DünyaManşet

Ərdoğanın yanında Atatürkü təhqir etdilər – Türkiyə Cümhuriyyətinə şəriətçi təhlükəsi

Şəriətçilərin Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Müstafa Kemal Atatürkə hücumları güclənib və bütün sərhədləri keçib. Düzce Akçakoca müftisi mayın 21-də cümə xütbəsi zamanı Fələstində baş verən olaylardan bəhs edərkən məsələyə heç bir aidiyyatı olmadığı halda sözlərini Selanik əsilli insanlara yönəldərək onların müsəlman olmadığın iddia edib. Müftü belə deyib: “Selanik qaçqınlarının yüzdə doğsanı Sabetaysistdir. Sabetayist nə deməkdir? Müslümanlığa girmiş kimi görünən yəhudilər. Əslində isə müslüman deyillər”.

Müftinin ad çəkməsə də bununla Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Müstafa Kemal Atatürkə işarət etdiyi məlumdur. Məlum olduğu kimi Atatürk Selanikdə doğulub. Türkiyə cəmiyyətinin maarifçi təbəqəsinin bütün etirazlarına baxmayaraq müfti hələ də cəzalandırılmayıb.

Düzce Akçakoca müftisindən sonra Üsküdar Yıldırım Beyazıt məscidinin imamı Mustafa Demirkan da Atatürkün ünvanına təhqir səsləndirib. Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi tədbirdə Mustafa Demirkan Ayasofyanın müzeyə çevirənləri zalim ve kafir adlandıraraq lənətləyib. Prezident Rəcəb Tayyib Ərdoğanın həmkəndlisi və gənclik dostu olan Mustafa Demirkan Yükseköğretim Kurulunun (Ali Təhsil İdarəsi) başqanı Yekta Saracın da qaynatasıdır.

Şəriətçilərin Atatürkə hücumları isə təsadüfi deyil. Türkiyədə ictimai rəy sürətlə dəyişir və prezident Rəcəb Tayyib Ərdoğan mövqelərini itirir. Bu isə şəriətçiləri təlaşa salıb. Şəriətçilər iqtidar dəyişikliyi baş verəcəyi halda son illər sahibləndikləri mövqeləri itirəcəklərindən qorxurlar. Buna görə də Türkiyə cəmiyyətin həsas olduğu məsələlər üzərindən Cümhuriyyətə və cümhuriyyətcilərə hücum edirlər. Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində həddindən artıq güclü qüvvəyə çevrilən şəriətçilərin Türkiyə üçün böyük təhlükəyə çevrildiyi çox aydın görünür. Türkiyəni hörümçək toru kimi sarmış təriqqətlərdə çəmləşən şəriətçilərin təlaş içərisində istənilən təhlükəli addımı atacağı ehtimalı çox böyükdür. Türkiyə aydınları isə şəriətçilərin cümhuriyyəti ləğv edib, şəriət qaydaların bərpa edəcəyi ilə bağlı həyəcan təbili çalırlar. Aydın görünür ki, Qazi Müstafa Kemal Atatürkün mədəniyyət üzərində qurduğu cümhuriyyət bütün tarixi boyu ən böyük şəriət təhlükəsi ilə üzləşib.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button