CəmiyyətGündəmManşet

20 ildə Azərbaycanda uşaqların sayı 300 min nəfər azalıb – Qubad İbadoğlu səbəbləri açıqladı

Iqtisadçı alim Qubad İbadoğlu Azərbaycanda uşaq sayının son 20 ildə 300 min nəfərədək azaldığını bildirib.

AzToday.az xəbər verir ki, iqtisadçının 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı şərhində maraqlı məqamlar yer alıb:

“Azərbaycanda ölkə əhalisinin 26,5 faizini 0-17 yaşlı uşaqlar təşkil edir. Son 20 ildə bu yaş qrupu üzrə uşaqların sayı 300 min nəfərədək, cəmi əhalidə xüsusi çəkisi isə 2,5 faiz bəndindən çox azalıb. Uşaqların sayının azalması xüsusi ilə də şəhərlərdə daha xarakterik hal alıb.

Bunun bir səbəbi də uşaqlara dövlət qayğısının yetərincə olmaması ilə bağlıdır. Baxmayaraq yoxsulluq daha çox çoxuşaqlı ailələrə xasdır, amma belə ailələr üçün əvvəllər mövcud olmuş güzəştlərin bir çoxu aradan qaldırılıb.
Azərbaycan yerləşdiyi coğrafiyada uşaqlara sosial müavinət ödəməyən azsaylı ölkələrdəndir.

Ölkədə uşaqların təhsil və səhiyyə təminatında problemlər mövcuddur. Xüsusilə kənd rayonlarında uşaqlar təhsilin yuxarı siniflərində məktəbdən ayrılır və ailələrinə maddi kömək olmaq üçün aqrar təsərrüfatlarda çalışırlar. Uşaqlar arasında qan, həzm, sinir sisteminin xəstəliklərinin dinamikası davamlı olaraq artır.

Xüsusilə də şəhərlərdə şəxsi mənzillərdə yaşayan əksər ailələrdə uşaqların ayrıca otaqları yoxdur.

Uşaqların dincəlməsi üçün əvvəllər mövcud olmuş istirahət düşərgələrinin özəlləşdirilərək, profilinin dəyişdirilməsi səbəbindən onların yay və qış tətillərində asudə vaxtının səmərəli təşkilində problemlər mövcuddur.
Bütün bunlarla yanaşı uşaqların ailədə və məktəbdə də hüquqları pozulur. Onların fərdi inkişafı üçün lazım olan azadlıqlar valideynlər və müəllimlər tərəfindən tanınmır.

Bir sözlə, uşaqların bir çoxu azərbaycanlı olmasına görə özlərini xoşbəxt hesab etmirlər. Çünki, nə dövlət, nə cəmiyyət, nə məktəb, nə də ailə onların hüquqlarının qorunması üçün lazım olanların əksəriyyətini etmir. Gəlin, bugünün özəlliyini nəzərə alaraq uşaqları sevindirək, onlara təbəssüm və xoşbəxtlik bəxş edək. Uşaqlar güləndə dünya gülər!”

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button