhmədov mayın 30-da gecə saat 12 radələrində Sabunçu rayonu Ləhiç massivində yerləşən bağ evində həyat yoldaşı Əhmədova Pərvanə Süleyman qızını güllələyərək qətlə yetirib. F.Əhmədov arvadını qəsdən öldürdüyü üçün Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham olunur.

İddiya görə, F.Əhmədov yeni bağ evi tikdirib və qətlin baş verdiyi həmin evə yeni köçüblərmiş. Dünən axşam saatlarında da evində məclis keçirən Fəqan Əhmədov spirtli içki qəbul edib. Hadisə baş verərkən hakimin içkili olduğu bildirilir.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. Cütlüyün 3 övladı var.

Bənzər yazılar

Back to top button