Cəmiyyət

“Maskasız gəzmək fikrim yoxdur, yenə yoluxmaq istəmirəm”- sakinlərin COVİD qorxusu

Həkimlər də hesab edir ki, arxayınlaşmaq olmaz, COVİD-19 üzərində tam qələbə çalmaq üçün uzun bir müddət lazımdır

Ötən gündən Azərbaycanda açıq havada maska taxmaq tələbi ləğv edilib. Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir. Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə maska tələbi aradan qaldırılıb.

Qeyd edilməlidir ki, həkimlər də açıq havada maska taxmağın əleyhinə olduqlarını dəfələrlə qeyd ediblər. Bununla belə, ötən gün paytaxtda əksər sakinləri maska ilə görmək mümkün idi. Bizimlə söhbətdə Səkinə Əliyeva qeyd edib ki, maskasız gəzməyə risk etmir: “Həm öyrəşmişəm, həm də haradan bilim ki, ətrafda kimdəsə virus yoxdur. Mən bir dəfə bu virusa yoluxdum, çox ağır keçirdim. İkinci dəfə yoluxmaq istəmirəm”.

Digər paytaxt sakini İlqar Nəbiyev də açıq havada maskasız gəzmək barədə düşünmədiyini qeyd edib: “Qərardan xəbərim var, amma maskasız gəzmək istəmirəm. Hesab edirəm ki, elə əsas indi özümüzü qorumalıyıq. Yumşalmalar olduqca daha çox təhlükə ola bilər”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev yumşalmaların yoluxma sayına təsir edib-etməyəcəyi məsələsinə münasibət bildirib: “COVİD-19 pandemiyasının davam etdiyi bir ildən artıq müddətdə müxtəlif dünya ölkələrində karantin rejiminin yumşalmalarının insanlarda “təhlükəsiz şərait” təəssüratını yaratdığının və belə bir vəziyyətdə insanlarda yaranan arxayınlığın COVİD-19-un yayılmasının qarşısını almaqda həlledici rolu olan profilaktika tədbirlərinə (sosial məsafə, maskadan düzgün istifadə, qapalı otaqların havasının dəyişdirilməsi, əl gigiyenası, respirator etiket qaydaları, kütləvi tədbirlərdə olmaqdan çəkinmə) əməl edilməməsinə səbəb olmaqla xəstəlik hadisələrinin yenidən artmasına şərait yaratmasının şahidi olmuşuq. Lakin inanırıq ki, artıq uzunmüddətli karantin rejimi dövründə vətəndaşlarımızın adət etdiyi fərdi qorunma vərdişləri belə bir arzuolunmaz nəticələrdən kənar olmağa imkan verəcək.

Sonuna yaxınlaşdığımız may ayı ərzində COVİD-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunub və yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alınıb. Bu da onu deməyə əsas verir ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkəmizin COVİD-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar”.

V.Abdullayev onu da əlavə edib ki, yumşalmalar dövründə insanlar daha da ehtiyatlı olmalıdır: “Özünü və digərlərini hələ ki ətraf mühitdə dövr edən təhlükəli virusa yoluxma risklərindən qorumaq üçün bütün mümkün tədbirləri, xüsusən yuxarıda qeyd etdiyimiz profilaktik qorunma tədbirlərini görməlidirlər. Unutmaq lazım deyil ki, COVİD-19 üzərində tam qələbə çalmaq üçün uzun bir müddət lazımdır və COVİD-19 pandemiyası dünya əhalisi üçün ciddi bir təhlükə yaratmaqda davam edir. Yalnız bir statistik məlumata diqqət yetirmək kifayət edər ki, dünya üzrə 2021-ci ilin beş ayında 2020-ci ilə nisbətən koronavirus infeksiyası və bu xəstəlikdən ölüm hadisələri daha çox olub.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVİD-19 pandemiyası ilə mübarizədə vaksinasiyanın roluna xüsusi önəm verilir. Ölkəmizdə qəbul olunmuş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq bu ilin yanvar ayının 18-dən peyvənd kampaniyasına başlanıb. Hazırda ölkəmizdə ümumilikdə iki milyondan artıq doza peyvənd istifadə edilib, 880 min nəfərdən çox insan 2-ci, yəni tam peyvəndi alıb”.

Bu arada koronavirusun “Hindistan ştammı” dünyada COVİD-19 pandemiyası ilə bağlı vəziyyəti pisləşdirə bilər. Sinqapur Milli Universitetinin ictimai səhiyyə fakültəsinin dekanı Teo Ik In “The Straits Times” qəzetinə verdiyi müsahibəsində bildirib ki, koronavirusun bu ştammı o qədər sürətlə yayılır ki, yoluxanları izləmək və təcrid etmək olmur.

“Bu ştamm bəşəriyyətin bu günə qədər görmədiyi daha böyük pandemiyanı başlada bilər”, – deyə alim bildirib.

Bizimlə söhbətdə infeksionist Vüqar Cavadzadə də qeyd edib ki, məhdudiyyətlər götürülsə də, ehtiyatlı olmalıyıq: “Havalar getdikcə lap çox isinəcək, virusun artıb-çoxalmasına şərait yaratmamalıyıq ki, yayda yenidən qapanmalar olmasın. Üç ay yayı rahat istirahət etməliyik, immunitet formalaşdırmalıyıq, yoxsa növbəti mövsümdə yenidən yoluxmalar arta bilər. Yəni həmişə hansı tədbirlər aparılıbsa, bundan sonra da o tədbirlər davam etdirilməlidir. Sosial məsafə saxlanmalıdır. Maskanın açıq havada istifadə qadağası aradan qaldırıldı, öz yerində. Amma qapalı məkanda maska taxılmalıdır. Əllər dezinfeksiya olunmalıdır. İnsanların kütləvi toplaşdığı yerlərə, lap açıq yer olsa belə nisbətən az gedilməlidir”.

“Yeni Müsavat”

Bənzər yazılar

Back to top button